Riçard Armitacın fikrincə, Vaşinqton səhvlərdən dərs alıb
Türkiyə-Amerika Şurasının sədri Riçard Armitac ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə nikbin baxdığını bəyan edib. Onun fikrincə, münasibətlərdə həll olmamış müəyyən məsələlər olsa da, iki ölkə arasında əlaqələr yaxşı səviyyədədir. Riçard Armitacın fikrincə, Klintonun səfəri ABŞ-ın münasibətlərdə yaranmış soyuqluğa son qoymaq istədiyinə işarədir: “Həqiqətən də artıq uzun zamandır ABŞ dövlət katibini Bakıya göndərmirdik. Dövlət katibinin müavini kimi oraya səfər etmişdim, İlham Əliyevlə görüşmüşdüm, onun atasını yaxşı tanıyırdım. Münasibətlərdə bir soyuqluq var idi, fikrimcə, bu soyuqluğa son qoyulub və ümid edirəm ki, İlham Əliyev gələcəkdə Obama ilə görüşəcək və hər şey öz yoluna qoyulacaq. Müdafiə və təhlükəsizlik sahələrində münasibətlər artıq illərdir sabit qalır, lakin siyasi əlaqələrimizin də əvvəlki səviyyədə olmasına ehtiyac var. Vaşinqton Azərbaycanla münasibətlərə önəm verdiyini nümayiş etdirərək, müdafiə naziri Robert Qeytsi Bakıya göndərmişdi. Geytsin Azərbaycana prezident Obamanın adından apardığı məktubda ABŞ prezidenti ikitərəfli münasibətlərdə ciddi məsələlərin mövcud olduğunu bildirib. Azərbaycanı uzun müddətdir müşahidə edən bir insan kimi demək istərdim ki, Azərbaycan xalqı müstəqillik əldə edəndən sonra uzun bir yol keçib. Yenə də deyirəm ki, bizim müdafiə sahəsində münasibətlərimiz davamlı inkişaf edib. Lakin bu bir qədər balansdan kənara çıxıb. Çünki biz eyni zamanda, təhlükəsizlik, siyasi, təhsil və mədəni sahələrdə də əlaqələrimizin eyni səviyyədə yaxşı olmasını istəyirik”. Armitac Türkiyə-Ermənistan yaxınlaşmasına da münasibət açıqlayıb. Onun sözlərinə görə, rəsmi Bakı Vaşinqtonun Türkiyə və Ermənistan arasında sərhədlərin açılması istiqamətində səylərini bu bir ilə yaxın vaxt ərzində diqqətlə izləyirdi: «Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır. Lakin Azərbaycan sərhədlərin açılması və Dağlıq Qarabağ probleminin həlli məsələlərinin bir-biri ilə bağlı olduğunu hesab edir və Vaşinqtonun bunları bir-birindən ayırmasına ABŞ-ın Azərbaycanın maraqlarına əhəmiyyət vermədiyi kimi baxır». Armitac deyir ki, xanım Klintonun səfəri müəyyən mənada bu qorxuların azalmasına xidmət edib: “Dövlət katibi Klinton bizim Fransa və Rusiya ilə Helsinki prinsipləri və Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərinin nədən ibarət olduğu işi üzərində fəaliyyətlərimizi aydın ifadə etdi. Biz ümid edirdik ki, Türkiyə və Ermənistan arasında protokolların imzalanması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək. Lakin qısa müddət üçün bunun əks təsiri oldu və Azərbaycanın reaksiyasına səbəb oldu. Fikrimcə, bu bizim hamımızın səhvi idi. Məncə, ABŞ bu məsələdə kifayət qədər geniş məsləhətləşmələr aparmamışdı. Türkiyə də bizim Azərbaycandakı dostlarımızı müəyyən dərəcədə təəccübləndirdi. Hesab edirəm ki, hamımız bundan dərs aldıq».
Artıq bir ildir ABŞ-ın Azərbaycana səfiri vəzifəsi boş qalır. Prezident Obama Metyu Brayzanı bu vəzifəyə irəli sürüb. «Brayzanın təyinatının təsdiq edilməsi ABŞ-Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə gətirə biləcəkmi» sualına cavabında Riçard Armitac Brayzanın Qafqaz regionunu yaxşı bilməsinə diqqəti çəkib: “O, regionu yaxşı bilir, azından onun nəyisə öyrənməsinə ehtiyac olmayacaq, o, gedən kimi işləməyə başlayacaq. Bilirsiniz ki, bu nominasiya ilə bağlı müəyyən siyasi çətinliklər qarşıya çıxdı. Onun əvvəlki xidmətlərinə nəzər salaraq, Ermənistanda onun ədalətli və açıq olacağı ilə bağlı suallar qaldırıldı, bəziləri isə onun Gürcüstan prezidenti Mixail Saakaşvili ilə yaxın münasibətlərini sual edirlər. Lakin əvvəl-axır prezidenti kimi istəyirsə, o da olmalıdır. Hesab edirəm ki, o, təsdiq edilsə, bunun ABŞ-a da, Bakıya da faydası olacaq”. Riçard Armitac Amerika-Türkiyə münasibətlərini şərh edərkən Vaşinqtonun bəzi mühüm məqamları nəzərdən qaçırdığını da bildirir. Onun sözlərinə görə, ABŞ bir tərəfdən Ermənistanla münasibətlərin normallaşmasına çalışmış, digər tərəfdənsə Konqresdə erməni soyqırımına dair qətnamənin qəbul edilməsinə imkan verib. Bu isə nəinki Türkiyə və Ermənistan arasında danışıqları durğun vəziyyətə gətirmişdir, həm də ABŞ-la münasibətlərə ciddi zərər vurub. Armitac artıq iki dəfə təxirə salınmış Amerika-Türkiyə Şurasının illik konfransının oktyabr ayında nəhayət, baş tutacağına və Türkiyənin həmişəki kimi çox yüksək səviyyədə təmsil olunacağına inandığını bildirib.
Azər NURİYEV