Həcc ziyarəti zaman yoxa çıxan, nüvə alimi olduğu bildirilən Şəhram Əmiri ətrafında suallar böyüyür
2009-cu ilin oktyabrında Səudiyyə Ərəbistanında Həcc ziyarəti zaman yoxa çıxan, əvvəlki xəbərlərdə gənc nüvə alimi olduğu bildirilən Şəhram Əmiri iyulun 15-də İrana qayıdıb. Onu Tehranın “İmam Xomeyni” aeroportunda xarici işlər nazirinin parlamentdəki nümayəndəsi Həsən Qəşqavi və ailə üzvləri qarşılayıb. Tehranda keçirilən mətbuat konfransında Şəhram Əmiri zorla ABŞ-a aparıldığını deyib: “Səudiyyə Ərəbistanı və ABŞ agentləri məni qaldığım hotelin qarşısında zorla oğurlayıb, bilinməz istiqamətə apardılar. Məni iynə ilə bihuş etdilər. Gözlərimi açanda özümü böyük bir təyyarənin içində gördüm. Mən nüvə alimi deyiləm və ABŞ-ın xeyrinə casusluq etməmişəm. Problemim olsaydı, ölkəyə qayıtmazdım. Tehran universitetlərinin birində tədris edən adi araşdırıcıyam. ABŞ-ın bütün bu hərəkətlərdə məqsədi İrana qarşı siyasi bir oyun başlatmaq idi. Bu ölkədə olduğum son günə qədər jurnalistlərə ABŞ-a könüllü sığındığımı demək, İrana qayıtmaqdan imtina etmək şərti ilə 50 milyon dollar pul verəcəklərini deyirdilər. Avropa ölkələrinin birində ailə üzvlərimlə birlikdə yaşamağa şərait yaradacaqlarını vəd edirdilər. Lakin mən öz şərəfimi pula satmadım”. Nüvə enerjisi mütəxəssisi işgəncələrə məruz qaldığını da deyib. Şəhram Əmiri Səudiyyə Ərəbistanından ABŞ-a hərbi təyyarə ilə aparıldığını bildirib: "14 ay ərzində ABŞ təhlükəsizlik orqanları mənə müxtəlif işgəncələr verib, məni ölkəmin əleyhinə danışmağa məcbur ediblər. Mən bu gün vətənimə və ailəmin yanına qayıtdığım üçün xoşbəxtəm". Qeyd edək ki, ABŞ-ın adının çəkilməsini istəməyən bir rəsmisi iyulun 14-də BBC radiosuna açıqlamasında deyib: “Şəhram Əmiri ABŞ-ın ixtiyarına çox qiymətli məlumat və informasiyalar qoyub”. ABŞ-ın Dövlət Departamenti isə bir daha Əmirinin Amerikada öz arzusuna uyğun olaraq qaldığında israr edib. ABŞ, həmçinin bəyan edib ki, Əmiridən çox qiymətli informasiyalar ala biliblər. Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən oğurlanaraq ABŞ-a aparıldığı iddia edilən nüvə alimi Şahram Əmiri İran nüvə proqramı barədə informasiyaya görə MKİ-dən 5 milyon dollar alıb. Bunu isə “Washington Post” qəzeti ABŞ administrasiyasındakı adının gizli qalmasını istəyən mənbəyə istinadən bildirib. Mənbə qeyd edib ki, Əmiri artıq ABŞ-ı tərk etdiyindən bu pulları ala bilməyəcək: "O, ona çatmalı olan pulları İrana tətbiq edilən sanksiyalar səbəbindən ala bilməyəcək. Əmiri getdi, pulları isə qaldı". Administrasiyanın digər əməkdaşı isə 5 milyon dolların Əmirinin verdiyi informasiyanın vacibliyinin qiyməti olduğunu vurğulayıb: "Ödəmələr bu şəxsin hansı işlər gördüyü, materialların nə dərəcədə təsdiq olunduğu nəzərə alınaraq ayrılır. Belə böyük məbləği elə-belə vermirlər". İran xarici işlər nazirinin müavini Həsən Qəşqavi deyib ki, alim ölkəsinə qayıdan kimi məsələni ciddi araşdıracaqlar və Əmirin qaçırılması və girov saxlanmasıyla bağlı məsələni hüquqi müstəviyə daşıyacaqlar. Qeyd edək ki, iyun ayında Əmiri üç videolentdə peyda olaraq ABŞ-a gəlməsi barədə bir-birinə zidd məlumatlar verdi. Birincisində o, Amerika və Səudiyyə Ərəbistanı agentləri tərəfindən Həccdə olarkən oğurlandığını iddia etmişdi. Sonrakı videoda Əmiri ABŞ-da öz arzusuyla qaldığını demişdi. Üçüncüsündə isə onu tutanlardan qaçdığını xəbər vermişdi. Bu arada isə ABŞ-ın dövlət katibi Hillari Klinton da qəti surətdə oğurlama haqda ittihamları rədd etmişdi: "Cənab Əmiri ABŞ-da öz iradəsi ilədir və nə vaxt istəsə ölkəni tərk edə bilər".
A.NURİYEV
|