Bu günlərdə Birləşmiş Millətlər Təşkilatı iyulun 1-dən öz təsnifatında Bakını “A” dərəcəli xidmət yeri kimi təyin edib
Hələ qədimdən Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi kimi tanınan Bakı bu gün də beynəlxalq aləmdə diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün bir müddət əvvəl Bakını Avropanın 3 mərkəz şəhərlərindən biri elan etdi. Bakının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük önəm verməsindən irəli gəlir. Bunu ardınca isə bu günlərdə Birləşmiş Millətlər Təşkilatı iyulun 1-dən öz təsnifatında Bakını “A” dərəcəli xidmət yeri kimi təyin edib. Bu dəfə ölkə paytaxtını bu statusa layiq edən addım Azərbaycanda yaşayış şəraitinin sürətlə yaxşılaşması olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, BMT sistemində xidməti yerlərin təsnifatı “A”-dan “E”-yə kimi sıralanır. Kateqoriyaların müəyyənləşməsi üçün isə BMT-nin beynəlxalq heyət üzvləri müvafiq şəhərlərə ezam olunurlar. Ümumiyyətlə, yaşayış üçün bəzi münasib şərtlərin olmaması müqabilində əlverişsiz şəraitə görə əlavə ödəmə həyata keçirilsə də, “A” kateqoriyasına daxil olan xidməti yerlər isə yaxşı yaşayış şəraitinə malik yerlər hesab olunduğundan əlavə ödəmə nəzərdə tutulmur. Bakı ilə bu kateqoriyanı bölüşən digər şəhərlər Ankara, İstanbul və Moskvadır.
İstənilən infrastruktur layihələrini gerçəkləşdirmək imkanları artır
Yalnız aldığı statuslarla qane olmayan Bakıda bu gün də inkişaf davam etməkdədir. Ölkə paytaxtında ardıcıl həyata keçirilən yeni tikinti, təmir-bərpa işləri plana uyğun olaraq da yekunlaşır. Bu günlərdə təmir-bərpa işlərinin başa çatdığı daha bir istirahət məkanı - Bakının az qala vizit kartına çevrilən Fəvvarələr meydanı paytaxt sakinlərinin və ölkəyə gələn qonaqların ixtiyarına verilib. Əvvəllər hər hansı layihənin gerçəkləşməsində xarici sərmayəsiz ötüşmək olmurdusa, hazırda Azərbaycanın ilbəil artan ehtiyatları bu gün ölkədə istənilən infrastruktur layihələrini gerçəkləşdirməyə imkan verir ki, 19-cu əsr Azərbaycan memarlıq incilərinin toplaşdığı məkanlardan biri kimi diqqəti cəlb edən Fəvvarələr meydanı da artıq əsaslı bərpa və yenidənqurma işlərindən sonra fərqli, həm də orijinal formada paytaxt sakinlərinin istifadəsindədir. Uzun inkişaf mərhələsi keçən bu istirahət məkanı bir çox dövrlərdə məruz qaldığı baxımsız günlərini artıq geridə qoyub. Bu laqeydlik meydanın zəngin bitki örtüyünün korlanmasında da özünü göstərib. Pərakəndə və zövqsüz iaşə obyektlərinin mövcudluğu isə parkın ümumi mənzərəsində bir qarışıqlığa yol açıb ki, artıq bu vəziyyət də keçmişin xatirələrinə çevrilib. Hazırda Fəvvarələr meydanında daha qabarıq və özəl forması ilə seçilən orijinallıq özünü göstərməkdədir. Yenidən qurulan fəvvarə, pavilyon və köşklər, 19-cu əsr paytaxt memarlığının Qərb meyllərinin Şərq üslubu ilə təması bağın dizaynına yeni məna gətirib. Unudulmayan digər məqam isə bağın bitki aləmi ilə bağlıdır. Belə ki, aparılan təmir və yenidənqurma işlərindən sonra da meydana yaraşıq verən özünəməxsus bitki aləmi olduğu kimi qorunmaqla yanaşı, yaşıllıq zolağının artırılmasına da önəm verilib. Diqqət çəkən məqamlardan biri də odur ki, Fəvvarələr meydanı salınandan sonrakı dövrdə bu miqyasda abadlıq və yenidənqurma işləri ilk dəfə reallaşıb. Yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bu ərazinin bədii tərtibatına xüsusi diqqət ayrılıb. Bağda ümumi struktur saxlanılıb, bununla belə yeni planlaşdırma işləri aparılıb, keçmişi qorumaqla müasirliyin yaradılmasına çalışılıb və buna nail olunduğunu da artıq söyləmək olar. Parkda “Fəvvarə” restoran-kafesi də fəaliyyətini davam etdirəcək ki, burada paytaxt sakinlərinin, qonaqların istirahətinin təşkili üçün hər cür şərait yaradılıb. Fəvvarələr meydanına xüsusi yaraşıq verən əsas amillərdən bir də meydanda yaradılan yeni fəvvarə kompleksidir ki, onların da hər biri müxtəlif dizaynda olmaqla özündə müasirliyi və zövqü əks etdirir. Təmir işləri meydanı əhatə edən yaşayış binalarından da yan keçməyib. Tarixi memarlıq tikililəri sayılan bu binalarda aparılan bərpa işləri ərazinin ümumi memarlıq ansamblı ilə eynilik yaradır. Binaların fasadında bərpa işlərinin gerçəkləşməsi, bütün eyvanlarda yenilənmənin aparılması, müasir işıqlandırma sisteminin formalaşması və s. nəticəsində hazırda Fəvvarələr Meydanı istirahət edənlərin əsl zövq məkanına çevrilib.
Azərbaycanın yeni reallıqları ondan ibarətdir....
Məşhur “Kitab pasajı” da yenidənqurmadan kənarda qalmayıb. Bu ərazidə də yerləşən bütün memarlıq binalarında, küçəni hər iki tərəfdən əhatə edən binaların hazırda Bakı memarlığını əks etdirən tablolarla zənginləşən arkalı keçidlərində bərpa işləri də uğurla yekunlaşıb. “Xəqani” bağına gəlincə, bağın əvvəlki koloriti qorunub saxlanılmaqla, yaşıllıq zolağının artırılmasına xüsusi diqqət göstərilib. Xüsusi formalı fəvvarə də əvvəlki formasını qorumaqdadır. Artıq işlərinin böyük bir hissəsi tamamlanan Nizami küçəsində də proses qrafik üzrə yekunlaşmaqdadır. Hazırda burada yeni park və fəvvarə qurulur ki, bu ideya da ilk növbədə paytaxt sakinlərinin və ərazidə yaşayan insanların daha rahat istirahətinə xidmət edir. Bundan başqa, “Vətən” kinoteatrının yerləşdiyi binanın arkalı keçidi də yenidənqurmaya cəlb olunub. Binalarının tavanı müxtəlif mövzularda tabloları əks etdirən küçənin sağ və sol tərəflərində yerləşən bütün binalarda yenidənqurma və bərpa işləri tamamlanıb. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində inşa olunan bu memarlıq binalarında aparılan yenidənqurma işləri ilə yanaşı, ərazidə əhalinin rahat hərəkətini təmin etmək üçün yeni piyada keçidi də inşa edilib. Bir sözlə, böyük bir ərazidə yüksək keyfiyyətlə yenidənqurma işlərinin aparılması ilə bağlı məqsədə nail olunub. Amma bu hələ son demək deyil. Aparılan işlər Bakı ilə yanaşı, regionlarda da genişlənməkdədir. Bütün bunları uğurlu nəticə kimi dəyərləndirən ölkə başçısı da öz çıxışında Bakıda və bölgələrdə aparılan infrastruktur layihələrinin inkişafın bariz nümunəsi olduğunu bildirib: ”Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir və regionlarda gedən quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış vəziyyətdən uğurla istifadə edirlər”.
Digər sahələrdə də inkişafın müsbət təəssürat yaratdığını deyən ölkə başçısı bunlara məhz dayanıqlı inkişafın sayəsində nail olunduğunu söyləyib: ”Azərbaycanın iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. 2009-cu ildə böhran ilinə baxmayaraq, beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırıblar. Bu onu göstərir ki, bizim apardığımız islahatlar çox uğurludur. Bizim iqtisadi inkişafımız təkcə bir sektorun inkişafına bağlı deyil. Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməyə davam edəcəkdir. Beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik”.
HƏQİQƏT İSABALAYEVA