|
Bir yaşlı oğlunu asan ana sonradan özünə qəsd edib
Respublikada iki intihar faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Göyçay rayonunun İnçə kənd sakini Qızılgül Lətifova həyətindəki yardımçı təsərrüfatda intihar edib. 1988-ci il təvəllüdlü Q.Lətifova özünə qəsd etməzdən öncə 1 yaşlı oğlu Məmmədi də asıb. Mərhumun özünə və azyaşlı uşağına qəsd etməsinin səbəbi hələ ki məlum deyil. İlkin məlumata görə, ailə başçısı Zabit Lətifov bir neçə ildir ki, Rusiya vətəndaşlığını qəbul edib və Sankt-Peterburq şəhərində yaşayır. Ürək xəstəliyindən əziyyət çəkən Z.Lətifovun dünən ailəsini kənddə qoyaraq, yenidən Rusiyaya qayıtdığı bildirilir.
Bakının Suraxanı rayonunda da intihar hadisəsi baş verib. Qaraçuxur qəsəbəsində, N. İsmayılov küçəsi 90 a ünvanında yaşayan 1965-ci il təvəllüdlü Aydın Mehdiyev yaşadığı evin hamamında özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Hər iki faktla bağlı müvafiq rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.
|