|
Milli mətbuatımızın 135 illik yubileyinə sayılı günlər qalır. Jurnalistlər, ayrı-ayrı jurnalist təşkilatları bayramı qeyd etməyə hazırlaşırlar. Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu ilə söhbətimiz də keçilən tarixi yol və qarşıdakı perspektivlər haqqındadır.
- 135 il Azərbaycan üçün kifayət qədər fəxr ediləcək bir tarixdir. Bu tarixə nəzər salanda bizim kifayət qədər uğurlarımız var. 5 il bundan əvvəl də ölkə prezidentinin sərəncamı ilə 130 illik yubiley geniş şəkildə qeyd olunmuşdu. Ötən 5 ildə Azərbaycan mətbuatının keçdiyi yola nəzər salanda da görürük ki, mətbuatımızın xeyli uğurları olub. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü və media ictimaiyyətinin iştirakı ilə kütləvi informasiya vasitələrinə dövlətin dəstək verməsinin əsasları geniş müzakirə olundu. Sonda konsepsiya hazırlandı. Bunun ardınca Azərbaycan Respublikası Prezidenti tərəfindən Mətbuata Dövlət Dəstəyi Konsepsiyası təsdiq olundu. Azərbaycan Respublikası Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Cənab prezident İlham Əliyevin sərəncamı ilə Fondun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin olundu. Arxada qalan dövr ərzində fəaliyyətində Fondun mətbuatın inkişafına nəzərəçarpacaq dərəcədə təsiri müşahidə olunur.
- Milli mətbuatımızın keçdiyi şərəfli yol hamımıza məlumdur. Bəs hazırkı jurnalistikamızın həm peşəkarlıq, həm də sosial baxımdan necə dəyərləndirərdiniz?
- Dövr özü çox mürəkkəbdir. Bilirsiniz ki, Azərbaycanın işğal altında olan torpaqları var. Azərbaycanın müstəqilliyə qədəm qoyduğu dövr çox da uzaqda deyil. Bu müddətdə ölkəmiz özünün müstəqil iqtisadiyyatını qurmaq, dövlətçilik atributlarını formalaşdırmaq prosesi keçib. Azərbaycan mətbuatı sovet jurnalistika məktəbindən keçən bir jurnalistika idi. Sovet dönəmində formalaşmış jurnalistikada sistem dağılanda öz strukturunu itirdi. Bir çox mətbu orqanlar bağlandı, ideologiyaya uyğun olmadığı üçün bir sıra qəzetlər sıradan çıxdılar. Keçmiş jurnalistika sahəsində çalışan insanların bir çoxu üçün problemlər yaşandı. Hətta, bu problemlər jurnalistika ilə bağlı təhsil sistemində də özünü göstərdi. Bu gün jurnalistika fakültəsinə daxil olan insanlar əvvəlki kimi qabiliyyət imtahanı vermirlər. Müstəqil yaranmış qəzetlərin böyük əksəriyyəti iqtisadi problemlərlə qarşı-qarşıya, üz-üzədir. Bununla yanaşı senzuranın ləğvi, qanunvericilik sayəsində KİV-lərin qeydiyyatının sadələşdirilməsi və elə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranması da müstəqillik dövrümüzün uğurlarıdır. Təbii ki, bunların yaratdığı problemlər də var. Yaranan bir çox qəzetlərin təsisçiləri, sahibləri, yaradıcıları peşəkar insanlar deyillər. Onlar müəyyən məqsədlər daşıyırlar. Bu da son illərdə “reket” jurnalistikası deyilən əcaib bir anlayışı meydana gətirdi. Son illər Azərbaycan Mətbuat Şurasının «reket» jurnalistikasına qarşı apardığı mübarizə də, hesab edirəm ki, uğurlu apardığımız işlərdən biridir. Ürək ağrıdan məsələlərdən biri budur ki, mətbuatımız son illər durduğu yerdən bir boy aşağı düşüb. Ancaq jurnalistikaya daxil olan yad ünsürlər kənarlaşdırılmaqda, maneələr aradan qalxmaqdadır. Təsadüfi insanlar artıq hiss edirlər ki, bu, onların meydanı deyil və onları bu sahədə böyük uğurlar gözləmir. Ona görə hiss edirəm ki, bu yöndə müsbət bir tendensiya yaranmaqdadır.
Utanc gətirən insanlar
- Necə bilirsiniz, «reket» jurnalistikasına qarşı sona qədər mübarizə aparmaq mümkündürmü?
- «Reket» jurnalistikası ilə mübarizə təkcə Mətbuat Şurasının işi deyil. Ölkəmizdə ictimai nəzarət artmalı, vətəndaş cəmiyyəti isə bu istiqamətdə fəaliyyətini gücləndirməlidir. Bu “jurnalistika” müəyyən bir dövrdə çox sürətlə formalaşdı və çox sürətlə də aradan çıxacaqdır. Bu proses çox uzun sürə bilməz. Dörd mindən yuxarı qeydiyyatdan keçən kütləvi informasiya vasitəsi var. Əslinə qalanda isə onların çox az bir hissəsi, yəni 50-60 qəzet davamlı şəkildə fəaliyyət göstərir.
- Srağagün professor Cahangir Məmmədli qəzetimizə müsahibəsində qəzetlərin iqtisadi çətinliyindən danışarkən səbəblərdən biri kimi “KİV haqqında” qanunda 18 yaşdan yuxarı hər kəsə qəzet nəşr etdirməyə icazə verilməsi ilə əlaqələndirdi. Yəni qəzetlər nə qədər az olarsa, onlar da daha çox dövlət qayğısı ilə əhatələnə bilərlər.
- Mən Cahangir müəllimin fikrinə çox sayğı ilə yanaşıram. Amma qanunvericilikdə bu məsələlərin məhdudlaşdırılmasının əleyhinəyəm. Avropa təcrübəsini araşdırarkən ayrı-ayrı dövlətlərin yetərincə müstəqil mətbuata dəstəyinin şahidi olduq. Avropa dəyərləri də bu məsələlərdə hər hansı bir məhdudiyyətin əleyhinədir. Ona görə də hesab edirəm ki, insanların təfəkküründə, düşüncə tərzində müəyyən dəyişikliklər olmalıdır. Məncə bu proses gedir. Yaxın gələcəkdə hər ailə üzvünə bir qəzet təsis edən insanlar bu müstəvidə özlərinin yerinin olmadığını görüb kənara çəkiləcəklər. Bu məsələdə mənim bir əminliyim var.
- Çoxları sovet dövrü jurnalistikasının üstündən xətt çəkir. Bəziləri isə onu örnək kimi qəbul edir. Bu ikili fikirlərə münasibətiniz necədir?
- Mən bu fikrin tamamilə əleyhinəyəm ki, sovet dövrü jurnalistikasının üstündən xətt çəkmək lazımdır. Mən sovet dövründə jurnalistikaya gələnlərdən biriyəm. O dövr jurnalistikasının zəngin təcrübəsi, kifayət qədər ciddi ənənələri var idi. O dövr jurnalistikasının yaxşı nəyi varsa onları qəbul etmək lazımdır. İmtina etməklə biz heç nəyi əldə edə bilmərik. Yəni «Əkinçi» ənənələrindən üzü bəri mətbuat tariximizdə yaxşı nə varsa biz onların hamısını əxz etməli, faydalanmalıyıq. Bugünkü tədris proqramlarında da onların öz yeri olmalıdır.
- Qeyd etdiniz ki, sovet dövründə təhsil almısınız və çalışmısınız. O dövrün jurnalistikası və jurnalistlərin sosial vəziyyəti ilə çağdaş dövr jurnalistikasının və jurnalistlərinin arasında hansı fərq var?
- Bu suala birmənalı şəkildə cavab vermək çətindir. Bu gün Azərbaycan mətbuatında kifayət qədər peşəkar jurnalistlər çalışır. Lakin jurnalistikaya müəyyən məqsədlər naminə, təsadüfü gəlmiş insanlar onlardan da çoxdur. Elə insanlar var ki, 8-10 adda qəzet nəşr eləyirlər. Belə insanların jurnalistikada rolu nədən ibarət ola bilər? Onlar bizim böyük jurnalistikamıza utanc gətirən insanlardır. Hesab edirəm ki, bu məsələlərin həlli zamana bağlıdır. İnanıram ki, bunların hamısı sıradan çıxacaq və sonda ancaq peşəkarlar qalacaq. Əslində jurnalistikanı seçən insan bu peşənin problemli olduğunun fərqinə varmalıdır. Sovet dövründə jurnalistikada çalışan insanların – korrektorundan tutmuş redaktora qədər müəyyən bir nüfuzu vardı, onlar öz işlərindən zövq alırdılar. Amma əzabları da həddindən artıq idi. Bu gün də müstəqil jurnalistikamızda çalışan peşəkarların öz problemləri var. Bu gün öz taleyini bu peşəyə bağlayan cəfakeş jurnalistlərimiz əzab-əziyyətdən keçməyi də, ondan zövq almağı da bacarır.
Kompleks proqram
- Siz Mətbuat Şurasının sədr müavinisiniz. Jurnalistlər ən çox hansı problemlərlə bağlı sizə müraciət edirlər?
- Azərbaycan Mətbuat Şurasına çoxsaylı müraciətlər daxil olur. Həm jurnalistlərin özündən şikayət olunur, həm vətəndaş cəmiyyəti tərəfindən olan şikayətlər olur. Həm yaşlı, həm də gənc nəsil jurnalistlər bizə müraciət edirlər. Onların əksəriyyəti sosial xarakterli müraciətlərdir. Özünüz bilirsiniz ki, çap mediasında verilən əməkhaqqı çox aşağı səviyyədədir. Müqayisə ilə götürüləndə jurnalist əməyi nisbətən aşağı dəyərləndirilən bir səviyyədədir. Jurnalistlərimizin mənzil, dil, təhsil problemləri var. Təbii ki, bu istiqamətdə Mətbuat Şurası müəyyən araşdırmalar aparır. Hesab edirəm ki, bu problemlərin həlli istiqamətində də müəyyən tədbirlər görüləcək.
- Bildiyimcə, Mətbuat Şurası jurnalistlərin mənzil problemlərinin həlli istiqamətində xüsusi proqram üzərində işləyir. Əgər doğrudursa, bu proqram hansı şərtlər, hansı tələblər üzərində qurulur?
- Proqram təkcə mənzil problemini əhatə etmir. Mətbuat Şurası jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı kompleks bir proqram üzərində işləyir. Proqramda təkcə mənzil yox, bütövlükdə onların problemlərini əhatə edən məsələlər öz əksini tapacaq.
Yol...
- Rəhbərlik etdiyiniz Beynəlxalq Avrasiya Mətbuat Fondu jurnalistikamızın inkişafı üçün hansı işləri görür?
- Bu fondun jurnalistika ilə bağlı gördüyü işlər barədə çox danışmaq olar. Onu vurğulayım ki, bu günlərdə təşkilatımız əcnəbi dildə yazan bir qrup jurnalistlərin hazırlanması ilə bağlı layihə həyata keçirməyə başlayıb. Azərbaycanın müxtəlif qurumlarında çalışan, beynəlxalq mətbuatda çıxış etmək istəyən jurnalistləri müəyyənləşdirib onlara xüsusi proqramlar əsasında təlimlər keçiriləcək. Həmin jurnalistlərin dünya mətbuatına çıxışına yardım göstəriləcək. Hesab edirəm ki, layihə bu gün Azərbaycan həqiqətlərini beynəlxalq aləmdə yayılması üçün ən vacib olan proqramlardan biridir.
- Sonuncu sualım. 135 illik yubiley yaxınlaşır. Qarşıdakı yol jurnalistikamıza nə vəd edir?
- Bu yol bizi 135-dən 140-a aparır. Müstəqil jurnalistikamızın dayaqlarının daha da möhkəmlənməsinə gedən yoldur bu. Bu yol nə qədər daşlı-kəsəkli olsa belə, sonunda bizi müstəqil və azad jurnalistikamızın formalaşmasına aparan çox şərəfli bir yoldur.
Təranə MƏHƏRRƏMOVA
|