Nikola Sarkozi bildirib ki, onlar çətin, ancaq düz yola daxil olublar
Fransa parlamenti gözlənildiyi kimi qadınlara ictimai yerlərdə pərəncədə gəzməyi qadağan edən qanunların qəbuluna səs verib. İndi qanunlara parlamentin üst palatası münasibət bildirməlidir. Bunun isə sentyabrda baş verəcəyi gözlənilir. Qadağanın lehinə 335, əleyhinə 1 deputat səs verib. Əgər qadağan qanun qüvvəsinə malik olsa, onu pozan qadınlar 190 dollar cərimə ediləcəklər. Ailənin kişi üzvləri qadınları pərəncə geyməyə məcbur etsələr, onlara 1 il həbs müddəti daxil olmaqla müxtəlif cəzalar müəyyən edilə bilər. İnsan haqlarının müdafiəçiləri qadağanın fikir, vicdan və din azadlığına zidd olduğunu hesab edirlər. Qadağanın əleyhinə olanlar Avropa İnsan Haqları Bəyannaməsinin pozulduğunu bildirirlər.
Öz növbəsində prezident Nikola Sarkozi bildirib ki, onlar çətin, ancaq düz yola daxil olublar. Qanunun böyük siyasi dayağı olduğu, hətta bunun səsverməyə milli bayram – Bastiliya həbsxanasının alındığı günün ərəfəsində çıxarılması da təsadüfi deyil. Yeri gəlmişkən, Fransada Rəşid Nakkaz adlı bir müsəlman biznesmen 1 milyon avroluq əmlakını satışa çıxarıb. O, satışdan qazandığı pulu müsəlman qadınlara verəcək ki, burqa geyindiklərinə görə, onlara qoyulan cəriməni ödəyə bilsinlər. Qadağanı pozanların Fransa vətəndaşının bütün imtiyazlarından məhrum ediləcəyi də nəzərdə tutulur. Qeyd edək ki, bütün dünyada diqqətlə izlənən bu mübahisəyə marağı nəzərə alan «Pew» Sorğu Mərkəzi müxtəlif ölkələrdə sorğu keçirib. Fransada rəyi soruşulan hər 10 adamdan 8-i deyib ki, qadağan düzgündür. Hər 100 adamdan yalnız 17-si qadağanın əleyhinədir. Almanların 71 faizi, britaniyalıların 62 faizi, ispanların 59 faizi deyiblər ki, onların ölkəsində belə qanun səsverməyə çıxarılsaydı, onlar lehinə olardılar. Sorğu keçirilən bu bir neçə ölkə arasında yalnız Amerikada əksəriyyət qadağanın əleyhinə çıxıb. 66 faiz deyib ki, qadağan düzgün deyil. Fransada cəmi 1900 qadının burqa geyindiyi məlumdur. Bu, daxili işlər nazirliyinin məlumatıdır. Fransada parlamentin aşağı palatasından başqa yuxarı palata olan Senat da var. Bundan başqa Konstitusiya Məhkəməsi var. Fransanın Xarici İşlər Nazirliyinin məsləhətçisi, islam üzrə ekspert olan Olivye Roy bildirib ki. Konstitusiya Məhkəməsi burqanın tam qadağan olunmasının əleyhinədir: «Əsas məsələ burqadan istifadəni məhdudlaşdırmaqdır. Ola bilsin sonda qismən qadağanın üstündə dayanalar. Burqa məktəblərdə, hava limanlarında , inzibati binaların içində qadağan olunacaq. Yəni elə yerlərdə ki, orda təhlükəsizlik birincidir».
|