|
Deputatlar bir-birinə yumruq, təpik ilişdirdilər
Türkiyə Böyük Millət Məclisində 8 yeni universitetin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı dava düşüb. Müxalifətdə olan MHP-nin millət vəkili Yılmaz Tankut layihə ilə bağlı irəli sürdüyü təkliflər ətrafında çıxış edib. O, çıxışını başa çatdırdıqdan sonra yerinə keçərkən hakim Ədalət və İnkişaf Partiyasından olan həmkarı Muhyettin Aksaka yaxınlaşıb: “Çıxış boyunca söz atdın. Əvvəlcə qulaq as, başa düş, sonra danış”.
Deputatlar arasında mübahisə yaranıb və onlar bir-birilərinin üstünə hücum çəkiblər. Muhyettin Aksak həmkarına yumruq, Yılmaz Tankut isə ona təpik atıb. Nəticədə müvazinətini itirən hakim partiyanın təmsilçisi yerə yıxılıb. Digər millət vəkilləri deputatları ayırıblar. MHP-çilərin sırasına keçən Yılmaz Tankut Muhyettin Aksakı hədələyib: “Səninlə hesablaşacağıq”. Hakim partiyanın digər təmsilçisi Haydar Kurt isə ona etiraz edib: “Nə hesabı? Həm vurursan, həm də “hesablaşacam” deyirsən”. Haydar Kurt MHP-çilərə tərəf irəliləmək istəsə də, hər iki partiyadan olan fraksiya rəhbərlərinin müavinləri araya girərək, millət vəkillərini sakitləşdirib.
|