“Azərbaycanın dövlətçilik tarixinin təbliği” layihəsi çərçivəsində Dəyirmi masa keçirildi
“Kaspi” qəzeti Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Azərbaycanın dövlətçilik tarixinin təbliği” layihəsinin icrasını davam etdirir. İyulun 14-də layihə çərçivəsində Milli Elmlər Akademiyasının Tarix, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya, Fəlsəfə və Hüquq institutlarının əməkdaşlarının iştirakı ilə Dəyirmi masa keçirildi. Dəyirmi masanı açıq elan edən “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bildirdi ki, layihə çərçivəsində Azərbaycan dövlətçiliyinin təbliği ilə bağlı işlər aparılır. Bu məqsədlə internet saytı yaradılıb. Saytdakı materiallar üç dildə – Azərbaycan, rus və ingilis dillərində istifadəçilərə təqdim olunur. Bununla yanaşı, qəzetin səhifələrində dövlətçilik tarixinin təbliği ilə bağlı silsilə məqalələr dərc olunur.
Dəyirmi masada isə Azərbaycanın təxminən 5000 illik tarixi olan dövlətçiliyi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur: “İstəyirik araşdıraq görək 5000 illik dövlətçilik tarixi olan bir ölkə öz tarixini necə təbliğ edir. Bu təbliğatın həm ölkə daxilində, həm də xaricdə hansı formada aparılmalı olduğunu müəyyənləşdirməliyik. Xaricə gedib-gələn yoldaşlarımız həmişə müxtəlif faktları vurğulayırlar. Məsələn, qeyd edirlər ki, Vatikan muzeyində Böyük Ermənistanın xəritəsi asılıb. Bundan başqa biz bilirik ki, “Vsemirnoe istoriya”da Azərbaycan tarixi həmişə təhrif olunub. Burada Səfəvilər dövləti heç vaxt Azərbaycan dövləti kimi təqdim olunmayıb. Bundan yalnız bizim tədqiqatçıların əsərlərində rast gəlmək olar. Keçən il də İranda Azərbaycan tarixi ilə bağlı bir konfrans keçirildi. Ərdəbildə keçirilən həmin konfransda da guya Səfəvilərin Azərbaycan dövləti olmamağı ilə bağlı fikirlər səsləndirilib. Bu baxımdan biz bilmək istəyərdik ki, Azərbaycan tarixçiləri ölkəmizin dövlətçilik tarixinin təbliğində nə kimi işlərin görülməsini istəyirlər?”
Sonra mövzu ətrafında müzakirələr başlandı:
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Dilavər Əzimli:
- Bizim dövlətçilik tariximiz çox qədimdir. İndi əsas məsələ odur ki, biz bu tarixi necə təbliğ edirik? Səmimi deyim ki, bu istiqamətdə vahid xəttimiz yoxdur. SSRİ dağılandan sonra tariximizlə bağlı araşdırmaların vahid xətt üzrə aparılmasına nail ola bilmədik. Vəziyyət o yerə çatıb ki, bəzən proseslərin gedişini biz alimlər də qarışdırırıq. Biz birmənalı şəkildə qoymalıyıq ki, bu coğrafiyada yaranan ən qədim dövləti biz türklər yaratmışıq. Bu yolla özlərini regionun abrogen əhalisi kimi qələmə verən erməni dığalarının da layiqli cavabını vermək olar. Məncə ermənilərin əlindən erməni, hay sözünü almaq lazımdır. Mən əminliklə deyirəm ki, biz tariximizlə bağlı faktları ortaya qoya bilsək ermənilər səslərini belə çıxara bilməyəcəklər. Bəli, tarixdə Böyük Ərməniyyə, Kiçik Ərməniyyə olub. Amma bunlar Ermənistan demək deyil. Həmin dövlətləri Ərməniyyə ərəblər adlandırıb. O vaxtlar Azərbaycan iki coğrafi hissəyə bölünmüşdü. Burada atəşpərəstlik, şamanlıq, tək tanrıçılıq yayılmışdı. Cənubda yaşayanların əksəriyyəti türk idi. Şimalda yaşayanlar isə əsasən xristianlar, daha doğru desək, təkallahlılığı qəbul edənlər idi. Şimaldakılar romalılara, cənubdakılar isə sasanilərə meyilli idilər. Ərəblər bölgəyə gələndə Şimalda yaşayanları ərmən adlandırdılar. Ərməniyyə sözü də buradan meydana gəldi. Ermənilər bu əraziyə sonradan gələrək nikah diplomatiyasından istifadə etdilər, həm hay sözünə, həm də ərməniyyə sözünə yiyələndilər.
Natiq Məmmədli:
- Bütün bu dedikləriniz bir konsepsiya məsələsidir. Bunlar bizim tarixşünaslıqda nə qədər işlənib?
Dilavər Əzimli:
- İşlənmə var, amma vahid xətt yoxdur. Bir də görürsən biri belə yazır, digəri başqa cür. Bizdə Azərbaycan dövlətçiliyinin pik nöqtəsi Səfəvilər dövləti olub. Amma Səfəvilərə qədərki dövlətçiliyimizin tarixi öyrənilməyib. İranda bu dövlətlə bağlı tarixçilər ağıllarına gələni yazırlar. İran Səfəri dövləti adlandırırlar, Qızılbaşlığı şiyəlik kimi qələmə verirlər. Qardaş, bu doğru yanaşma deyil. Bizim alimlər sübut ediblər ki, Qızılbaşlığın şiyəliyə dəxli yoxdur. Digər tərəfdən, orta əsr şiyəliyini bugünkü şiyəliklə qarışdırmaq lazım deyil. O vaxt şiyəlik haqsızlığa qarşı mübarizəyə qalxan bir qrup insanın mübarizəsi idi. İndiki İran şiyəliyi həmin şiyəlik deyil.
Natiq Məmmədli:
- Yəni biz dövlətçilikdəki xətti itirmişik. Bir növ dövlətçiliyimizdə varislik məsələsi pozulub. Amma etiraf edək ki, ermənilərdə dövlətçilik uydurma olsa da, itirilməyib. Ona görə də “Böyük Ermənistan” məsələsi tarixşünaslıqda geniş yer tutub.
Dilavər Əzimli:
- Bəli, dövlətçilik tariximizdə varislik məsələsi pozulub. Bunu bərpa etmək lazımdır. Amma hər əlinə qələm alan tarix yazmamalıdır. Tarix vahid konsepsiya əsasında yazılmalıdır.
Mirzə Ənsərli, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı:
- Dövlətçilik tariximizdə 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi yeri olub. Bu dövlətin qurucuları Azərbaycanı müstəqil dövlət elan edəndə bilirdilər ki, nə edirdilər. Onlar savadlı insanlar idilər. Tariximiz barədə məlumatlı idilər. SSRİ qurulandan sonra bu dövlətin qurucularının əksəriyyəti Avropa ölkələrinə mühacirət etməli oldular. Amma bu gün də yaşayan onların nəvə-nəticələri Azərbaycan sevgisi ilə nəfəs alırlar.
Natiq Məmmədli:
- Çox yaxşı ki, 1918-ci ildə qurulan dövlətin adını Azərbaycan qoydular. Bu, böyük tarixi nailiyyət idi. İlk dəfə idi ki, azərbaycanlıların yaşadığı ərazidə Azərbaycan adlı dövlət yaranırdı.
Dilavər Əzimli:
- Əslində Azərbaycan torpaqları Həmədandan Dərbəndə qədər olan ərazini əhatə edir. 1918-ci ildə Xalq Cümhuriyyətini elan edən şəxslər də bunu bilirdilər. Sadəcə olaraq elə bir tarixi şərait yetişmişdi ki, Azərbaycan dövləti elan olunmasaydı bu regiondakı torpaqlar Gürcüstan və Ermənistan arasında bölünəcəkdi. Ona görə təcili şəkildə Milli Şuranı toplayıb Azərbaycan dövlətini elan etdilər. Ancaq gərək bu dövlətin adını Şimali Azərbaycan qoyaydılar. Ancaq qərar o qədər tələsik qəbul edildi ki, onları qınamaq da olmur. Onların böyüklüyü ondaydı ki, Azərbaycanın mövcudluğunu qoruyub saxlaya bildilər. İkinci Dünya müharibəsindən öncə Rusiya Azərbaycan tarixinin öyrənilməsinə xüsusi diqqət ayırdı. Amma tariximiz Rusiyanın maraqlarına uyğun yazılırdı. Rus alimi Petruşevski Səfəvilər dövlətinin Azərbaycana aid olduğunu vurğuladı. Bundan sonra 16-cı əsr tariximiz işləməyə başladı. Amma 17-18-ci əsr dövlətlərimizi İran dövləti kimi qələmə verdilər. Bu, SSRİ-yə Cənubi Azərbaycanı ayağa qaldırmaq üçün lazım idi. Həmin xətt indi də davam edir. Təəssüf ki, bizim tariximizdə də Azərbaycan dövlətçiliyinə SSRİ-nin qoyduğu xətlə baxılır.
Natiq Məmmədli:
- 1918-ci il ərəfəsində Azərbaycandakı siyasi partiyaların əsas məqsədi Rusiyadan muxtariyyat almaq idi. Amma tarixi şərait elə oldu ki, biz bir növ gözləmədiyimiz müstəqilliyə nail olduq. 90-cı illərdə bizə daha belə bir şans yarandı. Xalq meydanlara axışdı. O vaxt əhali Dağlıq Qarabağdakı ədalətsizliyə etiraz edirdi. İlkin dövrlərdə heç kim Azərbaycanın SSRİ-dən ayrılıb müstəqil dövlət olması fikrini irəli sürmürdü. Necə düşünürsünüz, bəlkə bu, bizim tarixi varislik xəttimizin qırılması, vətəndaşlarımızın müstəqilliyə hazır olmaması ilə bağlı idi?
Pirağa İsmayılzadə, Milli Elmlər Akademiyasının Arxielogiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi:
- Mən düşünmürəm ki, bizim xalqımız müstəqilliyə hazır deyil. Xalq Cümhuriyyəti süqut edəndən sonra da bizim 1922-ci ilə kimi dövlətçilik tariximiz olub. SSRİ tərkibində də bizim dövlətçilik atributlarımız qorunub saxlanılıb. Xalqın Milli Azadlıq Hərəkatına kölgə salmaq olmaz.
Şahin Bağırov, Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, siyasi elmlər namizədi:
- 1918-ci ildə Xalq Cümhuriyyəti yaradılanda o vaxtadək mövcud olan dövlətçilik bazasına istinad etdilər. Hamı hesablaşdı ki, bu ərazidə yaşayanların böyük əksəriyyəti türkdür. Mən həmişə auditoriyalarda gənclərə deyirəm ki, biz bu dünyanın ən döyüşkən xalqlarından biriyik. Həmişə misal da çəkirəm. Deyirəm ki, bütün Avropanı əlinə alan Napoleon Bonapartın ordusu Rusiyada 3 il davam gətirə bilmədi. Bu ordunu məğlub edən Rusiya ordusu Azərbaycana gələndə bizim torpaqlarımızı ələ keçirmək üçün 10 ildən çox mübarizə aparmalı oldu. Özü də o vaxt Azərbaycan xanlıqlara bölünmüşdü. Bəlkə də vahid Azərbaycan olsaydı, Rusiya heç torpaqlarımızı işğal edə bilməyəcəkdi.
Natiq Məmmədli:
- Sovet dövründə Azərbaycan tarixi ilə bağlı üç cildlik nəşr olunmuşdu. Müstəqillik illərində 7 cild nəşr olunub. Amma onların hamısı Azərbaycan dilindədir. Xarici dillərə tərcümə olunmayıb. Qiymətləri də çox bahadır.
Pirağa İsmayılzadə:
- Yeri gəlmişkən deyim ki, Azərbaycan Ensiklopediyası hazırlanarkən xalqımızın etnogenezi ilə bağlı çox ciddi müzakirələr getdi. O müzakirələrin yekunu olaraq ümumi bir fikrə gəlindi. Həmin fikir ondan ibarət idi ki, Azərbaycan ərazisinə eramızdan əvvəl və eramızdan sonra türk tayfaları gəlib. Bundan əlavə, bu coğrafiyada yaşayan abrogen türk tayfaları da olub. Eyni zamanda, Azərbaycana çoxlu sayda miqrasiyalar olub. Bütün bunların nəticəsi kimi Azərbaycanın milli-mədəni dəyərləri türk xalqlarının ortaq dəyərlərinə uyğunlaşıb.
Müzakirəlir nsonunda alimlər belə fikirlə hşəmrəy olduqlarını bildilər ki, dövlətçilik tariximizlə bağlı vahid konsepsiyanın hazırlanmasına ehtiyac var.
İlham Quliyev