Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Məhsul satışdan çıxarılır, amma reklamı davam edir . . .
A.Əliyev: "Hər hansı müəssisənin müəyyən məhsulunun satışdan çıxarılması, o müəssisənin ümumilikdə keyfiyyətsiz, problemli məhsul istehsal etməsi demək deyil"

ATV kanalında yayımlanan əksər proqramlara sponsorluq edən "Səhliyalı"nın dayanmadan məhsullarının keyfiyyətindən ağızdolusu danışılması istehlakçıya sanki müvafiq qurumun qərarlarının qulaqardına vurulması təsiri bağışlayır. Bir yandan keyfiyyətsiz məhsulların alınmaması tövsiyəsi, digər tərəfdən isə həmin məhsulların davam edən reklamları alıcılarda bir çaşqınlıq yaradır
Hər gün istehlak bazarından kifayət qədər yararsız məhsulun kənarlaşdırılması xəbəri ilə rastlaşmayanlar hazırda çətin tapılar. Bu, bir tərəfdən adıçəkilən bazarda müvafiq qurumlar tərəfindən mütəmadi işlərin aparılmasından xəbər verirsə, digər tərəfdən ölkənin daxili bazarında mövcud olan problemlərin siqnalıdır.

Bir yandan reklam, bir yandan keyfiyyətsiz məhsulların alınmaması tövsiyəsi


Məsələn, bir necə gün əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan "Eskimo", "Maksima", "XXI əsr", "Prestige", "Saturn", "Merkuriy" , "Domino", "Lunnie nochi" adlı 6,6 ton dondurmanın məhv edilməsi barədə "SABA şirkəti" MMC-yə icrası məcburi göstəriş verilmişdi. Bununla əlaqədar, müəssisənin anbarında satışı dayandırılmış 6,6 ton dondurma, eyni zamanda üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 256 kq, gigiyenik və uyğunluq sertifikatları olmayan məhsulların qablaşdırılmasında istifadə edilən 854 kq bükmə materialı qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edilib. Hazırda isə Dövlət Xidməti tərəfindən "SABA şirkəti" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalar davam etdirilir. Ötən gün isə Abşeron rayonu, Xırdalan şəhərində Müzəffər Poladova məxsus dondurma istehsalı sahəsində aparılan yoxlama zamanı "Yoloçka", "Eskimo", "Okean", "Beliy parus", "Flaminqos", "Şirvanşahlar" adlı və südlü dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi aşkarlanıb. Bununla əlaqədar, istehsal sahəsinin anbarında olan 1,1  ton hazır məhsulun satışının dayandırılması və ticarət şəbəkəsinə göndərilmiş dondurmaların geri yığılması, eləcə də üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 1 tondan çox bükmə materialından istifadənin dayandırılması barədə sahibkar Müzəffər Poladova icrası məcburi göstəriş verilib. Eyni zamanda, istehsal sahəsinin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Müayinələr nəticəsində "Flaminqos" adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, "Yoloçka", "Eskimo", "Okean", "Beliy parus" adlı dondurmalarda isə mezofil-aerob, fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu aşkarlanıb. Bundan başqa, "Flaminqos", "Beliy parus" adlı və südlü dondurmalarda turşuluq, "Yoloçka", "Eskimo" və "Şirvanşahlar" adlı dondurmalarda isə yağın kütlə payı və turşuluq normadan az olub. Bununla əlaqədar olaraq, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1,1 ton dondrumanın məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Müzəffər Poladova icrası məcburi göstəriş verilib. İstehsal olunan ət və süd məhsullarının, eləcə də bu məhsulların istehsalı üçün istifadə olunan xammalın normativlərə cavab vermədiyi aşkarlanan digər müəssisə Səhliyalı"dır. Laborator müayinə zamanı adıçəkilən kiçik müəssisəsinin məhsullarından "1000 bərəkət, halal nemət" və "BS" əmtəə nişanlı yağların tərkibinin normativ sənədlərin tələblərinə və etiket göstəricilərinə uyğun olmadığı müəyyən edilib və s. Bundan başqa, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində qeydə alınan resepturasına və etiket göstəricilərinə əsasən, müəssisədə istehsal edilən "1000 bərəkət, halal nemət" əmtəə nişanlı əla növ bişmiş "Qaymaqlı", "Doktorskaya EF" və "Sübh", əla növ yarım hisə verilən "Krakovskaya EF" kolbasalarının, əla növ "Halal nemət" sosiskasının və əla növ "Səhər" sardelkasının istehsalında kərə yağından istifadə olunmalı olduğu halda, müəssisənin istehsalat sahəsinin anbarında yalnız tərkibində kərə yağı 2%-dən az olan "Voloqodskiy" nişanlı yağ aşkarlanıb. Beləliklə, həm süd, həm də ət məhsullarının istehsalı və satışı zamanı "Səhliyalı" kiçik müəssisəsi tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi müəyyənləşdiyi üçün  bir müddət öncə Dövlət Xidməti istehlakçılara "Səhliyalı" kiçik müəssisəsində istehsal edilmiş ət və süd məhsullarını almamağı tövsiyə etdi. Amma bu xəbəri yaydığımız vaxtdan bu günə qədər ATV kanalında yayımlanan əksər proqramlara sponsorluq edən "Səhliyalı"nın dayanmadan məhsullarının keyfiyyətindən ağızdolusu danışılması istehlakçıya sanki müvafiq qurumun qərarlarının qulaqardına vurulması təsiri bağışlayır. Bir yandan keyfiyyətsiz məhsulların alınmaması tövsiyəsi, digər tərəfdən isə həmin məhsulların davam edən reklamları alıcılarda bir çaşqınlıq yaradır. Bəs əslində vəziyyət necədir? Doğrudanmı bəzi müəssisələr onlara verilən qərarların icrasına laqeyd yanaşırlar?

Məhsulun satışdan çıxarılması konkret bir məhsul partiyası ilə bağlıdır


İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Abbas Əliyevin sözlərinə görə, ölkədə kifayət qədər yerli istehsal müəssisələri mövcuddur. Bundan başqa, tələbat idxal olunan məhsullar hesabına da ödənilir: "Hər hansı müəssisənin müəyyən məhsulunun satışdan çıxarılması, o müəssisənin ümumilikdə keyfiyyətsiz, problemli məhsul istehsal etməsi demək deyil. Məhsulun satışdan çıxarılması konkret bir məhsul partiyası ilə bağlıdır". Nöqsanları aradan qaldıran müəssisənin təkrar bazara məhsul çıxarmasında isə heç bir problem olmur. Aparılan monitorinqlərdə yararsız və təhlükəli mallara rast gəlindiyi zaman isə mağazalara məhsulu paylayan topdansatış obyektlərinə, istehsal müəssisələrinə onların geri toplanması üçün icrası 3 gün ərzində yerinə yetirilməli olan məcburi göstəriş verilir: "Mağazalardan məhsulun toplanması topdansatış obyektləri, istehsal müəssisələrinin öhdəsinə düşür".

Yararsız məhsulların məhv edilməməsi- şayiə ya gerçək?


Amma satışdan çıxarılan məhsulların məhv edilmədiyi qənaətində olanlar da var. Bunun şayiə ya gerçək olmasına gəlincə, A.Əliyev yürüdülən belə fikirlərin əsassız olduğunu deyir: "Bəzən belə fikirlər də səslənir ki, satışdan çıxarılan yararsız, keyfiyyətsiz məhsullar regionlarda satışa çıxarılır. Bu fikir tamamilə yanlışdır. Hələ bu vaxta qədər belə bir faktla rastlaşmamışıq. Satışdan geri çağrılan problemli, yararsız məhsulların məhvetmə prosesi nəzarətsiz buraxılmır. Bundan başqa, monitorinqlər zamanı həmin məhsulların ümumi miqdarı bəlli olduğu üçün belə məhsulların hansısa formada yenidən satışa çıxarılması da qeyri-mümkündür.  Keyfiyyətsiz məhsulların, yararsız məhsulların məhv olunması İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nəzarəti ilə müəssisələrin öz vəsaiti hesabına və onlar tərəfindən həyata keçirilir".

İstehlakçı hüquqlarını, istehsalçı vəzifələrini bilsə...


Nazirlik rəsmisi deyir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda istehlakçıların müvafiq hüquqları təsbit edilib. Belə ki, onlar malları, işləri, xidmətləri və onların istehsalçısını, icraçısını, eləcə də satıcısını sərbəst seçə bilərlər. Onlar istehlak olunan mal, iş, xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq, onların miqdarı, çəkisi, çeşidi, mənşəyi, keyfiyyəti və qiyməti haqqında dolğun və düzgün informasiya əldə etmək hüququna malikdir. Keyfiyyətsiz mal, iş, xidmətləri geri qaytarmalı, onların vurduğu zərərin satıcı obyekt, yaxud da onun istehsalçısı tərəfindən ödənilməsini tələb etməli, öz hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməlidirlər və s.
Sahibkarlıq subyektlərinin qarşısında duran vəzifələrə gəlincə, hazırlanan ictimai iaşə məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin vaxtaşırı müvafiq səlahiyyətli orqanların laboratoriyalarında analizlərdən keçirilməsi təmin edilməli, nəticələrdən asılı olaraq müvafiq tədbirlər həyata keçirilməlidir. Ərzaq xammalını, köməkçi materialları, hazır məhsulları obyektə mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, gigiyenik, uyğunluq, fitosanitar, baytarlıq sertifikatları və s.) əsasında qəbul etməlidir. İctimai iaşə obyektlərində məhsulun hazırlanması və digər məqsədlər üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və gigiyena normalarına cavab verən isti və soyuq suyun olmasını təmin etməli, alıcının müstəqil və ya obyektin işçisinin köməkliyi ilə aldığı ictimai iaşə məhsulunu həcmini (çəkisini) yoxlamaq üçün görünən yerdə nəzarət ölçmə vasitələrinin yerləşdirilməsini təmin etməlidir. Ölçü vasitələrinin isə vaxtaşırı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən metroloji yoxlamadan keçirilməsi təmin olunmalıdır. Sahibkar ictimai iaşə məhsullarını lazımi şəraitdə saxlamaq üçün obyekti soyuducu və digər zəruri avadanlıqlarla təchiz etməli, xidmət zalında temperaturun və nəmliyin tənzimlənməsi üçün optimal havalandırma sisteminin qurulmasını təmin etməlidir. Lazımi keyfiyyətdə olmayan məhsul eyni növdə (çeşiddə) keyfiyyətli məhsulla əvəz edilərkən və ya yenidən hazırlanarkən qiymətlər dəyişdikdə, məhsulun dəyərini göstərilən məhsulun alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablayaraq əvəz edilməsini və ya yenidən sifarişin alınmasını təmin etməli, məhsulların əvəz olunması ilə əlaqədar istehlakçıya dəyən zərərin tam həə ödənilməsini təmin etməlidirlər. Bundan başqa, sahibkar öz obyektində yararsız məhsulun olması xəbərini sanki ilk dəfə eşidirmiş kimi yalnız monitorinqlər zamanı "öyrənməməlidir". O, hər gün işə başlamazdan əvvəl ərzaq xammalının, hazır məhsulların saxlanma və yararlılıq müddətlərinin ötüb-ötmədiyini yoxlamalıdır. Saxlanma və yararlılıq müddətləri ötmüş məhsulların müvafiq qaydada məhv edilməsi və ya zərərsizləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirməlidir. Əslində bu gün bazarda yaranan belə problemlərin həllini yalnız hansısa qurumun fəaliyyətindən gözləmək də düzgün olmaz. İstehlakçı hüquqlarını, istehsalçı isə vəzifələrini bilsə, bu sahədə ortaya çıxan çətinliklərin yoluna qoyulması daha da sürətlənər.


HƏQİQƏT İSABALAYEVA
+  -  Çap 
Yerləşdirilib: 14.07.10 | Baxılıb: 284

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •