Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Peşəkar jurnalist rüşvət almaz
Cahangir Məmmədli: «Peşəkarlıq da ona görə çatışmır ki, bu gün jurnalistika aləmi hər kəsin gələ biləcəyi bir meydana çevrilib. Bax, bu bizi narahat edir»

Milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində jurnalistikamızın çağdaş durumuna, jurnalistlərin peşəkarlıq səviyyəsinə, media mənsublarının sosial problemlərinə müəllim gözü ilə baxmaq istədik.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli qəzetimizə müsahibəsində mətbuatın inkişaf və perspektivlərindən, eləcə də əsas problemlərindən danışdı.


Yeni dönəm jurnalistikası


- Cəmiyyətdə jurnalistlərin vəzifələri haqqında müzakirələr davam edir. Hazır suallara cavablar hələ də yoxdur. Sizcə jurnalistin əsas vəzifəsi nədən ibarətdir?

- Jurnalistin vəzifəsinin nədən ibarət olmasının əslində bizim klassik jurnalistika cavabını verir. Klassik jurnalistikamızın təlimlərindən çıxış etsək, biz bu işi Üzeyir bəydən, Cəlil Məmmədquluzadədən, Məmməd Əmin Rəsulzadədən artıq bilməyəcəyik ki? Klassik jurnalistika jurnalisti qərəzsiz, tərəfsiz informasiya verən, cəmiyyəti məlumatlandıran və maarifləndirən bir ictimai institut kimi qiymətləndirirlər. Deyək ki, o ictimai institut təsir edən bir insandır. Bu mənada jurnalist özünün təmsil etdiyi ictimai institutun tərəflərindən çıxış etməlidir. Jurnalist maarifləndirmə, bilgiləndirmə, məlumatlandırma funksiyasını yerinə yetirməlidir. Əyləndirmə funksiyasını da qeyd edirlər. Əlbəttə, bu da ictimai funksiyadır. Ancaq biz əsasən bilgiləndirmə və maarifləndirmə funksiyasını nəzərdə tuturuq. Çünki Azərbaycan jurnalistikasının ilk qəzeti bu funksiyanı öz üzərinə götürüb, ondan sonra gələn qəzetlər «Əkinçi» qəzetinin bu prinsiplərini və funksiyalarını yerinə yetirmək üçün fəaliyyətdə olublar. Ümumiyyətlə, bütün dünyada qəzet meydana gələrkən bu iki əsas funksiyanı ortaya qoyub. Amma Azərbaycan mətbuatının əsas xüsusiyyəti ondan ibarətdir ki, bizim klassik mətbuatımız meydana bu iki problemi yerinə yetirmək üçün gəldi. Biz «Əkinçi» məktəbi deyəndə onun informasiyanı təqdim etmək  üsullarını, maarifləndirmə prinsiplərini nəzərdə tuturuq. Bu mənada Azərbaycan klassik publisistikası jurnalist kimdir və jurnalistika nədir suallarına cavab verir.

- Jurnalistlərin müəllimi olaraq mətbuatımızın bugünkü vəziyyətini necə xarakterizə edərsiniz?

- Keçən ilin noyabrında prezident İlham Əliyev universitetin yubileyində çıxış edərkən bəlkə də ilk dəfə idi ki, “biz keçid dövrünü başa vurmuşuq” - deyə bildirdi. Doğrudan da iqtisadiyyatda, sənayedə, cəmiyyət quruculuğunda keçid prosesi başa çatıb. Amma bu fikri jurnalistika sahəsində demək çətindir. Çünki jurnalistika hələ keçid dövrü prosesini yaşayır. Biz Azərbaycanda «Yeni dönəm jurnalistikası» sözlərini təsadüfən demirik. Bu termini nəzəri və praktik cəhətdən özünü doğrultmuş, ictimai rəyin hesablaşdığı jurnalistlər ortaya gətiriblər. Biz hazırda yeni dönəm jurnalistikasını yaşayırıq. Keçid mərhələsini başa vurmaq o qədər də asan deyil. Azərbaycanın klassik mətbuatı əslində Qərb standartları ilə işləyirdi. Sovet dövrünün tələbləri bu qanunları tamam pozdu. Həmin dövrdə biz sovet jurnalistikası deyilən absurd anlayış altında işləmişik. Dünyada hansısa bir etiketlə adlandırılan jurnalistika yoxdur, sadəcə jurnalistika var. Ola bilər, onun milli çalarları olsun. Amma bütün dünyada jurnalistik yuxarıda sadaladığım prinsiplərlə fəaliyyət göstərir. Bəs biz necə? Tərəfsiz, qərəzsiz informasiyanın təqdimində publisistikanın ictimai rəyi formalaşdırmaq funksiyasını yerinə yetirmək işində bütün dünyanın çapa göstərdiyi tərzdə fəaliyyət göstərə bilirikmi? Bu işdə problem var. Qeyd edim ki, bu prinsiplərə əməl edən çox maraqlı müstəqil qəzetlərimiz var. Mən informasiyanı müstəqil qəzetlərdən alıram. Çünki müstəqil qəzet ictimai marağa işləyir. Nə zaman ki, qəzet korporativ maraqlara deyil, ictimai maraqlara işləyir, yalnız o zaman düzgün, obyektiv informasiya verməyə məcbur olur. Reklam bazarına çıxmaq istəyən qəzet mütləq ictimai marağa işləməlidir. Müstəqil qəzetin elektoratı bütün Azərbaycan əhalisidir. Ona görə müstəqil qəzetlər reklam bazarında udmalıdırlar. Təəssüf ki, bizdə belə deyil. Bizdə xeyli sayda jurnalistlər iqtidar və müxalifət jurnalistləri adlı iki cəbhəyə ayrılıblar. Bu prinsiplər ölkəmizdə jurnalistikanı korlayır. Ona görə də mənim üçün bir qəzet, bir jurnalist tipi var: o da müstəqil mətbuatdır. Bir çox ölkələrdə bu cür cəbhələşmə var. Ancaq bizdə o qədər kəskindir ki, biz bəzən hakimiyyətin gördüyü yaxşı işləri də hiss etmək istəmirik. Və yaxud hakimiyyət qəzetlərində elə jurnalistlər var ki, müxalif jurnalistin dediyini mütləq inkar edir. Mən bunların hər ikisinin əleyhinəyəm. Ümumiyyətlə, konsensus olmalıdır. Biz yaxşı işləri görməyə, pis işləri tənqid etməyə məhkumuq. Yalnız obyektiv olan zaman bazar münasibətləri şəraitində reklam bazarına girə biləcəyik. Bu gün bizdə reklam bazarı zəifdir. Qəzetlər, redaksiyalar demək olar ki, oxucudan asılı deyillər. Əgər hansısa bir qəzet desə ki, “mən oxucudan asılıyam”, onunla ciddi mübahisə edərəm. Hər bir qəzet haradansa asılıdır. Bu problemi aradan qaldırmaq üçün çox ciddi  peşəkarlıq lazımdır. Peşəkarlıq da ona görə çatışmır ki, bu gün jurnalistika aləmi hər kəsin gələ biləcəyi bir meydana çevrilib. Bax, bu bizi narahat edir. Bəziləri deyirlər ki, gəlin yalnız jurnalist təhsili olan adamlara qəzet verək. Bu doğru deyil. Çünki bu, insan haqlarının pozulacağı məqama apara bilər. Peşəkarlıqda ən çox pozulan peşə etikasıdır. Peşə etikasının bütün dünyada qəbul olunmuş prinsiplərini qəbul etməliyik. Peşəkarlıqda ən ciddi prinsiplərdən biri qərəzsizlikdir. Qərəzsizlik doktrinadır, jurnalistikanın ən güclü prinsipidir.

Cəmiyyətin günahı


- Bu yaxınlarda müsahibə aldığım peşəkar həmkarlarımızdan biri jurnalistlərimizin müasir jurnalistikanın tələbləri ilə uyğunlaşa bilmədiyini vurğuladı. O, həmçinin bu fikri jurnalistikanı tədris edən müəllimlərin də ünvanına səsləndirdi. Bu ittihamlara necə yanaşırsınız?

- Mən həmin həmkarınızın fikrini xeyli dərəcədə bölüşürəm. Biz jurnalistika tədrisində ən yeni qaydaları tətbiq etməyə çalışırıq. Amma bunu axıra qədər edə bilmirik. Buna ilk növbədə texnniki imkanlarımız çatışmır. Məsələn, televiziya ilə bağlı müasir tələblərə cavab verən tədris studiyamız yoxdur. Ancaq inanıram ki, bu problem yaxın zamanda həllini tapacaq. Çünki universitetin planında jurnalistika fakültəsi üçün ayrıca bina tikmək və o binada tədris studiyası yaratmaq ideyası var. Hələlik isə bunlar yoxdur. Digər tərəfdən, müəllimlərimiz içərisində jurnalistikanın qayda-qanunlarını, prinsiplərini bilən adamların bir hissəsi yaş baxımından xeyli qocalıb. Həmin adamlar yeni texnologiyanı qəbul edə bilmirlər. Ona görə də  həmkarınızın dediyi fikirlərin böyük əksəriyyəti ilə razılaşıram. Amma bir inkişaf tempi var. Xarici dilləri bilən, jurnalistikanın beynəlxalq prinsiplərinə yaxşı bələd olan, xarici ölkələrdə treninqlərdə iştirak edən cavanlar bugünkü müasir standartlara cavab versələr də onlar 150 manat maaşa işləmək istəmirlər.
 

- Bəs jurnalistlərin cəmiyyətdəki nüfuzu barədə nə deyə bilərsiniz?

- Nüfuzu aşağı salan qeyri-peşəkarlıqdır. Peşəkar jurnalist rüşvət almaz. Peşəkar jurnalist öz səviyyəsini, öz qiymətini bilən adamdır. Rüşvəti qeyri-peşəkar jurnalist alır. Hər şey iş yerindən başlayır. Çünki orada redaktorun özü də qeyri-peşəkar jurnalist kimi oturub. Mən Mətbuat Şurasının «reket» jurnalistikası adlandırdığı qəzetləri nəzərdə tuturam. Onlar bizim peşəkarlığı, jurnalistika sözünü o qədər gözdən salıblar ki, adam bu peşədə çalışmağından narahatlıq keçirir. Amma bütün bunlarla bərabər Azərbaycan jurnalistikası inkişaf edir. İnanıram ki, qəzetlər tamam müstəqilləşəndən sonra Azərbaycanda həm müstəqil jurnalist tipindən, həm də müstəqil qəzet tipindən qürurla danışa biləcəyik.

Ciddi proqram


- Dövlət jurnalistlərin sosial durumunun yaxşılaşdırılması üçün addımlar atır. KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması buna sübutdur. Mətbuat Şurası da öz növbəsində müəyyən işlər görməyə çalışır. Ancaq bütün bunlar  jurnalistlərin sosial problemlərinin tamamilə aradan qaldırmağa kömək etmir. Məsələn, jurnalistlər az maaşa işləyir, evsizlikdən və digər məişət problemlərindən əziyyət çəkirlər. Siz bu problemlərin həlli üçün hansı təkliflərlə çıxış edirsiniz?

-  Mənim ən böyük arzum odur ki, Azərbaycandakı qəzetlərin sayı İsveç, İsveçrə və Finlandiyadakı qəzetlərin sayına bərabər olsun. O ölkələrdə 80-90-dan artıq sayı olan qəzet yoxdur. Bizdə qəzet dünyası çox genişdir. Bizim “KİV haqqında qanun” 18 yaşına çatmış hər kəsə qəzet buraxmaq imkanı verir. Mən qanunda hər hansı dəyişikliyin tərəfdarı deyiləm. Ancaq mən jurnalistika dünyasını ona çağırıram ki, qoy bilsinlər, hər kəs qəzet buraxa bilməz. Bir qəzet buraxmaq üçün minimum 30-40 adam olmalıdır. Qəzetlərin sayı azalsa, ictimai rəyə təsir edən qəzetlər yaşasa, KİV-ə Dövlət Dəstəyi Fondu da onlara kömək göstərmək iqtidarında olar. Bu Fonda kifayət qədər vəsait ayrılıb, ancaq bu, yenə də bəs deyil. Çünki yüzlərlə qəzet bu quruma göz dikib. Elə bilirəm ki, Azərbaycanda ictimai fikrə təsir edən 30-40 qəzet var. Onlar dövlət dəstəyindən əməlli bəhrələnə bilərlər. Bu qəzetlər əsl jurnalistika məktəbi kimi fəaliyyət göstərsələr, dövlət qayğısı bir az da artıq olar, onda sosial məsələlər də həll olunar. Digər sosial məsələlərə gəlincə,  Mətbuat Şurası jurnalistlərin mənzillə təmin olunması ilə bağlı ciddi proqram üzərində işləyir. İnanıram ki, o proqram prezidentə çatan kimi məsələ həll olunacaq. Çünki Azərbaycan prezidentinin ən çox işlətdiyi ifadələrdən biri xalqın sosial rifah halının yaxşılaşdırılmasıdır. O cümlədən bu da elə bir zümrədir ki, dövlətin, demokratik dəyərlərinin formalaşması prosesində onun oynadığı rolu heç nə oynaya bilməz. Yəqin ki, lap yaxın gələcəkdə jurnalistlərin sosial məsələsinə diqqət artacaq.

- Sizcə sosial problemlər məngənəsində sıxılan jurnalistlər mətbuatın 135 illik yubileyini tam optimist ruhla qeyd edə biləcəklərmi?

- Mənə elə gəlir ki, jurnalistlər bu bayramı optimist əhval-ruhiyyə ilə qeyd edəcəklər. İndiyə qədər mətbuatın yubileyləri bu cür möhtəşəm qeyd olunmamışdı. Prezidentin Sərəncamı çıxan gündən biz bu əhval-ruhiyyə ilə yaşayırıq. Ümidim var ki, Sərəncam bu bayramı xeyli şərəfləndirəcək. Biz orada yeni təltiflər görəcəyik və bizim üçün maraqlı olacaq.


Təranə MƏHƏRRƏMOVA
+  -  Çap 
Yerləşdirilib: 14.07.10 | Baxılıb: 283

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •