Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
M.Akıncıoğlu: “Yaxın gələcəkdə turizmin Azərbaycana neftdən daha böyük gəlir gətirəcəyini düşünürəm”
İstifadə etdiklərimizi planlı şəkildə həyata keçirməsək, təbiəti itirə bilərik

Beynəlxalq Turizm Təşkilatının (BTT) proqnozları 21-ci əsrin turist bumu ilə yadda qalacağını göstərir. Təşkilatın araşdırmalarına görə, 2020-ci ildə dünyada səyahət edənlərin sayı 1,6 milyard nəfərə çatacaq. İnsanları daha çox maraqlandırmaq, təəccübləndirmək, eyni zamanda təsirləndirmək üçün isə daim yeni turist məhsullarına tələbat duyulur. Bu baxımdan, dünya turizm bazarı üçün yeni sayılan, amma perspektivli və sürətlə inkişaf etməkdə olan sektor – ekoturizmdir. İldən-ilə pərəstişkarlarının sayı artan “yaşıl turizm”in inkişaf etdirilməsi üçün bəs Azərbaycanda vəziyyət necədir? Bu məsələlərə ölkəmizdə bir müddət öncə qonaq olan Türkiyənin Çevrə və Orman Bakanlığının Təbiəti mühafizə və Milli parklar Departamentinin direktor müavini Mustafa Akincioğlu ilə birgə nəzər saldıq.

Ölkələrə Dubay örnəyi

- Azərbaycanda ekoturizmin inkişafı üçün hansı imkanları görürsünüz?

- Azərbaycan təbii gözəlliklərə, bioloji çeşidlərə malik son dərəcə zəngin və toxunulmamış ərazilərə sahibdir. Şahdağ Milli Parkı, Şirvan Milli parkı, Naxçıvanda Ordubad Milli Parkı, Samur-Yalama biosferləri və s. bu kimi ərazilər təbii gözəlliklərinə əl dəyilməmiş, toxunulmamış ərazilərdir. Amma Azərbaycanda da Türkiyədə olduğu kimi, qoruma-istifadə məsələlərinə çox yaxşı diqqət edərək, onu düzgün və yaxşı planlaşdıraraq turizmin inkişafına çalışmaq lazımdır. Əks təqdirdə, əgər istifadə etdiklərimizi planlı şəkildə həyata keçirməsək, bütün ölkələr olaraq, təbiiliyi, təbiəti itirə bilərik. Bu səbəbdən, təbiəti pozmadan mümkün planlaşdırmalarla, mümkün ola biləcək yerlərdə binalar tikilməli və oralarda turizmin inkişafına fərqli nativlərlə imkanlar araşdırılmalıdır. Bu nativlər dağçılıq turizmi, dağ yürüşü və s. kimi fəaliyyətlər ola bilər. İnsanlar təbiətlə üz-üzə- çeşidli quşları, böcəkləri, bitkiləri, nəbatatları görərək ondan həzz ala bilərlər. Bu, çox yaxın gələcəkdə bütün dünyada turizmin inkişaf etmiş sektoru olacaq. Biz də buna, ümumən turizmə, o cümlədən də ekoturizmə çox əhəmiyyət veririk. Azərbaycan bu anlamda son dərəcə zəngin bir təbiətə sahibdir. İnsanlar artıq dəniz turizmindən dağ turizminə yönəlirlər. Azərbaycan da təbii qaynaqlarını bu şəkildə qorumaq, mühafizə etməklə turizmin inkişafı sayəsində bir çox xarici turisti özünə cəlb edəcək.  Məsələn, mən Qəbələ rayonunun gözəlliklərindən çox təsirləndim. Bu gözəlliklər orada turizmin son dərəcə inkişafına şərait yaradır.

- Ölkələrimiz arasında təbiətin oxşar və fərqli cəhətləri nədə özünü göstərir?

- Türkiyə təbiəti ilə Azərbaycan təbiəti arasında bədirli yerlərdə çox böyük oxşarlıqlar, yaxınlıqlar var. Məsələn, Qəbələ bir az Qara dəniz bölgəsini xatırladır. Buralarda biz turizmin inkişafını saxlaya bilmək üçün təbiəti pozmadan bəzi turist mərkəzləri inşa etdik və bir gündə nə qədər turistin ziyarət edə biləcəyini, gəzə biləcəyini nəzərə alaraq, planlı bir şəkildə fəaliyyət göstəririk. Gördüyüm qədər, Azərbaycan da bunu edir. Mən yaxın gələcəkdə turizmin Azərbaycana bəlkə neftdən daha böyük gəlir gətirəcəyini düşünürəm. Ümumiyyətlə, Azərbaycanı turizm inkişafı baxımından Dubay kimi görürəm. Dubay neftdən qazandığı pulların qat və qat artığını turizmdən əldə edir. Qonşuluğundakı digər ölkələrdən fərqli olaraq, turizmi inkişaf etdirməklə, turistlərə çeşidli nativlər verdi, gömrük dərəcələrini azaltdı və s. Dubayda hər şey düzgün idarə olunur və bütün dünyadan turistləri özünə çəkir.  Bəlkə bir gün neft bitəcək, amma Dubayın turizmdən əldə etdiyi gəlirləri davam edəcək. Dubay bütün dəyərlərini onları pozmadan istifadə edə bilir. Bunu bütün ölkələr, o cümlədən, Azərbaycanla Türkiyə də etməlidir.

Ən böyük risk və təhdid


- Bəs həm Türkiyə, həm də Azərbaycanın qarşısında biomüxtəlifliyin qorunması, ümumi turizmin inkişafı ilə bağlı hansı problemlər var?

- Ən böyük risk və ən böyük təhdid mühafizə olunan ərazilərdə - milli parklar, biosferlər və s. ətrafında yaşayan insanların bu inkişaf edən sektordan ala biləcəkləri paylarla bağlıdır. Əgər biz bir yeri qoruyuruqsa, orada yaşayan insanlara qoruduqlarının əvəzini vermək  məcburiyyətindəyik. Bunu onlar yabanı heyvanları, bitkiləri, ormanı, meşəlikləri qoruduqları üçün verməliyik. Təbiətdən istifadə edənlərin gəlirləri aşağı səviyyədə qalarsa, onlar təbiətdən plansız şəkildə və kor-koranə istifadə etməyə davam edəcəklər. Bunun qarşısını ancaq gəlirləri yüksəltməklə ala bilərik. Biz xalqla bərabər bu mühafizəni təşkil edə bilsək, o zaman müvəffəqiyyət qazanarıq.

- İnsanlara təbiəti qoruduqlarının əvəzində pul verilməsi nəzərdə tutulur, yoxsa bu məsələ başqa cür həyata keçirilməlidir? Türkiyə təcrübəsində bunun üçün hansı variantlardan istifadə edilir? 

- Milli parklarımızda o yerlərdə yaşayan insanları ekoturizmin rəhbərləri olaraq yetişdiririk. Onlar rəhbər olaraq gələn turistləri onlu və ya iyirmili qruplar halında qorunan ərazini, biomilli parkı gəzdirirlər. Bunun bir xərci var və bunu gələn turistlər, ziyarətçilər qarşılayırlar. Bu qazanılan pul vəsaiti də orada yaşayan, rəhbərlik və xidmət göstərən adamlara, qruplara verilir. Eyni zamanda, orada  qəhvəxana, çayxana və s. yerlərin açılması lazımdır ki,  bunları da orada yaşayan, çalışan yerli əhalinin açmasını istəyirik. Oradan çörək, pul qazandıqları, həyatlarını bu şəkildə davam etdirdikləri üçün əldə etdikləri gəlir müqabilində qorunan həmin ərazilərə daha artıq sahib çıxırlar.

- Onda düşünmək olarmı ki, Türkiyə qorunan ərazilərin idarə olunması ilə bağlı məsələləri artıq həll edib və bu sahədə daha problem qalmayıb?

- Xeyr, bunu düşünmək olmaz. Çünki dünyanın heç bir ölkəsində mühafizə olunan ərazilərin problemlərinin tamamilə həll olunması mümkün deyil. Türkiyə də bunu tam mənası ilə çözə bilməyib. Bunun həlli daim inkişaf edən və dəyişən şərtlərə görə orada yaşayan insanları yanımıza çəkərək xüsusi mühafizə olunan ərazilərin, biosferin, bioloji müxtəlifliyin əhəmiyyətini yaxşı təbliğ edərək, başa salaraq mümkün ola bilər. Biz həm bunları anladırıq, həm də orada yaşayan insanların gəlir yerlərini artırırıq, bu sahədə problemləri çözmə yoluna gedirik. Biz bir də ov turizmi fəaliyyətlərini həyata keçiririk. Ovçuluq nəsil artırma qabiliyyətini itirmiş heyvanların təbiətdən toplanması, ayrılması mexanizmidir. Biz ovçuluğa ovlamaq, heyvan öldürmək şəklində baxmırıq. Zira bir çöl dağ keçisinin ömrü 14-15 ildir. Onuncu ildən sonra nəsil artırma qabiliyyətini itirməkdədir. Buna baxmayaraq, bir erkək heyvan bərabər olduğu 4 dişi heyvanla heç bir erkəyin ciftləşməsinə imkan verməyəcək şəkildə onları mühafizə etməkdədir. Bu, yabanı həyat tərzi keçirən heyvanlar üçün istənməyən bir durumdur. Ona görə də 4 dişi heyvanı himayəsində saxlayan nəsilvermə qabiliyyətini itirmiş erkəyin təbiətdən alınması lazımdır. Buna ovçuluq deyirik. Bu ovçuluğu xaricdən gələn maraqlılara vermək şərti ilə ondan gələn gəlirlərin 60-70 faizini həmin ərazilərdə yaşayan insanlara, xalqa veririk ki, onlar da heyvanların qorunmasına daha çox meyl etsinlər. Bu sahədə biz faydanı paylaşmağa çalışırıq. Azərbaycan da bu şəkildə davranır. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da bunu söylədi. Bundan çox məmnun oldum. Əslində vacib olan da budur. Bütün dünyada qurulan sistem də belədir.

Nəticəsiz yasaqlamalar


- Sizcə, təbiətin qorunması üçün cərimələrin artırılması, yoxsa təbiəti sevmələri üçün insanların beyninə, şüuruna təsir edərək təbliğat işlərini gücləndirmək daha çox səmərə verə bilər? Çünki bu sahədə yaranan problemlərin həlli kimi bəzən cərimələri artırmaq, sərtləşdirmək məcburiyyəti yaranır.

- Yasaqlama ilə bir nəticə ala bilmirik. Biz də ala bilmirik, Amerika da ala bilməz. Yasaqlama yerinə bu durumun əhəmiyyətini, mənasını xalqa izah edərək, əldə edilən gəliri onlara da verərək, daha faydalı nəticə almaq ən doğru istiqamət, metoddur. Bu səbəbdən də bizdə qadağalar, cərimələrin qalması ilə bərabər, onların faizi son dərəcə aşağı enib. Çünki xalq qorunan ərazilərə görə gəlir əldə etdiyini görüncə, qaçaq ovçuluğa, qaçaq istifadəyə özü qarşı çıxır. Bu sahədə həm özü mühafizə edir, həm də özü qoruduqlarından gəlir götürür. Yasaq, qadağalar, cərimə olmalıdır, amma bu cərimə təbliğatın önünə keçməməli, bu işin əhəmiyyəti xalqa anladılmalıdır.

- Türkiyədə turizm sektorunda ekoturizmin payı və bu sahədən dövlət büdcəsinə daxil olan gəlir nə qədərdir?

- Bunu təxmini olaraq söyləyə bilərəm. Dəniz turizmi güney sahillərimizdə - Antalya,  İzmir, Alonya, Mərsin tərəflərdədir. İstanbulun da turizmə gətirdiyi səmərə böyükdür. Bunun yanında ekoturizm olaraq, milli parklara, qorunan ərazilərə, dağ turizminə yönələn turist marağı var. Demək olar ki, ümumi payda 30 faiz dağ turizmindən, ekoturizmdən istifadə edir.

- Azərbaycan Türkiyənin bu sahədə qazandığı mərhələyə neçə il müddətinə çata bilər?

- Türkiyədə bu sahədə təxminən 10 ildir ki, inkişaf gedir. Bu sahənin inkişafı sadəcə bizim və ya buradakı tikililərin artması ilə bağlı deyil, dünyada ekoturizm maraqlılarının artmasına da bağlıdır. Bütün dünyada dağ turizminə, ekoturizmə yönəliş artmaqdadır. Bu artım bütün zəngin təbiəti olan ölkələrə doğru yönəlməkdədir və gün keçdikcə də artacaq. Azərbaycan da bu məsələdə şanslıdır. Təbiətini məhv etmədən, bu şərtə ciddi riayət edərək bu yolda irəliləməlidir. Azərbaycanın hər sahədə olduğu kimi, bu sahələrdə də Türkiyə ilə münasibətləri çox yaxşıdır. Bu baxımdan, təbii qaynaqların istiqamətləndirilməsi məsələsində də biz hər zaman işbirliyinə hazırıq.

HƏQİQƏT İSABALAYEVA
+  -  Çap 
Yerləşdirilib: 13.07.10 | Baxılıb: 306

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •