Xəzər televiziyasının “İncilər” verilişinin “Kaspi” qəzeti ilə birgə layihəsinin qonağı «Popstar Alaturka-2010» yarışmasının qalibi Murat Şanlıdır
Həm orada, həm burada
- Mən bu sənətə bir həvəskar kimi gəlmişəm. Heç bir Konservatoriyada oxumamışam. Ancaq ətrafımda olan insanlardan Konservatoriya səviyyəsində öyrənə bildim.
Qohumlarım, tanışlarım məni «Popstar Alaturka» yarışmasında izləyib tanıyırdılar. Sonradan «Biz səni Bakıda görmək və eşitmək istəyirik» - deyə onlar məni Bakıya dəvət etdilər. Mən də öz-özümə düşündüm ki, biz eyni millətik, heç bir fərqimiz yoxdur. Orada da eyni yeməklərdir, burada da. Demək olar ki, dilimiz də eynidir, sadəcə bir az şivələrimiz fərqlidir. Daha fərqli heç nə yoxdur. Fikirləşdim ki, sənətimi həm orada, həm də burada davam etdirəcəyəm. Artıq bir ay olar ki, Bakıdayam. Popstar yarışmasından 7 ay keçir. Mən həmin yarışmadan sonra demək olar ki, Türkiyənin bütün şəhərlərində konsert proqramı ilə çıxış etmişəm. Bu konsertlər xalqın istəyi ilə baş tuturdu. Onlar mənim ifamı bəyənir və çıxışlarımı istəyirdilər.
- “Popstar” təkcə Türkiyə daxilində keçirilən bir yarışmadır. Siz daha böyük miqyaslı müsabiqələrdə iştirak etməyi, məsələn, “Avrovizion” müsabiqəsinə qatılmağı arzulayırsınızmı?
- Bu, hər bir sənətçinin arzuladığı bir şeydir. Mən hələ bu yolun başlanğıcındayam. Hələlik televiziya ekranlarında görünürəm. Allah imkan verərsə çıxışlarımı daha da genişləndirəcəyəm. Mənim yarışmalardan qorxum yoxdur. “Popstar”ın qalibi oldum. Əgər yalnız birinci yerin qalıibləri üçün yarış keçirsələr ora getməkdən də qorxum yoxdur, düşünmərəm ki, mən birinciliyi əldən verə bilərəm. Öz səsimin ustalığına güvənərək birinci də ola bilərəm, deyə təkrarən onlarla yarışaram. Hər bir qismət Tanrının əlindədir. Bu gün səsim gözəldir, amma sabah yuxudan durunca bəlkə bu səsdən əsər-əlamət qalmayacaq? Bəlkə bu gün yaraşıqlı görünə bilərəm, amma sabah zahirimdə yaxşı olmayan bir dəyişiklik olacaq? Ona görə də mən yalnız Tanrının yazısına inanıram.
İmperatorluq arzusu
- Türkiyə səhnəsində hər hansı gənc müğənninin məşhurluq qazanması üçün hansı keyfiyyətlər tələb olunur?
- İlk növbədə səs və ustalıq olmalıdır. Bir var düz oxumaq, bir də var müğənniliyin bütün qayda və qanunlarına riayət etməklə ifa etmək. Müğənni həmçinin zahirən gözəl olmalıdır. Səhnə üçün görünüş çox önəmlidir. Səhnədə davranmağı bacarmaq, ayaqda durmaq, insanlarla ünsiyyət yaratmaq, dinləyicinin qəlbinə yol tapmaq çox vacib amillərdir.
- Türkiyə səhnəsi yeni gələn müğənniləri necə qəbul edir? Rəqabət böyükdürmü?
- Təbii ki, müəyyən dönəmlərdə qalmaqallar olacaq. Onlar nə qədər “yaxşısan, gözəl oxuyursan” desələr də, ürəklərində fərqli düşünürlər. Çünki kimsə istəməz ki, başqa bir müğənni gəlib onun şöhrətinə şərik olsun və yaxud kimsə onu üstələsin. Sənətçilərin içərisində bir qısqanclıq var. Bəlkə də bu sənətin özündən gələn bir şeydir. Bəlkə mən də onun səviyyəsinə qalxandan sonra məndə də elə hisslər yaranacaq. Ancaq mən heç kəsi qısqanmıram, əksinə, alqışlayıram. Çünki fikirləşirəm ki, o, Türkiyəmizə lazımdır. Bizim ən gözəl sənətçimiz İbrahim Tatlısəsə dünyanın hər yerində qulaq asırlar. O mənim ölkəmin sənətçisidir və bundan qürur duyuram. Çox istərdim ki, mən də bir gün onun səviyyəsinə qalxım və dünyada məni tanısınlar, dinləsinlər. Elə bir sənət imperatoru olmağı hər kəs arzulayar.
- Elə bir səviyyəyə çatmaq çoxmu çətindir?
- Əlbəttə, çox çətindir. Hər kəs sənətin imperatoru, Maykl Cekson və ya Pavarotti ola bilirmi? Bir də bu zirvələrə qalxmaq üçün insana şans lazımdır. Məncə sənətdə şanslı olmaq çox böyük amildir. Tutaq ki, çox gözəl oxu, istədiyin qədər özünü canfəşanlıq elə, qarşındakı insanın gözündən qəlbinə qədər gir, əgər şansın yoxdursa, sən o qədər də uğur qazana bilməyəcəksən, səni çox tez unudacaqlar. Ancaq şansın olacaqsa bəzən oxumağın yüksək səviyyədə olmasa belə sənə dəstək verəcəklər. Allah sənə şans verirsə irəli gedəcəksən.
- Türkiyədə insanların musiqiyə, ümumiyyətlə, sənətə münasibəti necədir?
- Türkiyədə sənətin adı üstündədir. Sənət insanların özünü dərk elədiyi, yalnızlıq çəkmədiyi, dərdlərini paylaşdığı bir şeydir. Elə musiqi var ki, insanı əyləndirir, elə musiqi var ki, düşüncələrə salır, elə musiqi var ki, xatirələrini canlandırır, ona keçmişini xatırladır. Sənətsiz həyat yoxdur. Bunu hər kəs dərk edir. Təbii ki, burada da zövqlər fərqlidir, kimisi ritmik, kimisi də lirik musiqini sevir. Amma bəlli bir səviyyəyə qalxmaq istəyirsənsə həm lirik, həm də ritmik mahnılar oxumağı bacarmalısan. Yalnız bir janrda oxusan məhdud bir auditoriyan olacaq. Bir sənətçi bütün janrların vəhdətindən yaranan bir repertuara malik olmalıdır. Həm muğam, həm estrada, həm lirik, həm də başqa janrda mahnıları oxumağı bacarmalısan. Tutaq ki, restorana və ya bir toy mərasiminə hər cür musiqi dinləyən, fərqli zövqlü insanlar gəlir. O insanların hamısının zövqünü təmin edə biləcək mahnılar ifa etməyi bacarmalısan. Sənətin içərisində bunların olması şərtdir.
- Bunların hamısı sizin sənətinizin içində varmı?
- Təbii ki var. Buna görə bir qorxum yoxdur. Mən muğam da, lirika da, ritmik mahnı da oxudum. Şükür Allaha, insanlar tərəfindən də bəyənilirəm. Mən Azərbaycan mahnılarını çox sevirəm, ona görə də repertuarıma daxil etmişəm. Burada olduğum bir ay müddətində 3 oynaq mahnı ifa etmişəm. Bu mahnıları ifamda çox bəyəndilər. Mən bu mahnıları toyda oxuyarkən demək olar ki, hamı ayağa qalxıb oynayırdı. Onlar sanki qulaqlarına inanmırdılar. Sonra hamısı mənə yaxınlaşaraq “bizim mahnılarımızı oxuduğunuz üçün sizə təşəkkür edirik, sizi daha çox sevdik” deyirdilər. Bu sözləri eşitmək mənim üçün çox xoşdur. Sevinirəm ki, Sona xanım Vəliyevanın sözlərinə yazılmış iki mahnını mənə hədiyyə etdi ki, oxuyum. O mahnıları həvəslə oxudum. Qeyd edim ki, bu mahnıları oxumağımdan bir qürur duydum. Həmin mahnıları həmçinin bir neçə televiziya proqramlarında ifa etdim. Sevinirəm ki, gözəl reaksiyalar oldu.
Həyat tərzi
- Bu sənətdə çatmaq istədiyiniz hansı arzularınız var?
- Yalnız Türkiyə çərçivəsində bir sənətçi olmaq istəmirəm. Xarici ölkələrə çıxmaq, ölkəmizi, mahnılarımızı dünyanın hər yerində tanıtmaq istəyirəm. Hər bir sənətçinin arzuladığı, çatmaq istədiyi bu məqsədə mən də çatmaq istəyirəm. Bu gün dünyanın əksər ölkələrində türklər yaşayır. İstəmirəm ki, konsertlərimlə yalnız onların qarşısında çıxış edim. İstəyirəm ki, bizim musiqimizi, dilimizi bilməyən başqa insanlar da sevsin. Səsimin dünyanın hər yerinə yayılmasını istəyirəm. Bəlkə o yerlərdə məni daha çox sevəcəklər, bəlkə o yerlərdə Türkiyədəkindən daha çox tanınacağam.
- Bu gün sənət aləmində sizi daha çox pul, şöhrət, yoxsa dinləyicilərin sevgisi maraqlandırır?
- Mən pulu o qədər də sevən insan deyiləm. Ancaq hər bir kəs kimi bizim də bir yaşam standartlarımız var. Bir sənətçi olaraq yaxşı geyinmək məcburiyyətindəyəm və bunun pulunu qazanmağa çalışmalıyam. İstərdim insanlar məni yanlış anlamasınlar. Bir sənətçi ilə adi bir insanın nahar elədiyi bir yer arasında fərq olmalıdır. Ola bilər ki, o insanların yanında yemək mənə daha xoş gedər, ancaq sənətim xatirinə başqa bir yerdə oturmalıyam vəhəmin yer üçün də pulu qazana bilməliyəm. Məni işimə aparıb-gətirən bir maşınım olmalıdır. Demirəm ki, mənim bahalı maşınlarım olsun, demirəm ki, binanın 1-ci mərtəbəsində deyil, 16-cı mərtəbəsində evim olsun. Sadəcə sənətim üçün yetəcək qədər pul qazanmaq istəyirəm. Mən əslində insanlar arasında bir fərq görmürəm. Sadəcə bizim sənətimiz bir qədər fərqlidir. Biz səsimizlə hər hansı bir işi görürük, amma kimsə əllərinin gücü, biləkləri ilə, diş-dırnaqları ilə buna nail olurlar. Onlar da sənətkardır. Bəlkə də bizdən daha çox sənətkardırlar. Fərq ondan ibarətdir ki, biz göz önündəyik. İnsanlar bizə daha çox diqqət yetirir, bizimlə maraqlanırlar. Ona görə də biz fərqli görünməyə çalışmalıyıq.
- Yaradıcılıq planlarınız nədir?
- Təbii ki, yeni-yeni mahnılar yazdırmaq istəyirəm. Arzum xalqın məndən gözlədiklərini onların özünə qaytarmaqdır.
- Musiqi sizin üçün nə deməkdir?
- Musiqi mənim üçün həyat tərzidir. Hər bir sənətin ən yüksək keyfiyyəti duyğusallığıdır. Mənim də duyğusallığım musiqidir. Onsuz mənim üçün həyat yoxdur.
Təranə MƏHƏRRƏMOVA