Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Nizami Cəfərov incəsənəti şou-biznessiz təsəvvür etmir
«Şou-biznes haqqında» qanunu qəbil etsəydik də proseslərə ciddi təsir edə bilməyəcəkdik»

Parlament jurnalistləri Milli Məclisin komitə sədrləri ilə görüşləri davam etdirirlər. Bu dəfə jurnalistlərin suallarını parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov cavablandırdı. Söhbət zamanı bir sıra məsələlərə toxunuldu. Komitə sədri əvvəlcə dərsliklərin səviyyəsi ilə bağlı sualı cavablandırdı. O qeyd etdi ki, dərsliklərdəki problemlərin əsas səbəbi SSRİ dövründə bu işin başqaları tərəfindən görülməsi olub. Texniki elmlər, tarix, təbiət elmlərinə dair dərsliklər sadəcə rus dilindən Azərbaycan dilinə tərcümə edilib. Bu baxımdan, əsas problemlər də bu sahələr üzrə yazılan dərsliklərdə müşahidə olunur. Azərbaycan dili, ədəbiyyat və digər humanitar fənlərlə bağlı dərsliklər isə sovet dövründə də azərbaycanlı alimlər tərəfindən hazırlandığından müstəqillik illərində bu sahədə ciddi problem olmayıb. Narazılıqlar isə sırf subyektiv baxışlarla bağlı olub: «Məsələn, biri istəyir ki, ədəbiyyat dərsliyində Süleyman Rüstəmin şeirləri olsun, digəri bunu istəmir. Bizim isə əsas məqsədimiz odur ki, şagirdlər dərslikdən istifadə edəndə çox yorulmadan lazımi informasiyanı ala bilsinlər. Deyə bilərəm ki, dərsliklərimiz ilbəil təkmilləşir».
Komitə sədri dedi ki, təhsildəki problemləri təkcə dərsliklərlə əlaqələndirmək doğru deyil. Burada müəllim faktorunu da unutmaq lazım deyil: «Tədris prosesində müəllim də vacib faktordur. Bizdə keçid dövründə sanki müəllimlərin bir az damarı boşaldı. Müəllimlər üçün metodik vəsait qıtlığı yarandı. İndi bu problemi aradan qaldırmağa çalışırıq».

«-ov», «-yev» sonluqlu soyadların minimuma endirilməsi nəzərdə tutulur


Komitə sədri soyad sonluqları ilə bağlı aparılan iş barədə də danışdı. O qeyd etdi ki, Milli Elmlər Akademiyasında yaradılan komissiya təxminən bir il ərzində bu istiqamətdə intensiv iş aparıb. Bu işin nəticəsi olaraq konsepsiya hazırlanıb. Konsepsiya elm adamlarının təklifi kimi təqdim olunub. Burada əsas məqsəd Azərbaycanda «-ov», «-yev» sonluqlu soyadların minimuma endirilməsidir. N.Cəfərovun sözlərinə görə, bu sonluqlu soyadlar 30-cu illərdə Azərbaycanda zorən tətbiq olunub. Hazırda da ölkədəki soyadların 80 faizi məhz «-ov», «-yev» sonluğu ilə qurtarır. Soyadların 10 faizi «zadə», 10 faizi isə «-lı», «-li» sonluqları ilə bitir: «Məsələnin mürəkkəbliyi bundadır ki, biz bunu təkcə Azərbaycan Respublikasının vətəndaşları üçün hazırlamırıq. Təkliflər milli baxımdan o qədər əsaslandırılmalıdır ki, onu bütün 50 milyonluq azərbaycanlılar qəbul etsin». N.Cəfərov onu da bildirdi ki, AMEA-nın komissiyası şəxsləri təhqir edən, milli mentalitetə yad olan adların qoyulmasını da qadağan etməyi təklif edir. Onun sözlərinə görə, aparılan araşdırmalar Azərbaycanda adqoyma fantaziyasının o qədər də zəngin olmadığını üzə çıxarıb. Məsələn, rəsmi statistikaya əsasən, Azərbaycanda 40500 nəfər Əli adında insan var. Azərbaycanda ən populyar olan ikinci oğlan adı Elçindir. Təxminən 35 min insan bu adın daşıyıcısıdır. Vüqar adlı 33 min, Anar adlı 31 min, Elnur adlı 30 min, Samir adlı 29 min, Elşən adlı 28 min Azərbaycan vətəndaşı var. Qızlar arasında ən populyar olan ad isə Sevincdir. Hazırda Azərbaycanda 47 min qız bu adı daşıyır. İkinci yerdə Günel (40 min), üçüncü yerdə Leyla (35 min) qərarlaşıb. Bundan əlavə, qızlar arasında Aygün, Günay, Sevda, Vüsalə, Könül, Təranə adları da populyardır. Rəsmi statistikaya görə, ölkədə 3 min nəfər Sevinc Məmmədova var. Əliyev Əlilərin də sayı təxminən 3 mindir. Bundan əlavə ölkədə 2500 nəfər Günel Məmmədova, 2400 nəfər Elçin Məmmədov var.
Komitə sədri Azərbaycanda yeni adların gündəmə gətirilməsinə ehtiyac olduğunu bildirdi. Onun sözlərinə görə, artıq bununla bağlı təkliflər hazırlanıb. Həmin təkliflərə əsasən, çayların, göllərin, dağların, yazılı ədəbiyyat nümunələrindəki qəhrəmanların adlarının da uşaqlara verilməsi tövsiyə olunacaq: «Azərbaycanda mümkün qədər çox ad olmalıdır. Bu sahədəki bir problem də odur ki, yeni doğulan uşaqlara babalarının və ya nənələrinin adları qoyulur. Nəticədə yeni adlar yaranmır. Mən özüm bu ənənəni pozmağa çalışmışam. Nəvələrimdən birinin adı Atilla, digərininki Alpərdir. Öz soyad sonluğumu isə yaşımın keçməyinə görə dəyişmirəm. Mənə elə gəlir ki, bu yaşdan sonra soyad sonluğumu dəyişmək bir az yüngüllükdür».

«Röya həqiqətən böyük sənətkardır»


N.Cəfərov müasir şou-biznesdəki vəziyyət barədə də fikirlərini bölüşdü. O qeyd etdi ki, rəhbərlik etdiyi komitədə bu sahədəki vəziyyətlə bağlı müzakirələrin aparılması təbii qəbul olunmalıdır: «Çoxlu müzakirələr aparılsa da biz «Şou-biznes haqqında» qanunu qəbul etmədik. Lap bu qanunu qəbil etsəydik də bu sferadakı proseslərə ciddi təsir edə bilməyəcəkdik. Çünki mədəniyyət elə bir sahədir ki, burada prosesləri adət və ənənələr müəyyən edir. Onları qanuna salmaq çox çətindir». Komitə sədri hazırda şou-biznesdə olan müğənniləri yaxından izlədiyini bildirdi. Dünyada şou-biznessiz incəsənət yoxdur. Bunu birdəfəlik bilməliyik. Amma şou-biznesi özbaşına da buraxmaq olmaz. Röya həqiqətən böyük sənətkardır. Onun bir-iki mahnısı var ki, həqiqətən sənət əsəridir. Amma bəzi hərəkətləri var ki, onları qəbul edə bilmirəm. Azərin də bir ayrı tipdir. Aygün Kazımovanın da sənətini bəyənirəm. Məncə Murad Dadaşov da çox istedadlı bir şoumendir”.

Parlamentin intellektual səviyyəsi artıb


Nizami Cəfərov ikinci çağırış Milli Məclislə üçüncü çağırış arasındakı fərqdən də danışdı. Onun fikrincə, bu çağırışda parlamentin intellektual səviyyəsi xeyli yüksəlib: «Ötən çağırışda biz daha çox mübahisə edirdik. Amma bu dəfə belə deyil. Hansısa bir deputat həmkarımız mənasız çıxış edəndə heç kəs buna ciddi narazılıq etmir. Buna sadəcə gülürük. Parlamentə sanki intellekt və təmkin gəlib. Mənə elə gəlir ki, budəfəki deputatların mütləq əksəriyyəti növbəti parlamentdə də təmsil olunacaq».
N.Cəfərov öz istirahəti və dostları barədə sualları da cavablandırdı. Qeyd etdi ki, parlamentdə daha çox Yaqub Mahmudov, Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Fəttah Heydərov, Ziyad Səmədzadə və Siyavuş Novruzovla dostluq edir. Yeyib-içmək dostları isə daha çox Bakı Dövlət Universitetinin müəllimləridir: «Bizim yeyib-içmək kampaniyası hələ mən deputat olmamışdan əvvəl formalaşıb. Bu kampaniya Milli Məclisin hesabına genişlənməyib. Elə adam var ki, onunla yol-yoldaşı ola, söhbət edə bilərsən, amma yeyib-içə bilməzsən. Çünki elə adamlar var ki, onları görəndə adamın iştahı küsür. Elə dostlar da var ki, onları görəndə adamın yadına ancaq yeyib-içmək düşür. Mənim atam ermənistanlı, anam qazaxlıdır. Bəzən zarafatla deyirəm ki, mənim iki kompleksim var. Ermənistanlı kompleksim tutanda daha çox elm, siyasət barədə üstünlük verirəm. Qazaxlı kompleksim tutanda isə yeyib-içmək, saza qulaq asmaq, ədəbiyyatla məşğul olmaq istəyirəm».

«Bəzən «ön söz»ləri utandığımdan yazıram ki, məndən əl çəksinlər»


N.Cəfərov bəzən o qədər də tanınmış olmayan yazı və şairlərin əsərlərinə «ön söz» yazması ilə bağlı iradları qəbul etmədiyini bildirdi. O qeyd etdi ki, ona kim «ön söz» yazmaq üçün müraciət edirsə, etiraz etmir: «Bəlkə də bu mənim müəllimlik xüsusiyyətlərimdən irəli gəlir. Bəzən də məni buna məcbur edirlər. Bəzən «ön söz»ləri utandığımdan yazıram ki, məndən əl çəksinlər, küsməsinlər. Burada nə var ki? Əgər əsər zəifdirsə, mənim ona «ön söz» yazmağımla güclənməyəcək ki? Bəzən həvəsləndirmək üçün mənasız bir adama da deyirsən ki, «sən kişi adamsan». Gərək insanları həvəsləndirməyi bacaraq. Bir də ki, yazıçı-şair bir az qadın xasiyyətli olur. Sənət adamlarının sığala ehtiyacı var. Gərək bunları nəzərə alaq».


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 10.07.10 | Baxılıb: 235

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •