M.Abbaszadə: ”İntellektual oğurluq nədənsə hələ yaxşı qəbul olunur”
“İmtahanda köçürmək istəyən utanmalıdır. Köçürmək istəmək – oğurlamaq deməkdir. İntellektual oğurluq nədənsə hələ yaxşı qəbul olunur. Amma etik qaydalar formalaşmalıdır”. Bu barədə dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçirilən mətbuat konfransında TQDK sədri M.Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanlarda köçürmə hallarının qarşısının alınması nəzarətçinin üzərinə düşürsə, onun baş verməməsi üçün işlər ailə və məktəb tərəfindən həyata keçirilməlidir: “Çox təəssüflər olsun ki, köçürməyə daha çox valideynlər tərəfindən müsbət yanaşmalar olur. Köçürməni gənclər norma kimi qəbul edirlər. Amma bu hərəkətin ayıb və utandırıcı hərəkət olması ailə və məktəbdə formalaşmalı, orada aşılanmalıdır”. III ixtisas qrupu üzrə imtahan nəticələrinə toxunan M.Abbaszadə bildirib ki, köçürmə səbəbindən 7 nəticənin ləğv olunduğunu bildirib: “Əslində köçürənlərin sayı daha çoxdur. Amma biz bu ləğvetməni 250 baldan yuxarı nəticə göstərənlər arasında həyata keçirmişik. Növbəti imtahanlarda da yalnız köçürmə cəhdinə görə yox, köçürməyə imkan verənlərin də nəticələri ləğv ediləcək. Bundan başqa, mobil telefon və kənar əşyalar gətirənlər də imtahana buraxılmayacaq. Ötən imtahanda daha çox qızlar imtahana telefon keçirmək cəhdi göstəriblər. 8 nəfər belə abituriyent üzə çıxarılıb. Telefonlarla imtahan otağına girənlər də olub. Telefonu elə yerdə gizlədiblər ki, onları yalnız özləri otaqda çıxardıqdan sonra aşkarlamaq mümkün olub”. Komissiya sədri iyulun 11-də I ixtisas qrupu üzrə qəbul imtahanının keçiriləcəyini də deyib. İmtahan Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində aparılacaq: ”I qrup üzrə 35769 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 32992 nəfəri Azərbaycan, 2777 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 21547 nəfərini oğlanlar, 14222 nəfərini isə qızlar təşkil edir. Bakı şəhərində 25497, Gəncədə 4573, Naxçıvanda 1353, Sumqayıtda isə 4346 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. Buraxılış rejimində uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar”. Komissiya sədri bildirib ki, I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başalanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək: ”Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər. I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 15-dən 21-dək qabiliyyət imtahanı verməlidirlər”. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə bilərlər. Bütün qruplar üzrə ixtisas seçimi isə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Komissiya sədri ali məktəblərə müsabiqədənkənar daxil olan 41 nəfər dünya və Avropa çempionunun siyahısının təsdiqləndiyini də vurğulayıb: ”İdman və Bədən Tərbiyəsi Akademiyasına daxil olan bu şəxslərdən əlavə, 6 nəfər də Bakı Musiqi Akademiyasına daxil olmaq üçün tələb olunan qabiliyyət imtahanından azad edilib”.
Həqiqət İSABALAYEVA
|