Milli mətbuatın 135 illik yubileyi yaxınlaşır. Bayram ərəfəsində jurnalistlərin problemləri daha çox yada düşür və qabardılır
Mətbuat nümayəndələri yubileylə bağlı ölkə prezidentinin Sərəncamına problemlərinin həlli istiqamətində bütün düyünlərin açarı kimi yanaşırlar. Regionlarda fəaliyyət göstərən media nümayəndələri də eyni ümidlə yaşayırlar.
Regional jurnalist əməkdaşlığı
Azərbaycan Jurnalistlər Birliyinin Cənub Media Resurs Mərkəzinin rəhbəri Xaqani Səfəroğlu bizimlə söhbətində rəhbərlik etdiyi təşkilatın monitorinqləri əsasında cənub bölgəsində fəaliyyət göstərən mətbuatın mövcud vəziyyətinin qənaətbəxş olmadığını bildirdi. Onun sözlərinə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə yaradılan təşkilat cənub bölgəsində çalışan jurnalistlərin koordinasiyasına nail olmaq, onlar arasında əməkdaşlıq meyllərini gücləndirmək istiqamətində xeyli addımlar atıb. Belə ki, KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi Mərkəzin nəzdində “Jurnalistlərin İnformasiya Mübadilə Şəbəkəsi” fəaliyyətə başlayıb.
X.Səfəroğlu layihənin istiqamətlərindən danışaraq bildirdi ki, əsas məqsəd bölgədə baş verən proseslərin işıqlandırılması üçün birgə informasiya mübadilə şəbəkəsinin qurulmasına nail olmaqdır. Layihənin məqsədlərindən biri regional KİV-lərin və jurnalistlərin informasiya əldə etmək imkanlarını üzə çıxarmaq və bu istiqamətdə yerli qəzetlərin nüfuzunun artırılmasına kömək etməkdir. Layihə çərçivəsində yaradılmış “teleqraf.com” informasiya mübadilə portalı yerli jurnalist şəbəkəsinin formalaşması və regional jurnalist əməkdaşlığı üçün baza rolunu oynayacaq.
Bərbad vəziyyət
X.Səfəroğlu problemlərdən danışaraq bölgə mətbuatında pərakəndəliyin hökm sürdüyünü vurğuladı: “Media mərkəzinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, qəzetlərin əksəriyyəti sovet ənənəsi ilə çıxır. Redaksiyaların maddi-texniki bazaları çox zəifdir. Mərkəzi mətbuatdan çox aralı düşmələri isə demək olar ki, əsas problemdir”.
X.Səfəroğlunun bildirdiyinə görə, hazırda cənub bölgəsində ümumilikdə qeydiyyatdan keçən 20-dən çox mətbu orqan olsa da onların çox az qismi işıq üzü görür. “Monitorinq nəticəsində məlum olub ki, bu qəzetlərin əsas problemi maddi çatışmazlıqdır. Qəzetin nəşri üçün vacib olan kadrlar, maddi-texniki baza yoxdur. Sadəcə qəzet qeydiyyatdan keçib və rəhbərləri baş redaktor kimi fəaliyyət göstərirlər. Bu baxımdan rayon qəzetləri çox bərbad səviyyədədir. Qəzetlərin redaksiya üçün vacib olan əmlakları yoxdur”.
Sovet ənənəsi
Layihə koordinatorunun dediyinə görə, yerlərdə peşəkar jurnalistlərin qıtlığı da əsas problemlərdən biridir. Belə ki, rayonlarda ancaq sovet dövründə çalışan jurnalistlər fəaliyyət göstərir ki, onlar da çağdaş jurnalistikanın prinsiplərindən xəbərsizdirlər. Onlar yeni prosesə uyğunlaşa bilmirlər. Digər problem isə, gənclərin jurnalistikaya maraq göstərməməsi ilə bağlıdır: “Çünki bölgə jurnalistikası özünü təsdiqləyə bilməyib. Jurnalistikaya marağı olan insanların çoxu mərkəzi qəzetlərdə çalışmağa üstünlük verir. Bölgə mətbuatı sırf həvəskarların üzərində qalıb. Bu adamlar üzərində qurulan mətbuatdan hansı peşəkarlığı gözləmək olar? Bu, hər şeydən əvvəl subyektiv yanaşma tərzinə aparıb çıxarır”. Mərkəz rəhbərinin bildirdiyinə görə, bütövlükdə cənub bölgəsində oxunaqlı qəzet çıxarmaq üçün lazım olan komanda yoxdur. X.Səfəroğlu qeyd etdi ki, bölgədə qəzetlərin müstəqil fəaliyyət göstərmək imkanları məhduddur. Qəzetlərin əksəriyyəti icra hakimiyyətlərinin nəzarətindədir. Reklam bazarı bərbad gündədir. Eləcə də qəzet və reklam anlayışı bir-birindən fərqlidir: “Məsələn, Lənkəranda iri müəssisələr var, ancaq onlar qəzetlərə reklam vermirlər. İanələr hesabına çıxan qəzet necə ola bilər? Hansısa sponsorun dəstəyi ilə çıxan qəzetdə də həmin sponsorun öz maraqlarının olması təbiidir”.
X.Səfəroğlu vurğuladı ki, Media Mərkəzi region mətbuatının canlanmasından ötrü təkliflərlə çıxış edib. Belə ki, Bakıda fəaliyyət göstərən jurnalistlərlə informasiya mübadiləsinin yaranması bölgə qəzetlərində canlanma yarada bilər. Mərkəzin digər təklifi isə region mətbuatına dövlətin diqqət göstərməsi ilə bağlıdır: “Ölkə prezidentinin mətbuatın inkişafına aid fərman və sərəncamları var. Bu sənədlər bütövlükdə milli mətbuatımıza aiddir. Yəni burada paytaxt və ya bölgə mətbuatı deyə fərq yoxdur. Əslində icra hakimiyyətləri, icra strukturları qəzet üçün şərait yaratmağa borclu deyillər. Burada dövlət tənzimlənməsi vacibdir. Çünki bölgə qəzetlərinin təşəkkülü yoxdur. Paytaxt qəzetlərində oturuşmuş bir sistem yaradılıb. Bölgə mətbuatında isə bu problemdir”.
Mərkəz rəhbəri hesab edir ki, region mətbuatını canlandırmaq üçün güzəştli kreditlərin ayrılması, KİV-ə Dövlət Dəstəyi Fondunun region qəzetləri ilə bağlı hansısa bir təklifinin olması problemin həllinə kömək edə bilər. “Çox istərdim ki, regional mətbuatla bağlı KİV Fondunun bir layihəsi olsun. Fond və ya Mətbuat Şurası bölgələrdə monitorinq aparsın və aktiv olan qəzetlərə prezidentin yardımları da şamil edilsin!”
Mərkəz rəhbəri cənub bölgəsində çalışan jurnalistlərin Fondun keçirdiyi müsabiqələrdə iştirak etmək arzularını da dilə gətirdi: “Bölgə jurnalistləri faktiki olaraq kənarda qalıblar. Məsələn, jurnalistlər şikayətlənirlər ki, onlar müsabiqələrdə iştirak edə bilmirlər. X.Səfəroğlu jurnalist təşkilatlarının da bölgə mətbuatı ilə bağlı zəif iş aparmalarından gileyləndi. Mərkəz rəhbərinin bildirdiyinə görə, jurnalist təşkilatlarının bölgə ilə əlaqəsi məhduddur. “Bölgə mətbuatı ilə bağlı problemlər bir növ bölgə jurnalistlərinin öz üzərinə düşüb. Bu isə böyük problemdir”.
Ümidlər
X.Səfəroğlu bölgə jurnalistlərinin milli mətbuatın yubileyinə ümidlərlə getdiyini də vurğuladı: “Bölgə jurnalistləri pessimist deyil. Ancaq onlar bu bayramdan bir pay da istəyirlər. Çox istərdim ki, uzun illər region mətbuatında çalışan insanlar da təltif edilsinlər. Əgər prezidentin bununla bağlı fərmanı varsa, bir neçə nəfərin adı da bölgədən daxil edilsə yaxşı olar. Bu, yerli jurnalistlərə stimul verər”.
Hələlik isə regionda yaşayan jurnalistlər ümidlə yaşayırlar. Ümid edirlər ki, nə vaxtsa onlara da diqqət və qayğı göstəriləcək...
Təranə MƏHƏRRƏMOVA