Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qəzetlərin yayım dərdi
Köşklərin sayının azalması və əhalinin gur olmadığı yerlərə qoyulması qəzetlərin satılmasına ciddi problem yaradır

Bir neçə gündür Milli Mətbuatımızın 135 illik yubileyi ərəfəsində üzləşdiyimiz çətinliklərdən bəhs edirik. Bugünkü yazımızda mətbuatın yayım problemindən danışacağıq.

Hər dəfə mətbuatın üzləşdiyi çətinliklərdən bəhs edəndə qəzetlərin satışı faizinin aşağı olması, başqa sözlə, oxucu qıtlığı önə çəkilir. İndi ölkənin ən çox satılan qəzetləri də məhz bu problemdən şikayətcildirlər. Bu bir reallıqdır ki, Azərbaycan insanı çox da qəzet oxuyan deyillər. Son məlumatlara görə, hazırda paytaxt Bakıda 325-dən çox qəzet çap olunur. Onların ümumi tirajı 850 mindən artıqdır. Amma hər gün qəzet köşklərinə göndərilən qəzetlərin təxminən 75 faizi geri qayıdır. Bu, qəzetlərin nəşrinə sərf olunan külli miqdarda kağızın və böyük jurnalist ordusunun əməyinin çölə atılması kimi bir şeydir.
Amma qəzetlərin satış faizinin aşağı olmasını təkcə əhalinin qəzetlərə az maraq göstərməsi ilə əlaqələndirmək doğru deyildir. Bu problemin aktual olmasında qəzetlərin yayımı sahəsindəki çətinliklər də az rol oynamır. 
Bu sahədə problemlərin olduğu artıq hamı tərəfindən etiraf olunur. Həm yayım şirkətləri, həm də qəzet rəhbərləri bu sahədəki problemləri açıq şəkildə gündəmə gətirməkdədirlər.
Yayım şirkətləri iddia edirlər ki, qəzetlər maraqlı olmadıqlarından onların satış faizi aşağıdır. Ölkənin ən böyük mətbuat yayımı şirkəti olan «Azərmətbuatyayım" ASC-nin məlumatlarına görə, hazırda Azərbaycanda qeydiyyatdan keçən təxminən 5 min mətbuat orqanından 2010-cu ilin yanvar ayında cəmi 206 adda qəzet yayım üçün müqavilə imzalayıb. Ancaq bunların da heç də hamısı nəşr olunmayıb. Cəmi 131 qəzet yanvar ayında nəşr olunub və yayıma təqdim edilib. Onlardan 30-u gündəlik, 80-i həftəlik, 21-i isə ayda 1 və ya 2 dəfə nəşr olunan qəzetlərdir. Fevralda qəzet yayımında çox cüzi dinamika müşahidə edilib, 210 adda qəzet sifariş verilib, onlardan 138-i nəşr olunaraq yayıma təqdim edilib. Bütün bu qəzetlərin satış faizi olduqca aşağıdır. Xüsusilə ayda 1 və 2 dəfə çıxan qəzetlərin satışında problemlər qeydə alınıb.
Qəzetlər isə problemlərin özlərindən qaynaqlandığı ilə razılaşmırlar. Baş redaktorları yaranmış vəziyyətə görə yayım şirkətlərini satışı düzgün qurmamaqda günahlandırırlar. Qəzetlərin mövqeyindən çıxış edəriksə, bu sahədə doğurdan xoşagəlməz hallar yetərincədir. Birincisi, son illər paytaxtda aparılan abadlaşdırma və tikinti işləri qəzet köşklərinin sayının xeyli azalmasına səbəb olubdur. Bəzi köşklər ləğv olunub, bəziləri  isə əhalinin o qədər də gur olmadığı yerlərə köçürülüblər. Məsələn, əgər sovet vaxtında Bakıda 600-ə yaxın qəzet köşkü var idisə, indi onlardan cəmi 300-ü qalıb. Bundan əlavə, qəzet köşkləri əvvəl şəhərin ən gediş-gəlişli yerlərində idisə, indi həmin yerlərdən götürüb az gediş-gəliş olan küçələrə qoyublar. Təbii ki, köşklərin sayının azalması və əhalinin gur olmadığı yerlərə qoyulması qəzetlərin satılmasına ciddi problem yaradır. Nəticədə vətəndaşların qəzet almaq imkanları məhdudlaşdırılır.
Digər problem odur ki, qəzet köşkləri təkcə qəzet satmaq üçün deyil, həm də ticarət obyekti kimi istifadə olunur. Burada siqaret, saqqız, təsərrüfat malları, dəftərxana ləvazimatları və digər məhsullar da satılır. Nəticədə köşklərin satıcıları qəzetdən çox digər malları satmaqda maraqlı olurlar. Bu səbəbdən də alıcıya başdansovdu cavablar verilir, xidmətin səviyyəsi aşağı düşür. Bəzən yeri gəldi-gəlmədi, oxucuya istədiyi qəzetin onlara gəlmədiyi barədə məlumatlar verilir.
Yeri gəlmişkən qeyd edək ki, qəzetlərin satılması üçün köşklərdə onların təqdimatı da önəmli məsələdir. Bunun üçün yayım şirkətləri işə peşəkar yanaşmalı, bu məsələyə xüsusi diqqət ayırmalıdırlar. Amma qəzet köşkü ticarət köşkünə çevriləndə bunu etmək o qədər də asan olmur.
Bundan əlavə, Azərbaycan mətbuatının regionlarda yayımı ilə bağlı ciddi problemlər vardır. Qəzetləri rayonlara əsasən «Azərmətbuatyayım» aparır. Digər mətbuat yayımı şirkəti “Qasid”in isə respublikanın cəmi 11 rayonunda satış köşkü var. Amma adıçəkilən şirkətlərin də bu işi mükəmməl səviyyədə həyata keçirdiyini iddia etmək olmaz. Rayonlara gedən qəzetlərin sayı az olduğundan yayım firmaları onları öz maşınları ilə apara bilmirlər. Çünki rayonlarda satılan qəzetlərdən əldə edilən gəlir heç şirkətlərin ayıracaqları maşınların yanacaq pulunu da ödəmir. Belə olduqda şirkətlər rayonlara göndərilən qəzetləri avtobus və ya qatarla göndərirlər. Nəticədə qəzetlər rayonlardakı köşklərə ən yaxşı halda günortadan sonra çatır. Təsəvvür edin ki, hətta, ölkənin ikinci böyük şəhəri olan Gəncəyə qəzetlər mütəmadi olaraq günortadan sonra çatdırılır.
Azərbaycanın kənd yerlərinə isə ümumiyyətlə, təzə qəzetlərin çatdırılması heç xəyallardan belə keçmir. Azərbaycanın nəinki ucqar dağ kəndlərinə, hətta iri qəsəbələrinə də qəzetlər gedib çıxmır.
Bəzən yayım firmaları qəzetlərin satılmasında maraqlı olmurlar. Onlar satılmayıb geri qayıdan qəzetləri maklatura kimi satıb gəlir götürməyə çalışırlar. Yayım işi ilə məşğul olanlar bunun bir fakt olduğunu özləri də etiraf edirlər.
Qəzetləri narahat edən digər məqam odur ki, bəzi yayım firmaları özləri qəzet təsis edərək əsas diqqətlərini həmin qəzetlərin yayımına və abunəsinə yönəldirlər. Belə olduqda digər qəzetlər yaddan çıxır, yayımda ayrı-seçkilik yaranır.
Yayım firmalarının xidmətlərinə görə həddindən artıq böyük faiz tələb etmələri də qəzetlər üçün ciddi problemdir. Xüsusilə də satışı yaxşı olan qəzetlər bundan əziyyət çəkirlər. Belə ki: yayım firmaları faktiki olaraq qəzetlərin satışından gələn gəlirin 30 - 40 faizini özlərinə götürürlər.
Yayımdakı problemlər səbəbindən Azərbaycanda hələ də axşam qəzetləri nəşr olunmur. Gündəlik qəzetlər yalnız səhərlər çap olunmaqla kifayətlənirlər. Vaxtilə bir neçə qəzet axşam nömrələrini də buraxmaq istəsə də, məqsədinə nail ola bilməyib. Çünki yayım şirkətləri axşam nəşr olunan qəzetləri yaymaq iqtidarında deyillər. 
Göründüyü kimi, yubiley ərəfəsində olan mətbuatımızın yayım problemi doğurdan da ciddidir. Bu problemlər ən qısa zamanda həll edilməlidir. Gələcəkdə dövlətin mətbuata dəstək istiqamətində ayırdığı vəsaitlərin bir hissəsi məhz bu problemin həllinə yönəldilməlidir. Çünki qəzetlərin yayım işi düzgün qurularsa, heç şübhəsiz ki, bu, satışa da müsbət təsir göstərəcəkdir. Qəzetlərin satış faizinin artması gəlirlərin də artmasına gətirib çıxaracaq. Satışın artması qəzetlərə həm də əlavə reklam qazandıracaq. Bütün bunlar qəzetlərin ağır olan maddi durumunun bir qədər yaxşılaşmasına da təkan verə bilər. 


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 09.07.10 | Baxılıb: 273

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •