Yenə də səbəb kimi iqtisadi çətinliklər göstərilir
Milli Mətbuatımız 135 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu müddət ərzində Azərbaycan mətbuatı çox uzun bir inkişaf yolu keçib. «Əkinçi»dən başlayan bu uzun yolun 135 il ərzində çox enişi-yoxuşu olub. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra isə mətbuatımızın inkişafında yeni bir mərhələ başlayıb. Müstəqil mətbuat inkişaf edib, yeni-yeni qəzet və jurnallar nəşrə başlayıb. Mərhələ-mərhələ mətbuatın üzləşdiyi problemlər aradan qaldırılıb. Müstəqil mətbuatın inkişafına təkan verən mükəmməl hüquqi baza yaradılıb.
Bu gün hətta beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Azərbaycanın media qanunvericiliyi demokratikliyi baxımından Avropa ölkələrindən heç nə ilə geri qalmır. Ölkədə istənilən şəxs qəzet təsis etmək hüququna malikdir. Bunun üçün yalnız Ədliyyə Nazirliyinə müraciət etmək kifayətdir.
Artıq uzun müddətdir ki, Azərbaycanda senzura da ləğv olunub. Qəzetlər istədikləri mövzunu istədikləri formada oxucularına çatdırmaq imkanı, istədikləri şəxsləri tənqid etmək hüququ qazanıblar.
Ötən müddət ərzində Azərbaycan mətbuatının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı da xeyli iş görülüb. KİV-ə vergi güzəştləri tətbiq olunub, bir sıra qəzetlərin dövlətə məxsus «Azərbaycan» Nəşriyyatına olan borcları silinib.
Bütün bunlara baxmayaraq, mətbuatımızın hələ də həllini gözləyən bir çox problemləri var. Məsələn, diqqət yetirsək bu gün qəzetlərimizin çap keyfiyyətinin hələ də istənilən kimi olmadığını görərik.
«Azərbaycan» Nəşriyyatı istisna olmaqla demək olar ki, əksər özəl mətbəələrin təklif etdiyi çapın keyfiyyəti istənilən səviyyədə deyil. İnkişaf etmiş ölkələrdə böyük tirajlı qəzetlərin özlərinin mətbəələri olur. Azərbaycanda isə hələlik heç bir qəzet buna nail ola bilməyib. Yalnız idman sahəsində ixtisaslaşmış «Futbol+» qəzeti bu problemi həll edə bilib. Digər qəzetlər isə müxtəlif özəl mətbəələrə müraciət etməklə bu problemi yoluna qoymağa çalışırlar.
Maraqlıdır ki, bu gün Azərbaycan media bazarının aparıcı qəzetləri belə rəngli nəşr oluna bilmirlər. Əvvəllər belə fikirlər səsləndirilirdi ki, ölkədə qəzetlərin rəngli çap olunması üçün mətbəə yoxdur. Amma 2008-ci ildə bu problem də aradan qaldırıldı. Həmin il oktyabrın 9-da prezident İlham Əliyev “Azərbaycan” Nəşriyyatında istifadəyə verilmiş rəngli ofset çap kompleksi ilə tanış oldu. 1250 kvadratmetr sahəsi olan kompleksdə Almaniya istehsalı olan “KBA COMET” çap avadanlığı quraşdırıldı. Ən müasir sayılan bu texniki avadanlıq, səhifələrin sayından asılı olaraq, saatda 75 min nüsxə qəzet çap etməyə imkan verir. Burada eyni vaxtda iki müxtəlif qəzet çap etmək mümkündür. Nəşriyyatın mütəxəssisləri yeni texnologiyanı mənimsəmək üçün Almaniyada və Moskvada təcrübə keçiblər.
Amma bu mətbəə istifadəyə veriləndən sonra yalnız rəsmi qəzetlər rəngli nəşr olunmağa başladılar. Bir də rus dilində nəşr olunan bəzi qəzetlər rəngli çap olunmağa keçdilər. Digər qəzetlər isə yenə də əvvəlki qaydada - ağ-qara formatda nəşri davam etdirirlər.
Qəzetlərin çap keyfiyyətinin aşağı olması ümumilikdə mətbuat üçün bir sıra problemlər yaradır. İlk növbədə materialların keyfiyyətli şəkillərlə müşayiət olunması mümkün olmur. Bu isə təqdim olunan yazıların oxucuya daha dolğun çatdırılması imkanlarını məhdudlaşdırır. Ümumilikdə qəzetlərin cəlbediciliyi azalır. Qəzet keyfiyyətli və rəngli nəşr olunanda isə sanki oxucunu özü çağırır.
İkincisi qəzetlərin çap keyfiyyətinin aşağı olması reklam cəlb edilməsi imkanlarını da azaldır. Çünki şirkətlər ağ-qara formatda, özü də keyfiyyətsiz nəşr olunan qəzetlərdə reklam verməyə həvəs göstərmirlər. Bu cür reklamlar şirkətlərə əlavə nüfuz gətirmir.
«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, rəngli qəzet baha başa gəldiyindən onlar bu varianta keçid edə bilmirlər. Onun sözlərinə görə, qəzetin rəngli çapı ağ-qara çapından təxminən iki dəfə baha başa gəlir. Bu isə onsuz da maddi vəziyyəti ağır olan müstəqil qəzetlər üçün çox böyük yükdür. Baş redaktor deyir ki, rəhbərlik etdiyi qəzetin rəngli çap olunmaması onlara bir sıra problemlər yaradır. Bu xüsusilə də reklamların cəlbində hiss olunur. Bəzi şirkətlər reklamlarının rəngli və daha keyfiyyətli verilməsini istəyirlər. «Bu tələbə əməl edə bilmədiyimizdən xeyli reklam itiririk. Amma neyləyək, indiki durumda qəzetimizin rəngli formatda çap olunması mümkünsüzdür» - deyə baş redaktor vurğuladı.
«Paritet» qəzetinin baş redaktoru Cəmaləddin Quliyev də rəhbərlik etdiyi qəzetin rəngli çap olunmamasını iqtisadi faktorlarla əlaqələndirdi. Onun sözlərinə görə, qəzetin rəngli çapı əlavə çap xərci istəyir. Digər tərəfdən, bunun üçün redaksiyada texniki imkanlar da yaxşılaşdırılmalıdır. C.Quliyev deyir ki, əslində bəhanə kimi dünyada əksər ciddi qəzetlərin ağ-qara formatda çap olunmasını da göstərmək olar. Məsələn, bütün dünyada məşhur olan «Nyu-York Tayms» qəzeti 10 il bundan əvvələ qədər yalnız ağ-qara nəşr olunub. Son 10 ildə isə qəzetin yalnız bəzi səhifələri rəngli çap olunur. «Amma bu, Azərbaycan reallığında ciddi səbəb hesab oluna bilməz. Məncə, bizim qəzetlərin rəngli çap olunmaması sırf maliyyə məsələləri ilə bağlıdır».
Göründüyü kimi, yenə də məsələ gəlib çıxır qəzetlərin maddi durumuna. Hətta qəzetlərin keyfiyyətli çap olunmaması da maddi iqtisadi faktorlarla bağlıdır. İnanmaq istərdik ki, mətbuatımızın növbəti yubileyinə qədər bu problemlərin böyük bir qismi həllini tapacaq.
İlham QULİYEV