Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“40 yaşına qədər kirayələrdə yaşayan və hələ də ailə qura bilməyən peşəkar jurnalistlərimiz var”
Millət vəkili Aynur Camalqızı: «Təzədən qayıdıb heç vaxt hansısa mətbuat orqanda çalışmaq istəmərəm və çalışmaram»

Milli mətbuatın yubileyi ərəfəsində “Həmkar” rubrikasında millət vəkili Aynur Camalqızı ilə söhbətləşdik. Aynur xanım keçmiş həmkarlarının problemlərindən və jurnalistikamızın perspektivlərindən ətraflı danışdı.


Sosial sifariş


- Qarşıdan jurnalistlərin 135 illik yubileyi gəlir. Siz özünüz də vaxtilə jurnalist kimi çalışmısınız. Bu gün də jurnalistlərlə sıx təmasda olan millət vəkilisiniz. Sizcə jurnalistlər yubileyi qarşılamaq üçün yüksək əhval-ruhiyyədədirlərmi?

- Bu, hər bir jurnalistin öz əhval-ruhiyyəsi və hansı media strukturunda çalışması ilə əlaqəlidir. Yəqin elə jurnalistlər var ki, bayramı nikbin, elələri var ki, pessimist əhval-ruhiyyə ilə qarşılayır. Elə jurnalistlər də var ki, perspektivlə bağlı heç bir ümidi yoxdur. Bu cür jurnalistlər daha çox müxalif yönlü mətbuat orqanlarında çalışır. Mən özüm də vaxtilə müxalif mətbuatında çalışdığıma görə bu insanların əhval-ruhiyyəsi mənə çox tanışdır. Çox işləyib az əməkhaqqı almaq, bir çox hallarda əməyin qiymətləndirilməməsi, işlədiyi strukturla heç bir əmək müqaviləsinin olmaması və s. faktlar var. Bu problemlər mənə tanış olduğundan bilirəm ki, qətiyyən nikbin əhval-ruhiyyədə olmayan həmkarlarımız da var. Ancaq mən Azərbaycan jurnalistikasının gələcəyi və perspektivləri ilə bağlı qətiyyən ümidsiz olan adam deyiləm. Düşünürəm ki, son 20 il ərzində Azərbaycan mətbuatında çox ciddi inkişaf və tərəqqi gedib. Bu inkişafın bariz nümunəsi KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətidir. Bu Fond vaxtaşırı keçirdiyi müsabiqələrdə mətbuatla bağlı layihələrin maliyyələşdirilməsinə yardım göstərir. Fondun maliyyə imkanlarından jurnalistlərimiz yararlana bilirlər. Ölkə prezidenti tərəfindən Azərbaycanda fəaliyyət göstərən KİV-lərə birdəfəlik yardımlar göstərilir və s. bütün bunlar mətbuatın maliyyə problemlərinin həllində əhəmiyyətli rola malikdir. Bununla belə, düşünürəm ki, Azərbaycan mətbuatının vəziyyəti daha yaxşı ola bilər. Çünki Azərbaycanda müstəqil mövqeyi ilə tanınan mətbu orqanlar sayca azdır. Ölkədə demokratiyanın formalaşması, vətəndaş cəmiyyətinin inkişafı üçün əslində bizdə müxalif və iqtidar yönlü mətbu orqanlardan daha çox müstəqil mövqeli mətbuatın olmasına çox ehtiyac var. Ümumiyyətlə, bu, cəmiyyətdə barışçı əhval-ruhiyyəsinin formalaşmasına  kömək etmiş olardı. Hələlik mənim nöqteyi-nəzərimdən görünən Azərbaycan mətbuatı budur.

- Sizcə hansısa bir qurumdan və ya partiyadan asılı olmayan müstəqil mətbuatın yaranmasına necə nail olmaq olar?

- Bundan ötrü təbii ki, ilk növbədə cəmiyyətdən sosial sifariş olmalıdır. Cəmiyyət göstərməlidir ki, onların belə bir KİV-ə ehtiyacları var. Eyni zamanda, belə bir KİV-in yaranmasına cəmiyyətin ayrı-ayrı nümayəndələri - ziyalıları, aydınları, QHT nümayəndələri də maraqlı olmalıdır. Ümumiyyətlə, müstəqil mətbu orqanın yaranması, formalaşması və fəaliyyət göstərməsi üçün ilk növbədə onun maddi vəsaitə ehtiyacı var. Bilirsiniz ki, ölkəmizdə əksər mətbu orqanlar sponsorun köməyi olmadan yaşaya bilməz. Mənə elə gəlir ki, sponsor asılılığından qurtarmaq üçün reklam bazarında ciddi islahatların aparılmasına ehtiyac var. Çünki Azərbaycanda belə biznes strukturları, elə şirkətlər var ki, onlar mətbuatla işləməkdə maraqlı deyillər. Digər tərəfdən onların narahatçılığı başa düşüləndir. Məsələn, onlar hansısa bir media qurumuna dəstək verəndə qorxurlar ki, adları hansısa siyasi məsələlərdə hallandırıla bilər. Onların da bu narahatlığına son qoyulması üçün müstəqil KİV-lərin olması vacibdir ki, onlar da çəkinmədən öz reklamlarını həmin mətbu orqanlarda yerləşdirə bilsinlər. Bir çox səbəblər var ki, müstəqil mətbuatın yaranmasına ciddi təkanlar verə bilər. Bu gün Azərbaycanda ən çox oxunan qəzetin tirajı 10 mindən yuxarı qalxa bilmir. Bu saydan aşağı çıxan qəzet də öz-özünü maliyyələşdirə bilməz. Bunun üçün kənar dəstək olmalıdır. Ona görə də monitorinqlər keçirilməli, mütəxəssis və ya sosioloq araşdırılması aparılmalıdır: Azərbaycan oxucusu nə oxumaq istəyir və onun istədiyi qəzet necə olmalıdır? Mənə elə gəlir ki, onun istədiyi qəzeti nəşr etdirməklə müstəqil mətbuatın əsasını qoymaq olar.

Qadınların təmsilçiliyi


- Bu gün jurnalistikanın qabardılan problemlərindən biri kimi peşəkarlığın aşağı səviyyədə olması fikri ilə siz də razılaşırsınızmı?

- Təəssüf ki bu gün mətbuatımızda belə bir problem var. Mən həmişə demişəm ki, başqa sahələrdə uğur qazana bilməyən adamlar özlərini jurnalistikada sınamaq niyyətinə düşürlər. Tibb Universitetini bitirmədən həkim, Pedaqoji Universiteti bitirmədən müəllim işləmək olmaz. Amma jurnalistika fakültəsini qurtarmadan jurnalist işləmək olar. Bu hansı məntiqdir? Bəzən deyirlər ki, “KİV haqqında qanun”a edilən dəyişikliklər radikaldır. Ancaq mən tamamilə bunun əleyhinəyəm. Düşünürəm ki, mətbuat sahəsində çox ciddi nizam-intizamın yaradılması üçün qanunlar bir qədər də sərtləşdirilməlidir. Hesab edirəm ki, mətbuatla-hakimiyyət, mətbuatla-hüquq-mühafizə orqanları və başqa strukturlar arasında yaranan son məlum problemlər – jurnalistlərin həbsi, qəzetlərin cərimələnməsi və s. hamısı qeyri-peşəkarlıqdan qaynaqlanır. Əminəm ki, Azərbaycan mətbuatında peşəkarlıq olsa və bu məsələlərə ciddi şəkildə əhəmiyyət verilsə, ölkəmizdə nə jurnalist həbs olunar, nə də hər hansı bir qəzet cərimələnər və ya bağlanar. Fikir versəniz görərsiniz ki, Azərbaycanda peşəkarlığı ilə seçilən heç bir jurnalist nə cinayət məsuliyyətinə cəlb olunub, nə də hansısa bir ifadəsinə görə cərimələnməyib. Mənə elə gəlir ki, Azərbaycan mətbuatında ciddi nizam-intizamın yaradılmasına, vəziyyətin yaxşılığa doğru dəyişilməsinə nail olmaq üçün peşəkarlıq məsələlərinə ciddi diqqət yetirmək lazımdır.

- Fikirlər səslənir ki, KİV-də qadınların rəhbər vəzifələrə təyin edilməsi medianın inkişafına dəstək ola bilər. Buna sübut kimi keçmişdə jurnalist işləyən millət vəkillərinin bu gün parlamentdə daha fəal olmasını önə çəkirlər. Sizin fikriniz necədir?

- Təbii ki, bu fikirləri bölüşürəm. Bugünkü Azərbaycan parlamentində məhz jurnalistikadan gəlmiş millət vəkilləri, xüsusən də qadınlar öz aktivliyi, ölkənin ictimai-siyasi həyatında fəal iştirakları ilə ciddi şəkildə digər həmkarlarından fərqlənirlər. Düşünürəm ki, bu, bütövlükdə nəinki ölkə parlamentinin, həmçinin dövlətimizin uğurudur. Qadınların siyasi sosiallaşma prosesində fəal iştirak etmələri, ölkənin ictimai-siyasi həyatında aktiv fiqurlara çevrilmələri üçün onların istər seçkili orqanlarda, istərsə də idarəetmədə əhəmiyyətli qərarların qəbul edilməsində aktiv fəaliyyətləri çox vacibdir. Bu, bir baş ölkənin inkişaf tempinə təsir edən məsələdir. Rəsmi statistikaya görə, ölkə əhalisinin yarıdan çoxu qadınlardır. Bu həm də o deməkdir ki, ölkədə keçirilən bütün seçkilərin taleyini məhz qadınlar həll edir. Bu baxımdan necə ola bilər ki, istər parlamentdə, istər bələdiyyələrdə, istər KİV-də və yaxud Azərbaycan hökumətində qadınların təmsilçiliyi zəif olsun. Bu məsələ ilə bağlı ölkədə maarifləndirmə işlərinin aparılması da prosesə çox ciddi təsir göstərə bilər. Qarşıdan gələn parlament seçkilərində də cəmiyyət öz seçimlərində qadınlara üstünlük verməklə problemin həllinə yardım etmiş olar. Əgər ölkə əhalisinin yarıdan çoxu qadınlardırsa və bu qadınlar da ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyib öz evlərinə, mətbəxlərinə çəkiləcəklərsə, təbii ki, ölkədə inkişaf tempi zəifləyəcək. Çünki tək əldən səs çıxmır. İstənilən ölkədə seçkili orqanlarda və idarəetmədə cinslərdən hansı birisə daha böyük üstünlük təşkil edirsə, bu, ölkənin inkişafına təsir edir. Bəzi ölkələrdə hətta qadağalar var ki, cinslərin iştirakı 50 faizdən yuxarı qalxmamalıdır. Mənə elə gəlir ki, qadınlar üçün bərabər imkanların yaradılmasından ötrü şübhəsiz ki, bu münbit şərait yaradıla bilər. Çox təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lərdə qadınlarımız rəhbər vəzifələrdə çox zəif təmsil olunurlar. Çox istərdim ki, bu məsələyə də diqqət yetirilsin. Cəmiyyətin digər sosial qruplarında olduğu kimi, jurnalistikada da bu amillər nəzərə alınmayanda sonradan çox ciddi fəsadları ortaya çıxır.

Jurnalistlərin problemi


- Srağagün Jurnalist Qadınlar Assosiasiyası jurnalistlərin sosial problemlərinə həsr olunan dəyirmi masa keçirdi. Bir neçə millət vəkilinin də qatıldığı tədbirdə media nümayəndələrinin problemlərinin həlli yolları müzakirə olunaraq vurğulandı ki, jurnalistlərin ən böyük problemləri əmək haqlarının həddən artıq aşağı olması və mənzil problemləridir. Siz jurnalistlərin bu problemlərinin həlli üçün hansı təkliflərlə çıxış edərdiniz?

- Mən həmin tədbirlə mətbuat vasitəsilə tanış oldum. Dəvət olunsaydım, böyük məmnuniyyətlə iştirak edərdim. Ona görə ki, bu mənə yaxın mövzudur. Ümumiyyətlə, parlament iclaslarında jurnalistlərin sosial problemləri, məişət problemləri ilə bağlı mənim qədər çıxış edən ikinci bir millət vəkili bəlkə də yoxdur. Bu məsələlərin qabardılması təbii ki, mənim ürəyimcədir. Azərbaycan jurnalistlərinin içərisindən çıxan bir şəxs olaraq onların hansı çətinliklərlə, hansı sosial problemlərlə üzləşib məşəqqətlər altında yaşadıqlarını mən bilirəm. Çox təəssüf ki, bizdə əksər mətbuat orqanlarında jurnalistləri qəpik-quruşa işlədirlər, onlara çox cüzi əməkhaqqı verirlər. Onların gələcəkdə təqaüd almaları sual altına düşür. Təbii ki, belə az maaşla onlar özlərinə nə ev-eşik, nə ailə qura bilirlər. 40 yaşına qədər kirayələrdə yaşayan və hələ də ailə qura bilməyən peşəkar jurnalistlərimiz var. Ona görə də dövlətin bu sosial qrupla bağlı xüsusi bir siyasətinin olması çox vacibdir. Ölkə prezidenti həmişə qayğıya ehtiyacı olan müxtəlif sosial qruplara xüsusi diqqət və həssaslıqla yanaşır. Tez-tez eşidirik ki, prezident mənzilə ehtiyacı olan incəsənət adamlarını mənzillə təmin edir. Onlara yüksək təqaüd verilir. Çox arzu edərdim ki, jurnalistlərlə bağlı da bu cür addımlar atılsın. Bilirsiniz ki, bu gün mətbuatımızda müəyyən bir aqressiya hiss olunmaqdadır. Həmin KİV aqressiya ilə bir növ cəmiyyəti də yükləməyə cəhd göstərir. Bu aqressiv əhval-ruhiyyənin azaldılması və yox edilməsi üçün hesab edirəm ki, dövlət media mənsublarına diqqəti artırsa, bu cür məsələlər kökündən həll edilmiş olar.

Arzu


- Jurnalistikamızın mövcud problemlərini bilə-bilə yenidən qayıdıb jurnalist işləyərsinizmi?

- Bu məsələ ilə bağlı tamamilə səmimi danışacağım. Açığı Azərbaycan jurnalistikasındakı problemləri, bugünkü mətbuatda işləməyin ağırlığını görmüş bir şəxs olaraq təbii ki, təzədən qayıdıb heç vaxt hansısa mətbuat orqanda çalışmaq istəmərəm və çalışmaram. Eyni zamanda, bir ciddi jurnalist olaraq məndə həmişə yazmağa həvəs və maraq var. Hətta çox ciddi şəkildə istəyirəm ki, özümün müəllifi olduğum ya bir qəzet, ya jurnal, ya da internet səhifəsi olsun ki, orada jurnalistikaya aid olan arzu və istəklərimi gerçəkləşdirə bilim.


Təranə MƏHƏRRƏMOVA
+  -  Çap 
Yerləşdirilib: 08.07.10 | Baxılıb: 294

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •