Ceyhun Osmanlı: “Klinton bəyan etdi ki, o bu münaqişənin həllini istəyir və hətta bu həllin onun hakimiyyəti dövrində baş tutmasını arzulayır”
ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfəri çərçivəsində gənclərlə görüşdü. Görüşdə iştirak edən “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı təəssüratlarını APA-ya bölüşüb.
- ABŞ dövlət katibi ilə görüşlə bağlı təəssüratlarınız nədən ibarətdir?
-Öncə qeyd edim ki, xanım Klinton görüşün əvvəlində bildirdi ki, tək danışmağa yox, həm də dinləməyə gəlib. Protokola görə görüş üçün 20 dəqiqə ayrılmışdı, lakin görüş 50 dəqiqə davam etdi. Digər maraqlı məqam ondan ibarətdir ki, səfər öncəsi postsovet məkanında belə bir əhval-ruhiyyə hökm sürürdü, artıq Amerikanın müəyyən maraqlar qarşısında postsovet ölkələrindən geri çəkilməmək meylləri var. Turnenin marşrutu da təsadüfi seçilməmişdi, Ukrayna, Polşa, Azərbaycan, Ermənistan və Gürcüstan. Səfər onu göstərdi ki, ABŞ-ın bu 5 ölkədə maraqları var və öz maraqlarına uyğun fəaliyyətini davam etdirəcək. Gənclərlə görüş onu göstərdi ki, ABŞ tək bu gün yox, həm də gələcəkdə Azərbaycanla möhkəm əlaqələr qurmaqda maraqlıdır. Bu həm də “Azərbaycanın enerji ehtiyatları tükənəndə bu ölkəyə maraq azalacaq” deyən insanlara mesaj idi.
- Azərbaycan gənclərini hansı suallar maraqlandırırdı?
- ABŞ-da dostluq əlaqələri qurmaq, inkişaf etdirmək Azərbaycana o qədər də asan başa gəlməyib, çünki Azərbaycan ABŞ-la maraqları birbaşa ziddiyyət təşkil edən Rusiya, İran və Ermənistanın əhatəsindədir. Sonuncu ölkə faktiki olaraq Rusiyanın forpostudur. Bunun əvəzində ABŞ Azərbaycana nə vəd edir? Klinton aydın şəkildə Obama administrasiyasını Azərbaycanla bağlı düşündürən 3 məqamı açıqladı. Birinci məsələnin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən Klinton bəyan etdi ki, o bu münaqişənin həllini istəyir və hətta bu həllin onun hakimiyyəti dövrində baş tutmasını arzulayır. Dövlət katibi bildirdi ki, əvvəllər də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına çox çalışıb, amma səyləri uğursuzluğa düçar olub. O, səfəri ilə nizamlanma prosesinə növbəti impuls verdiyini və bu istiqamətdə səylərini davam etdirəcəyini vurğuladı. Xanım Klinton bildirdi ki, ABŞ Minsk Qrupuna həmsədrlik edən bir ölkə kimi daimi olaraq bu məsələnin davamiyyətini nəzarətdə saxlayacaq.
ABŞ üçün ikinci prioritet olan Azərbaycanın təhlükəsizlik məsələsidir. O, obrazlı bir cümlə işlədərək dedi ki, hələ bəzi ölkələr o cümlədən bir çox insanlar Azərbaycanın müstəqilliyini həzm edə bilmirlər. Belə olan şəraitdə istər Azərbaycan sərhədlərinin təhlükəsizliyi, neft kəmərlərinin qorunması, iqtisadi, siyasi təhlükəsizlik məsələləri, Azərbaycan mili təhlükəsizliyindən irəli gələn məsələlər ABŞ-ın nəzarətindədir və bu məsələlərdə ABŞ Azərbaycanın yanında olacaqdır.
Üçüncü məsələ kimi o Azərbaycanda insan kapitalının ardıcıl dəstəklənməsini qeyd etdi. Ancaq təhsilli və peşəkar insanlar ali ideyaların daşıyıcıları ola bilərlər. Əgər biz demokratiya və söz azadlığının inkişafında maraqlıyıqsa, bu insanların ümumi təhsil, intellekt səviyyəsinin ardıcıl inkişafı getməlidir. Yəni insanlara yatırım olmalıdır ki, onlar təkamül yolu inkişaf etsinlər. Dövlət katibi qeyd etdi ki, ABŞ özü də demokratiya yoluna gələrkən çox böyük çətinliklərdən keçib və əlavə etdi ki, vaxt vardı ABŞ-da yalnız ağ dərili və mülkiyyəti olan insanlara seçki hüquqi verirdilər. İndi isə ABŞ tam fərqli yoldadır. Müxtəlif ölkələrdə demokratiya ilə bağlı problemlərin olduğunu qeyd edənlər anlamalıdır ki, o ölkələrdə demokratiyanın yaşı gəncdir və onlar da asta, lakin iri addımlar atmaqla inkişafa nail ola bilərlər.
- Xanım Klinton Azərbaycanın uğurlarını qeyd etdimi?
- Bəli, o bildirdi ki, Azərbaycan bir neçə istiqamətdə çox düzgün addımlar atır. Mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycan bu gün iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirmək, siyasətini balanslaşdırmaq və eyni zamanda iqtisadi maraqlarını qorumaq, ardıcıl inkişaf etdirmək yolundadır. “Məhz iqtisadi inkişaf özü ilə digər inkişafları gətirəcək” deyən Hillari Klinton həyata keçirilən transmilli layihələri, xüsusilə “Nabucco” layihəsini qeyd etdi. İqtisadi layihələrlə yanaşı, Azərbaycanda bu gün müasir və dünyəvi cəmiyyət qurulur. O həmçinin Azərbaycanın ekstremizmlə vaxtında mübarizə apardığını da qeyd etdi. Səmimi dostluqdan danışan Hillari Klintona sual verildi ki, bəs bizim ən çox ehtiyacımız olduğu bir vaxtda, müharibə başlayan bir vaxtda, bizim zərərçəkən tərəf olduğumuz bir halda ABŞ bizə yardım etmək əvəzinə, Azərbaycana qarşı 907-ci maddəni tətbiq edib. O bildirdi ki, birmənalı olaraq bu maddənin ləğvini istəyir. Həyat yoldaşı Bill Klinton da buna qarşı olub, sonrakı prezident Corc Buş da buna qarşı olub və hazırkı dövlət katibi də buna qarşıdır. Dövlət katibi bildirdi ki, 18 aydır fəaliyyət göstərdiyi dövrdə bu qadağanın tamamilə ləğv olunmasına çalışıb, lakin Amerikada elə sənədlər var ki, 40 il sənəd olaraq qalır.
- Hillari Klinton Gürcüstanda bəyan etdi ki, ABŞ Gürcüstanın işğalı ilə barışmayacaq. Belə bir bəyanatı Ermənistanın Dağlıq Qarabağı işğalı ilə bağlı Bakıda da səsləndirdimi?
- Bu deyilməsə də, Azərbaycanın zərərçəkmiş tərəf olduğu, torpaqlarının işğal olduğu artıq ABŞ-da şübhə doğurmur. Bu gün mən hesab etmirəm ki, bu məsələ ABŞ administrasiyasında şübhə doğurur. Dilə gətirməsələr də belə, bunu çox yaxşı bildiklərin fərqindəyəm. Amma təbii, ki konkret olaraq Ermənistanın işğaldan vaz keçməsini tələb edən bəyan eşitmədik. Bəlkə də bu ondan irəli gəlir ki, ABŞ Ermənistanı da tam olaraq itirmək istəmir. Amma ABŞ-Ermənistan əməkdaşlığının çox böyük tarixi yoxdur. Azərbaycan isə 200 ilə yaxındır ki, ermənilərlə təmasdadır və biz onları yaxşı tanıyırıq. Bəlkə də ABŞ-ın Ermənistanla səmimi əlaqələr yaratmaq istəməsi arzusunun əbəs olduğunu biz anlayırıq, amma ABŞ ola bilər ki, bu məsələdə ümidlərini davam etdirir. Mən hesab edirəm ki, Ermənistanın işğalçı olması onlarda sual doğurmur. 20 il öncə biz hamıya Azərbaycanın harada yerləşdiyini, bu münaqişədə zərərçəkən tərəf olduğunu başa salmağa çalışırdıq. Amma 10 il öncə dünya cəmiyyəti Azərbaycanın harada yerləşdiyini, necə bir ölkə olduğunu bildi, tam fərqli bir proses başladı, indi isə həm Azərbaycanı yaxından tanıyırlar, həm də birmənalı şəkildə Azərbaycan torpaqlarının işğal olduğunu, Dağlıq Qarabağ və ətraf 7 rayonun Azərbaycan əraziləri olduğunu birmənalı şəkildə anlayırlar.