İctimai nəqliyyatdan istifadə edənləri sürücülərin sayəsində həm də bu niyyət birləşdirir
Telekanalların və qəzetlərin gündəlik xəbərlərində dəhşətli yol qəzaları haqqında xəbərləri görməyə və oxumağa artıq alışmışıq. Hər gün baş verən bu cür hadisələrdə ölən və yaralananların həyatı, qırılan və şikəst olan insan taleləri adamı sarsıdır. Bu hadisələr təbii fəlakət nəticəsində baş vermir. İnsanların səhlənkarlığı, məsuliyyətsizliyi, laqeydliyi üzündən yaranır. Hadisələr barədə rəsmi açıqlamalar da bunu sübut edir. Aparılan tədqiqatlar göstərir ki, yol qəzalarında ölənlərin sayı azalmır, əksinə ildən-ilə artır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, yol-nəqliyyat hadisələri insan ölümünün doqquzuncu səbəbi kimi tanınıb. Qəza zamanı alınan xəsarətləri isə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti qlobal problemlər siyahısına salıb.
Dəhşətli statistika
ÜST-nin ötən il 178 ölkədə apardığı hesablamalardan məlum olub ki, avtomobil qəzasından hər bir saatda 144 adam dünyasını dəyişir. Bu da dünyada il ərzində 127 000 adamın avtomobil qəzasında həlak olması deməkdir.
ÜST Azərbaycanda da avtomobil qəzalarının sayını öyrənərək qeyd edib ki, Azərbaycan Avropada ən çox avtomobil qəzası baş verən ölkələr sırasındadır və yol-nəqliyyat hadisələrində ölənlərin sayına görə öncül yerlərdə gedir. Məsələn, təkcə ötən il baş verən 2970 yol qəzası zamanı 1052 nəfər ölüb, 3232 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu ilin üç ayında isə ölkədə təxminən 600 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 205 nəfər ölüb, 700 nəfər yaralanıb. Paytaxt və regionlarda yeni video sistemlər, radarlar qurulsa da, yol qəzalarının sayı azalmayıb.
Yol-nəqliyyat hadisələrində ikinci səbəb kimi piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi göstərilib. Azərbaycanda ötən ilin altı ayı ərzində baş verən yol-nəqliyyat hadisələrinin 46 faizi piyadaların vurulması ilə nəticələnib. Hər il ölkədə bir ay müddətində “piyadaların təhlükəsizliyi” aylığı keçirilsə də, xeyri yoxdur. Ekspertlərin fikrincə, tədbirin keçirilməsində məqsəd ölkədə ölümlə nəticələnən avtomobil qəzalarının qarşısını almaq olsa da, Dövlət Yol Polisinin əməkdaşlarının paytaxtda apardığı reydlər də ürəkaçan deyil. Qəzaların baş verməsində əsas səbəb kimi sürücülərin və piyadaların məsuliyyətsizliyi göstərilir.
Qeyri-rəsmi məlumatlara görə, təkcə bir ay ərzində
Azərbaycandakı yol-nəqliyyat hadisələrində təxminən 61 nəfər dünyasını dəyişir. Ötən il respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələri nəticəsində 104 uşaq və yeniyetmə həlak olub, 337 nəfər yaralanıb.
Məlumatlara görə, respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin 91,8%-i sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 41,9%-i nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,4%-i ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,2%-i yolayrıcıları keçmə qaydalarının pozulması, 2,5%-i nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Məlumatlardan göründüyü kimi, vəziyyət heç də ürəkaçan deyil.
Özbaşınalıq
İctimai nəqliyyatdan istifadə edənlər yəqin ki, fərqindədirlər: sürücülərin əksəriyyəti çox cavan və naşıdır. Bu naşılıq onların idarəetmə qabiliyyətindən tutmuş, sərnişinlərlə davranışlarına qədər açıq-aydın göz önündədir. Sürücülər “Yol hərəkəti haqqında” qanunun müddəaları və İnzibati Xətalar Məcəlləsindən xəbərsizdirlər. Hər hansı qanunpozma ilə bağlı iradını bildirən sərnişinlər isə birmənalı şəkildə “xoşun gəlmir, minmə” cavabını eşidirlər. İstər şəhər daxilində olsun, istərsə də şəhərkənarı yollarda, sürücülərin oxşar idarəetməsi ilə qarşılaşmaq mümkündür. Nə inzibati cəzalar, nə faciəli faktlar onlara dərs olmur ki, olmur. İş ondadır ki, mövcud vəziyyətlə bağlı aidiyyəti orqanlara müraciət edəndə də iş kiminsə cəzalanması ilə bitir. Amma təəssüf ki, hər hansı cəza növbəti gün baş verəcək qəzanın qarşısını almaqda acizdir.
Qeyd edim ki, nəqliyyatda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hallarına Qara Qarayev - Buzovna istiqamətinə hərəkət edən 171 saylı avtobuslarda daha tez-tez rast gəlmək mümkündür. Yeri gəlmişkən, mətbuatda bir neçə dəfə bu xətt üzrə hərəkət edən marşrutların özbaşınalığı haqqında yazılar dərc olunub. Elə bir neçə gün bundan əvvəl də qəzetlərin birində bu istiqamətə hərəkət edən avtobusların sürət həddini aşması qeyd olunmuşdu. Ötən həftənin 5-ci günü isə avtobus sürücüsünün bu cür özbaşınalığının şahidləri sırasında mən də vardım. Həddən artıq sürətlə hərəkət edən avtobus sanki “Formula” yarışına qoşulubmuş kimi sərnişinlərin narazılığına baxmayaraq, Əzizbəyov metro stansiyası istiqamətinə sürətini get-gedə artırırdı. Təbii ki, sürücünün bu özbaşınalığı izsiz ötüşmədi. Əzizbəyov metro stansiyasının yaxınlığında avtobusun yolu sağdan keçmək istəyən “Nissan Tida” markalı maşına çırpılması nəticəsində salondakı sərnişinlərin hamısı az qala bir-birinin üstünə aşdı. Sonra hər iki maşının sürücüsü “yol mənim idi” “razborkası”nın mənasız olduğunu görüb, “Qoy yol polisi gəlsin” deyə gözləməyə başladılar. Avtobus sürücüsünün üzündə yol boyu sürət həddini aşmadan və törənən qəzadan peşmançılıq ifadəsi yox, “mən haqlıyam” ifadəsi vardı. Bir-birinə çırpılan və yüngülcə də olsa əzilən sərnişinlərə isə qətiyyən əhəmiyyət verən yox idi. Ona görə ki, bu istiqamətdə bu cür hadisələr adi hala çevrilib. Sadəcə, sərnişinlər sağ qalmalarına şükranlıq etməlidirlər.
Hadisə ilə bağlı BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə məlumat verib, sürücülərin sürət həddini aşdığı və məsuliyyətsizliyi halında hansı inzibatı cəzalarla cəzalandırılması barədə soruşduq. “Sərnişin avtobusları yüksək sürətlə hərəkət edərkən onlara nəzarət Dövlət Yol Polisi orqanları tərəfindən həyata keçirilir”- deyə bildirən BDYPİ rəsmisi əlavə etdi ki, bunun üçün bütün yollarda radarlar quraşdırılıb. “Sürət həddini aşan sürücülərin idarə etdiyi nəqliyyatın nömrəsi bu stansiyalarda qeyd olunur. Hər hansı bir hadisə baş verəndə onların haqqında inzibati qaydada cəzalar tətbiq edilir”. K.Əliyev onu da bildirdi ki, sürücülər radarların harada yerləşdiyini yaxşı bildiklərindən bu qurğunun yerləşmədiyi ərazilərdə sürət həddini keçirlər. K.Əliyev faktın araşdırılacağına və lazımı tədbirlərin görüləcəyinə söz verdi.
Bakı Sərnişin Nəqliyyat MMC-nin mətbuat katibi Samir Həsənov hadisəyə münasibət bildirərək, sahibkarlar tərəfindən xəttə buraxılan avtobusların sürücüləri üçün “D” kateqoriyasının kifayət etdiyini bildirdi. Sürücülərin hər hansı bir qaydada yoxlanmasına, məsələn, müəllimlər və ya həkimlər kimi attestasiyadan keçməsinə gəlincə vurğuladı ki, hələ bu cür qaydalar tətbiq olunmayıb. Yəni “D” kateqoriyalı sürücülük vəsiqəsi olanların hamısı marşrut avtobusları idarə edə bilər. “Hadisə baş verərkən ilkin olaraq sürücüyə xəbərdarlıq edilir. Ancaq hadisə təkrar olunanda sürücü xətdən uzaqlaşdırılır”. Yəni cəza yalnız bundan ibarətdir. Ancaq sahibkarlar və bu sahəyə cavabdeh orqanlar bir qədər dərindən düşünsələr, daha yaxşı olar. Ən azı ona görə ki, avtobus sürücüləri salonda 45-50 və ya daha çox adam daşıyır. Sürücünün naşılığı və məsuliyyətsizliyi isə bir nəfərin yox, onlarla adamın faciəsi deməkdir. İnsanların taleyi ilə oynamaq haqqını nə gündəlik plan doldurmaq istəyən sürücülərə, nə də pul qazanmaq istəyən sahibkarlara heç kəs vermir.
Evə tez qayıdaq
İctimai nəqliyyatdan istifadə edənlər yəqin ki, əksər avtobusun ön şüşəsindən asılan “Ata, evə tez qayıt” sözlərini oxumamış deyillər. Bu sözlər insana təsir edir. Düşünürsən ki, sürücü bu cümlələri özü üçün şüara çevirməklə evində övladlarının onu gözlədiyini gün boyu xatırlamaq istəyir. Amma sürücülər unutmasın ki, avtobusa minən sərnişinlərin də hər gün ürəyindən evə tez, həm də salamat qayıtmaq arzusu keçir.
Təranə MƏHƏRRƏMOVA