“İstəyirik ki, hər kəs bioloji müxtəlifliyin qiymətini bilsin və ölkə iqtisadiyyatı üçün vacib olan “yaşıl iqtisadiyyat”ın əhəmiyyətini dərk etsin”
Bu gün dünyada ciddi problemə çevrilməkdə olan əsas məsələlərdən biri də biomüxtəlifliyin mühafizəsi və onun tükənmə təhlükələridir. Məhz bu problemə ölkələrin diqqətini yönəltmək üçün dünən Qəbələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) birgə təşkilatçılığı ilə konfrans işinə başlayıb. Konfrans biomüxtəliflik üzrə BMT Baş Assambleyasının növbəti sessiyasına hazırlıq üzrə Avropanın ətraf mühit nazirləri və ekspertlər səviyyəsində təşkil olunub. Görüşün məqsədi sentyabrda Nyu-Yorkda təşkil olunacaq BMT Baş Assambleyasının bioloji müxtəliflik üzrə seqmentinə Avropa regionuna töhfəsinin verilməsidir.
Xüsusi mühafizə olunan təbiət əraziləri 10,1%-ə çatdırılıb
“Biomüxtəlifliyə sərmayələr və yaşıl təsərrüfata yardımın artırılması” adlı ilk seminarda ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev müasir dövrdə dünya miqyasında iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı, eləcə də demoqrafik problemlər fonunda ətraf mühitə gündəngünə birbaşa və dolayı təzyiqlərin artdığını bildirib: ”Bu fonda biomüxtəlifliyin qorunması, onun tükənmə təhlükələrinin öyrənilməsi və aradan qaldırılması mühüm əhəmiyyət daşıyır. Belə bir vəziyyətdə hər bir ölkənin beynəlxalq miqyaslı təbiəti mühafizə tədbirlərinə qoşulması və qlobal miqyasda əməkdaşlıq aparmaqla yanaşı, dövlətdaxili effektiv tədbirlərin həyata keçirilməsi çox əhəmiyyətlidir”. Azərbaycanda son illər təbiətin mühafizəsi sahəsində çox ciddi tədbirlərin aparıldığını deyən nazir müavini 2010-cu ilin ölkədə «Ekologiya ili» elan edildiyini də vurğulayıb: ”2006-cı ildə «Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı» təsdiqlənib. Burada nəzərdə tutulan öhdəliklər, o cümlədən, bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, prioritet ekosistemlərin müəyyən edilməsi, səhralaşma problemlərinin aradan qaldırılması kimi istiqamətlər üzrə işlərin aparılmasına ciddi təkan verib və ölkədə 2011-2020-ci illər üzrə bioloji müxtəliflik sahəsində davamlı tədbirləri nəzərdə tutan yeni Strategiya Planının yaradılmasına zəmin yaradıb. Azərbaycan Bioloji Müxtəliflik Konvensiyasının məqsədlərinə çatmaq istiqamətində ən ciddi addımlar atmış ölkələr siyahısına aid edilə bilər”. Belə ki, 2002-ci ildə xüsusi mühafizə olunan təbiət əraziləri respublikanın ərazisinin 4,5 % təşkil edirdisə, hazırda bu rəqəm 10,1%-ə çatdırılıb. Respublikada mövcud olan xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin müasir tələblərə uyğun olması, bütün vacib ekosistemlərin və əsas növlərin qorunması, dəhlizlərin və mühafizə zonalarının yaradılması məqsədilə son illər yeni 8 Milli Park, 4 Dövlət Təbiət Qoruğu, 6 yasaqlıq və 3 Təbiət Abidəsi təşkil edilib: ”Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 224 min insan Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub. Bu işlər davam etdirilərək 2010-cu ilin sonuna daha 100-ə qədər kənddə sutəmizləyici qurğuların quraşdırılması nəzərdə tutulub. Xəzər dənizinin çirklənmədən qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər nəticəsində 2007-2010-cu illər ərzində gündə 6140 m3 çirkab sutəmizləmə gücünə malik 16 stansiya istismara verilib. Uzun illər ərzində xlorun istehsalı nəticəsində əmələ gəlmiş və respublikanın ən iri sənaye şəhəri olan Sumqayıtın ətraf mühitinin normadan artıq çirklənməsinə səbəb olan 287 min ton civə tərkibli toksiki tullantı Təhlükəli Tullantılar Poliqonuna daşınaraq zərərsizləşdirilib”.
Respublikada yaşıllaşdırma işlərinə gəlincə, təkcə 2009-cu ilin payızı və 2010-cu ilin 1-ci rübü ərzində ümumilikdə respublika ərazisində 8,2 milyon ağac və kol bitkiləri əkilib. F.Əliyev əlavə edib ki, meşələrin qorunub saxlanılması istiqamətində də ardıjıl aparılan işlər nəticəsində ağacların qanunsuz kəsilməsi halları ilbəil azalıb: ”Ov fəaliyyətinin qismən məhdudlaşdırılması, bəzi fauna növlərinin ov obyekti siyahısından çıxarılaraq onların ovunun qadağan elan olunması və cərimə məbləğlərinin artırılması bu sahədə əhəmiyyətli nəticələr göstərməklə bir sıra nadir və nəsli kəsilməkdə olan növlərin sayının sürətli artımına səbəb olub”.
Narahatlıq üçün əsas var
BMT-nin ətraf mühit proqramının Avropa üzrə proqram koordinasiyası və ekosistemlərin idarə edilməsi alt proqramının əlaqələndiricisi İvonna Hiquera da Azərbaycanda biomüxtəlifliiyin inkişafı üçün xeyli işlər görüldüyünü vurğulayıb: ”Amma beynəlxalq səviyyədə biomüxtəlifliyin mühafizəsi sahəsində hələ də görüləcək xeyli işlər var ki, bu da narahatlıq üçün əsas verir. Ekoturizmin və digər sahələrin inkişafı üçün ətraf mühitə zərər vurmadan işlərin aparılması hazırda əsas müzakirə mövzusudur. Yəni əsas məqsəd bioloji müxtəlifliyə zərər vermədən gəlir qazanmaqdır. Hər bir ölkə bilməlidir ki, ətraf mühitin, bioloji müxtəlifliyin mühafizəsi yoxsulluğun azaldılmasına da təsirini göstərəcək. İstəyirik ki, hər kəs bioloji müxtəlifliyin qiymətini bilsin və ölkə iqtisadiyyatı üçün vacib olan “yaşıl iqtisadiyyat”ın əhəmiyyətini dərk etsin”.
ETSN-nin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə də bioloji müxtəliflik konvensiyasının dünya üçün xüsussi əhəmiyyət daşıdığını vurğulayıb: ”1992-ci ildə Braziliyada qəbul olunan bu konvensiyanı 145-dən çox ölkə imzalayıb. Azərbaycan isə ona 2000-ci ilin martında konvensiyanı ratifikasiya edib. Biz ona tam üzv kimi qoşulmuşuq və konvensiyadan irəli gələn məsələləri həll edirik. Ümumiyyətlə, bioloji müxtəliflik dünyada əsas problemlərdən olduğu üçün bu əhəmiyyət daşıyan məfhum ətrafında Avropa üzrə mövcud olan problemlərin müzakirəsi, davamlı inkişaf məsələsi nəzərdə tutulur. Dünyada yeni bir anlayış meydana çıxıb-“Yaşıl iqtisadiyyat”. “Yaşıl iqtisadiyyat”-iqtisadiyyatın ətraf mühitə, ekologiya məsələlərinə, o cümlədən bioloji müxtəlifliyə heç bir zərər vurmadan inkişafıdır. Azərbaycan da artıq bu istiqamətdə çox ciddi addımlar atır”.
Biomüxtəlifliyin milli problemləri
H.Əlizadənin sözlərinə görə, bütün dünya üzrə bioloji müxtəliflik canlı həyatın əsasıdır: ”İnsanı əhatə edən biloliji müxtəliflik ona zövq verməklə yanaşı, həm də sərvətlərindən istifadə edilən bir məfhumdur. Bioloji müxtəliflik amillərindən lazımi qaydada və ya davamlı surətdə istifadə edilmədikdə problemlər yaranır. Azərbaycanda da çox təəssüf ki, bəzi bioloji müxtəliflik sahəsində problemlər var”. Əsas problemlərdən biri isə səhralaşmadır: ”Bunun səbəbi heyvandarlığın həddən artıq inkişafı, otarma normalarına əməl edilməməsi və s-dir. Bundan başqa, bəzi növlərə münasibətdə də problemlər var. Lakin biz çalışırıq ki, onları aradan qaldıraq. Müvafiq proqramlar, strategiyalar işlənib hazırlanır və həyata keçirilir. Problemlərdən biri də brakoynerlikdir”. Amma bu problemlər dünyanın inkişaf etmiş bütün ölkələrində var: ”Bu görüşlərin də məqsədi Avropaya inteqrasiya etmiş ölkələrin səyini birləşdirməkdir. Avropa vahid bir ailə kimi qiymətləndirilirsə, istər ekspertlər, istər QHT, istərsə də bu sahəyə cavabdeh dövlət qurumları və nazirlər səviyyəsində ümumi anlayışları, ümumi strategiyaları yaratmaq və bir istiqamət üzrə hərəkət etmək vacibdir. Bununla davamlı nəticələr əldə edilməsi gözlənilir”.
Qeyd edək ki, Avropanın 30-dan artıq ölkəsindən nümayəndə, QHT və ekspertlərin iştirakı ilə davam edəcək konfransın sonunda –iyulun 7-də “Qəbələ bəyannaməsi” imzalanacaq.
HƏQİQƏT İSABALAYEVA