“Yəhudi icması Birləşmiş Ştatlara Azərbaycanın əhəmiyyətini qiymətləndirməyə kömək edib”.
Bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harris verib. “Biz amerikalıları Azərbaycan haqqında, onun ABŞ üçün kəsb etdiyi əhəmiyyəti haqqında maarifləndirməliyik” deyən komitə rəhbəri ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinə də toxunub: “Biz ABŞ dövlət katibi Hillari Klintonla eyni vaxtda Azərbaycana gəlmişik. O çox yaxşı, əziz dostdur. Onun səfəri də, Amerika Yəhudi Komitəsinin səfəri kimi ABŞ hökumətinin, yəhudi icmasının Azərbaycana verdiyi əhəmiyyəti ortaya qoyur. Burada olmağımdan şadam və fürsətdən istifadə edib Klintona şəxsən təşəkkür etmək istəyirəm. O, Auşvits nasist düşərgəsinin qalıqlarının qorunub saxlanması üçün 15 milyon dollar pul ayrıldığını bayan edib. Bakıda əldə etdiyimiz fürsətdən istifadə edib ona təşəkkür etmək istəyirəm”.
Devid Harris Azərbaycana ilk dəfə iki il əvvəl səfər etdiyini bildirib: “Prezident İlham Əliyev iki il yarım əvvəl İsveçrədə Davosda görüşümüz zamanı bizi ölkəsinə dəvət etdi və biz iki il əvvəl Bakıya gəldik. Bu çox mühüm səfər idi. Biz Azərbaycanı həm Birləşmiş Ştatlar, həm də regionda sabitlik üçün vacib ölkə hesab edirik. Bakıya yenidən səfər etdiyimiz üçün çox şadıq”. ABŞ-da yəhudi və azərbaycanlı icmaların əməkdaşlığından danışan D.Harris bildirib ki, icmalar arasında sıx əməkdaşlıq var: “Xüsusilə qeyd edim ki, nümayəndə heyətimizin üzvlərindən biri ABŞ-dakı Azərbaycandan olan yəhudi diasporunun təmsilçisidir. Bu diaspor ABŞ-da Azərbaycan üçün mühüm iş görür, amerikalılarım Azərbaycanın əhəmiyyəti barədə məlumatlandırılmasına yardım edir. Azərbaycan Amerikada yaxşı tanınan ölkələrdən deyil və onun təbliğinə ehtiyac var. Yəhudi icması bu işə kömək edir, biz də bu istiqamətdə çalışırıq”. Cekson-Venik düzəlişinin ləğvi ilə bağlı sualı cavablandıran Devid Harris xatırladıb ki, bu düzəliş 35 il bundan əvvəl, 1975-ci ildə Sovet İttifaqının mühacirətə qoyduğu məhdudiyyətlərə görə qəbul edilib: “Daha Sovet İttifaqı yoxdur və mühacirətə ehtiyac yoxdur. Buna görə də Amerika Yəhudi Komitəsi belə hesab edir ki, Cekson-Venik əlavəsinə diqqət yetirməyə daha ehtiyac yoxdur, o artıq tarixə çevrilib”. “Türkiyə-İsrail münasibətlərinin Amerikada fəaliyyət göstərən yəhudi icmasının Azərbaycanla əlaqələrinə təsir edə bilərmi” sualını Devid Harris belə cavablandırıb: “Türkiyə İsrail üçün, region üçün, Birləşmiş Ştatlar üçün əhəmiyyətli ölkədir. Türkiyə və İsrailin münasibətləri yenidən qurmaq üçün dil tapmaları çox vacibdir. Ankara və Yerusəlim arasında hər hansı bir nifaq regionun digər dövlətləri üçün də yaxşı deyil. Biz, Amerika Yəhudi Komitəsi olaraq, münasibətlərin bərpasına yardım etməyə çalışırıq. Türkiyə və İsrail bölgənin demokratik ölkələridir. Mən münasibətlərin bərpası üçünü bu yaxınlarda atılan addımlara ümid bəsləyirəm. Bildiyimiz kimi Yerusəlim və Ankara arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində gizli danışıqlar aparılır. Bu hər iki dövlət üçün çox vacibdir”.
|