Deputatların yerlərdə qəbul etdikləri vətəndaşların sayı parlamentdə qəbul edilənlərdən çox olub
Milli Məclisin yaz və növbədənkənar sessiyaları çərçivəsində keçirilən 14 iclasda 120 qərar və qanun qəbul olunub. Bu barədə iyulun 2-də sessiyanın yekunları ilə bağlı keçirilən mətbuat konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova məlumat verdi. O qeyd etdi ki, yaz sessiyası çərçivəsində keçirilən 11 iclasda 81 qanun və qərar qəbul edilib. Onlardan biri Konstitusiya qanununa əlavə və dəyişikliklər, 13-ü qanun, 36-sı qanunlara əlavə və dəyişikliklər, 13-ü isə qərar olub. Parlament eyni zamanda 18 beynəlxalq konvensiyanı və hökumətlərarası sazişi ratifikasiya edib. Növbədənkənar sessiya çərçivəsində keçirilən 3 iclasda isə 39 qərar və qanun qəbul edib. Bunlardan biri Konstitusiya qanunu, 4-ü qanun, 16-sı qanunlara əlavə və dəyişikliklər, 6-sı qərar olub. Növbədənkənar sessiyada deputatlar 12 beynəlxalq sazişi və konvensiyanı ratifikasiya ediblər. Vitse-spiker əlavə etdi ki, sessiya çərçivəsində parlamentin daimi komissiyaları da gərgin işləyib. Hesabat dövründə komitələrin 82 iclası keçirilib və bu iclaslarda 174 qanun müzakirə olunub.
B.Muradova son vaxtlar vətəndaşlar tərəfindən parlamentə daxil olan ərizə və şikayətlərin sayının azaldığını da bildirdi. Onun sözlərinə görə, yaz və növbədənkənar sessiyalar çərçivəsində parlamentə 2691 təklif, ərizə və şikayət daxil olub. Bu müddət ərzində parlamentdə 2861 vətəndaş qəbul edilib. Deputatlar tərəfindən yerlərdə qəbul edilən vətəndaşların sayının dəqiqləşdirilməsi isə mümkün olmayıb. B.Muradova dedi ki, deputatların yerlərdə qəbul etdikləri vətəndaşların sayı parlamentdə qəbul edilənlərdən çox olub. Bu səbəbdən və deputat köməkçiləri institutunun fəaliyyətə başlaması ilə əlaqədar vətəndaşların parlamentə müraciətlərinin sayı azalıb. Hesabat dövründə təkcə komitə sədrləri tərəfindən 602 vətəndaşın qəbul edildiyini bildirən vitse-spiker əlavə etdi ki, onların böyük əksəriyyətinin problemləri həllini tapıb.
B.Muradova yaz və növbədənkənar sessiyalar çərçivəsində parlamentin beynəlxalq əlaqələrinin də inkişaf etdiyini bildirdi. Onun sözlərinə görə, hesabat dövründə parlamentin spikeri Oqtay Əsədov 4 ölkədə – İran, İtaliya, Rusiya və Gürcüstanda xarici səfərdə olub. Parlamentin nümayəndə heyətləri Avropa Şurasının, NATO-nun, ATƏT-in, İslam Konfransı Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, MDB-nin Parlament assambleyalarının işində fəal iştirak ediblər.
Jurnalistlərin suallarını cavablandıran B.Muradova dedi ki, iki gündən sonra Osloda keçiriləcək ATƏT Parlament Assambleyasının toplantısında təmas xəttində atəşkəsin pozulması nəticəsində öldürülən Azərbaycan Ordusunun əsgərinin cəsədinin ermənilər tərəfindən verilməməsi barədə məsələ qaldırılacaq. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın bütün iclaslarında Dağlıq Qarabağ münaqişəsi, işğal altındakı torpaqlar məsələsini daim gündəmə gətirir. Bu dəfə də istisna olmayacaq. Nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin assambleyanın gündəliyində saxlanmasına çalışacaqlar. Eyni zamanda, Azərbaycanın şəhid olmuş əsgərinin cəsədinin ermənilər tərəfindən geri verilməməsi avropalı parlamentarilərin diqqətinə çatdırılacaq. «Biz təklif edəcəyik ki, ATƏT şəhid olmuş Azərbaycan əsgərinin cəsədinin geri qaytarılması prosesində vasitəçilik səylərini artırsın» – deyə vitse-spiker vurğuladı.
Azərbaycanın PKK-nı terror təşkilatı kimi tanımaması barədə sualı cavablandıran B.Muradova dedi ki, Azərbaycan hökuməti bu kimi məsələlərdə əsas diqqəti ölkə əhalisinin təhlükəsiz həyat tərzinin təmin olunmasına yönəldir. Onun sözlərinə görə, Azərbaycan hələ 11 sentyabr hadisələrindən sonra terrora qarşı mübarizə koalisiyasına daxil olub. Ötən müddət ərzində dünya miqyasında terrorun qarşısının alınmasına yardım göstərib. «Təbii ki, Azərbaycan dövləti terrora qarşıdır. Biz istər PPK-nı, istər erməni terror təşkilatlarını pisləyirik» – deyə B.Muradova vurğuladı. O əlavə etdi ki, Azərbaycanda bəziləri bu məsələni tez-tez gündəmə gətirməklə öz maraqlarını güdürlər.
Əhalinin sovet dövründə banklarda batan əmanətlərinin qaytarılması məsələsinə toxunan vitse-spiker dedi ki, hökumətin bu problemi həll etmək niyyəti var. Məsələyə aydınlıq gətirən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə əlavə etdi ki, əmanətlərin qaytarılması ilə bağlı müvafiq qanun layihəsi də hazırlanıb. Amma həmin layihənin müzakirəyə çıxarılması üçün Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin, Kapital Bankın və digər müvafiq dövlət qurumlarının razılığı olmalıdır. Həmin qurumlar müəyyən təkliflərlə çıxış etməlidirlər. Komitə sədri əlavə etdi ki, batan əmanətlərin qaytarılması məsələsi elə də sadə problem deyil. Məsələni araşdıran dövlət komissiyası işğal olunmuş rayonlar üzrə statistikanın olmaması, saxta sənədlərin çoxluğunu müəyyənləşdirib. Əmanətlərin qaytarılması üçün bütün bu problemlər həllini tapmalıdır. «Azərbaycan hökumətinin batmış əmanətləri qaytarmaq üçün imkanı var. Hazırda bu sahədə iş gedir" -deyə komitə sədri vurğuladı.
Dünyadakı maliyyə böhranı Azərbaycan parlamentində müzakirə olunan Rəqabət Məcəlləsinə yenidən baxılması zərurətini yaradıb. Ziyad Səmədzadənin sözlərinə görə, böhrandan sonra dünyanın əksər ölkələri öz qanunvericiliklərinə yenidən göz gəzdirməli olublar. Bu zaman ən çox dəyişikliyə məruz qalan rəqabət qanunvericiliyi olub. Bunu nəzərə alan Azərbaycan parlamentinin İqtisadi siyasət komitəsi də müzakirə olunan layihəyə yenidən baxılması təşəbbüsü ilə çıxış edib. «Hazırda layihəyə yenidən baxılır. Yəqin ki, Rəqabət Məcəlləsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq» – deyə Z.Səmədzadə vurğuladı.
O qeyd etdi ki, dünyadakı maliyyə böhranı zamanı yaşananlar göstərdi ki, Azərbaycan yaxşı ki, Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olmayıb. Əgər Azərbaycan bu təşkilatın üzvü olsaydı qlobal maliyyə böhranından daha çox zərər çəkərdi. Komitə sədri əlavə etdi ki, böhran dövründə ÜTT-yə üzv olan bir sıra böyük dövlətlər öz üzərlərinə götürdükləri öhdəlikləri pozublar. Nəticədə xoşagəlməz vəziyyət yaranıb. Z.Səmədzadə dedi ki, buna baxmayaraq, Azərbaycan ÜTT-yə üzv olmaq üçün hazırlıqlarını davam etdirir. Ölkə qanunvericiliyi təşkilatın tələblərinə uyğunlaşdırılır. «Biz gələcəkdə bu təşkilata qəbul olacağıq. Amma bu zaman öz milli maraqlarımızı da qoruyacağıq» – deyə komitə sədri vurğuladı.
İ.Quliyev