“Xəzər” televiziyasının “İncilər” verilişi ilə “Kaspi” qəzetinin birgə layihəsinin növbəti qonağı müğənni Xuraman Şuşalıdır
Nə qədər desə ki, şou-biznesdə qalmaqallardan uzaq qalmaq istəyir, yenə də bəzən adı qalmaqallarda hallanır. Nə qədər desə ki, şou-biznes onun üçün önəmli deyil, yenə də bu aləmin içindədir.
“Xəzər” televiziyasının “İncilər” verilişi ilə “Kaspi” qəzetinin birgə layihəsinin növbəti qonağı müğənni Xuraman Şuşalı ilə müsahibəmizdə özünüz də bu fikirləri təsdiqləyəcəksiniz.
Ürəyimcə olmayan yer
- Xuraman Şuşalı bu gün şou-biznes aləmində hansı yeri tutur?
- Deyərdim ki, Xuraman Şuşalının şou-biznes aləmində öz yeri var. O, sahib olduğu yerin bünövrəsini də özü qoyub, pilləkənini özü tikib, hansı səviyyəyə qalxıbsa buna öz zəhməti sayəsində müvəffəq olub. Ancaq düşünürəm ki, o qədər də ürəyimcə olan yer deyil.
- Ürəyincə olmayan pillədə qərarlaşmağının səbəbi nədir? Maneələrlə bağlıdır, yoxsa maliyyə problemi ilə?
- Hər şeydən əvvəl maliyyə problemləridir. Əgər pulum olsa, mən gözəl konsert verə, sənətimlə bağlı hər şeyi yüksək səviyyədə təşkil edə bilərəm. Ancaq maliyyə problemi ilə rastlaşanda adam həvəsdən düşür və çəkilib bir kənarda qalır. Pul şou-biznesdə hər şeyi həll edir. Müəllim yanına gedəndə o da səndən pul istəyir. Eləcə də səsyazma studiyası, konsertlərin təşkili, oranjirovka – hamısı pul istəyir. Həm də bu təkcə şou-biznesdə deyil, hər yerdə belədir. Pul çox şeyi həll edir.
- Bir dəfə demisiniz ki, efirlərə çıxmaq üçün pul ödəmək fikriniz yoxdur. Bu da maliyyə qıtlığı ilə bağlıdır, yoxsa artıq tanındığınız üçün buna ehtiyac hiss etmirsiniz?
- Birincisi, mən pulu çox əziyyətlə qazanıram. Onu aparıb efirlərə tökmək düzgün deyil. Hansı telekanal məni pulsuz dəvət edirsə, ora gedib çıxış edirəm. O qədər pulum yoxdur ki, telekanallara xərcləyim. Əgər çoxlu pulum olsa onu başqa məsrəflərimə sərf edərəm. Məsələn, xeyriyyəçilik edərəm, savab iş görərəm.
- Xeyriyyəçilik deyəndə toylara təmənnasız getməyi nəzərdə tutursunuz?
- Hədisdə deyilir ki, “Sağ əlin verdiyini sol əl bilməməlidir”. Əgər bunu açıqlasam o nə xeyriyyəçilik, nə savab oldu? Məncə toylarda təmənnasız oxumaq yaxşılıq deyil. Allahın yanında savab qazanmaq üçün oxumaq əslində günahdır. Ancaq əlimdən gələn köməyi edirəm. O qədər toylara pulsuz getmişəm ki… Bəzən bir adama salam verməyinə peşman olursan. Sabah o səni toyuna pulsuz oxumağa çağırır. Halbuki o, məni toyuna pulla da çağıra bilər. Yəni pulu olan adam da pulsuz oxuymağa çağırır. Nə var, nə var aramızda bir salaməleyküm olub.
- Yəqin ki, bütün müğənnilər kimi siz də çörəyinizi toylardan çıxarırsınız?
- Əlbəttə, toylara gedirəm. İstər rayonlarda olsun, istər Bakıda, fərqi yoxdur. «Palatka» toylarında da oxumağa gedirəm. Bu gün toylar müğənni üçün əsas qazanc yeridir.
Janrların qovuşuğu
- Siz «Şuşalı» təxəllüsünü daşıyırsınız. Bu təxəllüsün sizin üçün hansı anlamı var?
- Bu təxəllüsü mənə görkəmli xanəndə Süleyman Ələsgərov verib. Bilirsiniz ki, Şuşa hamımızın yaralı yeridir. Mən bu yaxınlarda Donetsk şəhərində konsertdə iştirak elədim. Zalda ermənilər də var idi. Orada Şuşa adının çəkilməsi hər şeyə dəyər. Eləcə də olduğum digər şəhərlərdə. Erməni saytlarının birində mənim erməni dilində geniş müsahibəm çıxdı. Mən orada şuşalı olduğumu xüsusilə vurğuladım. Mən bu adı fəxarətlə daşıyıram. Elə bilirəm ki, bütün şuşalılar Şuşa adına elə yanaşmalıdır. Hansı konsertdə, hansı məclisdə və ya hansı verilişdə mənim adım çəkilirsə, orada Şuşa yada düşür.
- Deyə bilərsinizmi, Şuşa adına hansı işləri görürsünüz. Təkcə konsertlərdə Şuşanın adını çəkmək kifayətdirmi?
- Elə mənim üzdə olmağım, konsertlərdə çıxış etməyim, xeyriyyəçilik konsertlərim, qastrollarımın hamısı Şuşa adınadır. Mən Şuşa adına başqa nə edə bilərəm? Mən sadəcə bu adı vicdanla, qeyrətlə təmsil edirəm. Qaldı ki, Şuşanın azad edilməsinə, bizim güclü siyasəti olan dövlətimiz uzaqgörən prezidentimiz var. İnşallah, Şuşanı da onlar alar. Mən siyasətdən uzağam. Mənim işim yaradıcılıqdır və öz vəzifəmi yerinə yetirirəm.
- Sizin repertuarınız xalq, bəstəkar, estrada mahnılarıyla zəngindir. Janr dəyişikliyi sizə nə verir?
- Mən hər janr üzrə dərs almışam. Uşaq vaxtı Əfsər Cavanşirovun rəhbərlik etdiyi xorda oxumuşam. Daha sonra Vaqif Gərayzadə, İslam Rzayev, Tükəzban İsmayılova, Mələkxanım Əyyubova kimi sınətkarlar müəllimim olub. İncəsənət Gimnaziyasını, daha sonra Milli Konservatoriyanı bitirmişəm. Bunlar hamısı yaradıcılığımda öz təsirini göstərir. Əgər belə bir təhsilim və təcrübəm olmasaydı Qızıl fondda üç əsərim olmazdı. «Arşın mal alan», «Xeyir və Şər» operası, Heydər babamıza aid olan mahnı.
- Kifayət qədər tanınmış müəllimlərdən dərs almısınız. Bəs iş yeri kimi hər hansı bir səhnədə daimi çalışmaq fikriniz yoxdurmu?
- Çox istəyərdim. Ancaq özüm heç vaxt bu təklifi etməmişəm. Hər halda yaxşı ideyadır.
Hicab məsələsi
- Arada hicab geyinmək istəyinizlə bağlı məlumatlar yayıldı. Bu fikrinizdən əl çəkdinizmi?
- Bu yanlış informasiya idi. Əslində mən hicab geyinsəm, dostlarım çox sevinər. Bu, mənim üçün şərəf olar. Ancaq hicabı geyinməyə iman lazımdır. Bunun üçün bu sənətdən əl çəkməli və Allahın qoyduğu qanunlara riayət etmək lazımdır. Hicab hər bir qadına vacib buyurulub. Təəssüflər olsun ki, biz bu gün bunu geyinə bilmirik. Allah bunu hər qadına qismət eləsin və bunun gözəlliyini duyaq. Qaldı ki, hicab geyinməyimə bu barədə açıqlama vermək istəmirəm. Bu barədə mənə sual ünvanlananda deyirəm ki, əlbəttə, geyinərəm. Ancaq elə bir şey olmayıb ki, mən hicab geyinmək istəyim və dostlarım məni qoymasın. Əksinə, onlar mənə dəstəkdirlər. Onu da qeyd edim ki, əsas məsələ hicabı geyinməkdə deyil, ona layiq olmalısan. Mən inşallah, hicab geyinərəmsə onda müğənni olmaram. Toylarda, şənliklərdə belə mahnılar oxumaram. Hicab hər şeyə bir sərhəddir.
Hələlik isə sənətim haqqında düşünürəm. İmicimdə dəyişiklik istəyəndə edirəm, istəməyəndə yox. Hazırda Sabina Hüseynova ilə işləyirəm. Bugünkü gündə imicim çox bəyənilir. Moskvada imicmeykerlərlə görüşüb söhbət eləmişəm və imicim çox bəyənilib.
Narazılıq
- Özünüzün də içində olduğunuz bugünkü şou-biznes aləmini necə adlandırarsınız?
- Şou-biznes aləmində nələr görmədik? Hansı yaltaqlıqlarla, hansı sifətlərlə rastlaşmadıq? Məndən olsaydı, günü bu gün bu sənətdən əl çəkərdim. Bu gün bu sənətə həddən artıq axın var. Hamı müğənni olmaq istəyir. Səsi olan da, olmayan da. Hamı istəyir ki, qızı və ya oğlu müğənni olsun. Mən bunu alqışlamıram. Şou-biznesin bugünkü durumundan razı deyiləm. 3-4 müğənni var ki, onlara dəstək olub qabağa çəkirlər. Qalanları da geridə qalır. Mənim üçün şou-biznes elə bir önəmli yerdə dayanmır. Bu aləmdə duruş gətirmək çox çətindir. Əvvəllər deyirdilər ki, filankəs iki sifətlidir, indi qırx sifət yalan olub. Efirlər də sənəti gözdən salıb. “Maqazin” verilişlər elə dərəcəyə gətiriblər ki, müğənnilər də gözdən düşüb. Müğənnilər də efirdə görünmək xatirinə özlərini gözdən salıblar. Ona görə bu gün sənətə də hörmətsizlik yaranıb. Bu prosesdə efirin böyük rolu var.
- Şou aləmdə hər bir yenilik necə qarşılanır?
- Mənim uğurlarım istər tamaşaçılar, istər fanatlarım tərəfindən çox yaxşı qarşılanır. Ancaq təəssüf ki, adamın uğurundan danışmırlar. Əgər kiminləsə xırda bir qalmaqal varsa onu böyütməyə üstünlük verirlər. Ancaq hansısa bir layihənı həyata keçirəndə onu heç hallandıran olmur. Qalmaqalları isə efirdə, mətbuatda canlandırırlar. Sənət yaddan çıxıb, hamı qalmaqalın dalınca qaçır.
- Bu aləmdə uğura sevinən dostlar heç yoxdurmu?
- Çox az ola bilər. Ancaq o da hər adamın qabağına çıxmaz.
- Ümumiyyətlə, şou-biznesdə qalmaqaldan kənarda qalmaq mümkündürmü?
- Çox çətindir. Şou-biznesdə kiminsə qalmaqaldan kənarda qalmasına inanmıram.
- Siz də bəzi müğənnilər kimi öz gələcək planlarınızı açıqlamaqdan ehtiyat edirsiniz?
- Qətiyyən. Mən bu günlərdə mahnı yazdırmışam, klip çəkdirmişəm, 3 ay bundan əvvəl Moskvada fotosessiya edib qayıtmışam. İnşallah sentyabr ayında da bu cür proyektləri davam etdirmək niyyətindəyəm. Təbii ki, pulum olacaqsa, bunları edəcəyəm.
- Yay istirahəti haqqında hansı planlarınız var?
- Bir-iki mahnım var, onları yazdırım, albomumu tam şəkildə hazırlayım, ondan sonra mən də istirahətə gedəcəyəm.
- Sənət aləmində özünüzə arzularınız nədir?
- Allah ağlımı başımdan, əzizlərimi mənim əlimdən almasın! Şou-biznes gəldi gedərdir. Özümə güclü olmağı arzulayıram!
Təranə MƏHƏRRƏMOVA