Novruz Məmmədov: «ABŞ rəhbərliyi Azərbaycanın necə, hansı əhəmiyyətə malik ölkə olduğunu bilir, başa düşür və bu müstəvidə Azərbaycana, onunla əlaqələrə yüksək qiymət və önəm verir»
“Azərbaycan ABŞ dövlət katibi Hillari Klintonun səfərini yüksək qiymətləndirir. Bu, ABŞ dövlət katibinin Azərbaycana ilk səfəridir”. Bunu Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Şöbə müdiri bildirib ki, ABŞ prezidentinin Azərbaycan prezidentinə yazdığı məktubda da göstərildiyi kimi, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir: “Lakin bəzi məsələlər var ki, ABŞ bu məsələlərə diqqətini daha da artırmalıdır. ABŞ rəhbərliyi Azərbaycanın necə, hansı əhəmiyyətə malik ölkə olduğunu bilir, başa düşür və bu müstəvidə Azərbaycana, onunla əlaqələrə yüksək qiymət və önəm verir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu səfərlə bizim əlaqələrimiz, münasibətlərimiz, qarşılıqlı maraqlarımız daha yüksək mərhələyə keçəcək”. N. Məmmədovun sözlərinə görə, rəsmi Bakı gözləyir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi addım atmaq lazımdır: “Bir neçə gün öncə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin prezidentlərinin bəyanatında da ciddi addım atmağının lazım olduğu qeyd olunub”.
|