Yadigar Məmmədli: «Necə ki, müəllimlər, bəstəkarlar, yazıçılar üçün belə imkanlar yaradılıb. Bu güzəştlər jurnalistlərə də tətbiq olunmalıdır»
“Əgər bizim milli mətbuatımızın 135 yaşı varsa bundan qürur duymalıyıq. Ona görə də Həsən bəy Zərdabiyə minnətdar olmalıyıq ki, hansı vəziyyətdə və məşəqqətlə bu gün də bizə örnək ola biləcək bir mətbu orqanı nəşr etdirib. Hansı ki, indi biz onun tarixini Milli Mətbuat Günü kimi qeyd etməyə hazırlaşırıq” - deyə qəzetimizin «Həmkar» rubrikasının qonağı olan Demokratik Jurnalist Liqasının sədri Yadigar Məmmədli “Bəs 135 il sonra vəziyyət nə yerdədir?” sualı ətrafında da fikirlərə aydınlıq gətirdi:
Qarşıdakı hədəflər
-135 il önəmli rəqəmdir. Hansısa tədbirlərin birində səsləndi ki, elə ölkələr var, onların müstəqillik tarixi 135 il deyil. Əgər desək ki, hər şey bizi qane edir, doğru olmaz. Ən azı ona görə ki, inkişaf, hədəflər varsa, bizi heç nə qane etməməlidir. Biz həm dövlətin, həm də mətbuatın inkişafda olan bir dövrünü yaşayırıq. Bu baxımdan əldə etdiyimiz nailiyyətləri qeyd etməklə bərabər bir sıra hədəflərə çatmalı olduğumuzu da vurğulamalıyıq. Bizim mətbuatımız güclü olmalı, Azərbaycanda jurnalist nüfuzu yüksəlməlidir. Bu adın qorunmasına ehtiyac var. Ona görə də qarşıda həyata keçirilməli işlər çoxdur.
- Siz mətbuatın inkişafı deyəndə hansı amilləri nəzərdə tutursunuz?
- Bilirsiniz ki, artıq ikinci ildir, KİV-ə Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. Bundan əvvəl Mətbuat Şurası bir sıra layihələr həyata keçirirdi. Bu layihələr mətbuatın inkişafına xidmət edirdi. Fondun yaradılması da Mətbuat Şurasının hazırlayıb təqdim etdiyi konsepsiyanın xətlərdən biridir. Həmin konsepsiyanın işçi qrupunun üzvlərindən biri kimi qeyd edim ki, bir sıra hədəflərimiz var. Biz hansı işləri görməliyik, dövlət hansı məsələləri öz üzərinə götürüb həll etməlidir və s. Təbii ki, bunların hamısı daimi olmayan proseslər, Azərbaycan mətbuatını kritik dövrdən çıxarmaq üçün müddətlərə hesablanmış proqramlardır. Fikirləşirik ki, bütün bunlardan sonra media çox ciddi inkişaf edəcək və sonradan dövlətin hər hansı bir köməyinə ehtiyac olmayacaq. Qeyd edim ki, mən Azərbaycanda gündəlik 30 mətbu orqanın işıq üzü görməsini heç də uğurlu rəqəm saymıram. Və yaxud 200-ə yaxın həftəlik, günaşırı çıxan qəzetlərin olmasını da uğurlu hesab eləmirəm. Ən böyük tiraj 10 mini keçmir. 9 milyonluq bir əhali üçün bu qədər tiraj çox kiçikdir. Biz ona xidmət etməliyik ki, mətbuatımız hamı tərəfindən oxuna və qəbul oluna bilsin. Mənə elə gəlir ki, həmin mətbu orqanın tirajı da 100 mindən çox olmalıdır.
- Bəs geriləmənin səbəbini necə izah edərsiniz?
- Burada bizim özümüzdən doğan problemlər də var. Məsələn, peşəkar jurnalistlər müxtəlif səbəblərdən mətbuatı tərk edirlər. Ya maaşlarının azlığından, ya özlərini doğrulda bilmədiklərindən çıxıb gedirlər. Onların yerinə peşəkarlar gəlmir. Mətbuata müəyyən maraqlar üçün gələn insanlar var ki, bu da bütövlükdə nüfuzumuzu aşağı salır. Ona görə də bu gün mətbuat ciddi nüfuz sahibi deyil. Mən sovet dövründə də jurnalistika sahəsində çalışmışam. O zaman mətbuatın belə müstəqillikləri yox idi. Amma mətbuat işçilərinin nüfuzu var idi. Çox təəssüf ki, bu gün elə deyil.
Dünya təcrübəsi
- Bilirsiniz ki, bu gün BDU-da jurnalistika fənnini tədris edən fakültəni də peşəkarlıq baxımından o qədər qənaətbəxş hesab eləmirlər. Bəlkə əlavə kursların açılmasına, qəzetlərin nəzdində məktəblərin yaranmasına, xaricdən dəvət olunan peşəkar jurnalistlərlə ustad dərslərin keçirilməsinə və s. ehtiyac var?
- Bizdə 12-yə yaxın özəl universitetdə də jurnalistika fakültələri var. Ancaq onların da səviyyəsi aşağıdır. Onu da qeyd edim ki, son illər jurnalistika fakültəsinin məzunlarının səviyyəsi də çağdaş medianın tələblərinə uyğun deyil. Media cəmiyyətin önündə gedən bir sahədir. Yeni media ilə ayaqlaşmaq lazımdır. Eləcə də televiziyanın elə özəllikləri var ki, bizim təhsil ocaqlarında tədris olunmur. Jurnalistlər köhnə sistemli biliklərlə təmin olunurlar. Müəllimlərin çoxunun da yeniliklərdən xəbərləri yoxdur. Heç onları da qınamalı deyil. Çünki zaman tez-tez dəyişir və onlar bununla ayaqlaşa bilmirlər. Modern bilikləri tətbiq edən müəllimlər olsa da çox azdır. Bu da sonda peşəkarlığın aşağı düşməsinə səbəb olur. İlk növbədə təkmilləşmə getməlidir.
- Bu gün cəmiyyətdə mətbuatın təsir imkanlarını və nüfuzunu necə dəyərləndirərsiniz?
- Ciddi media cəmiyyəti yönəldən, ictimai fikri formalaşdıran və hətta hakimiyyətə təsir imkanları olan mediadır. Məsələn, Amerikada «Nyu-York Tayms», «Vaşinqton Post» qəzetləri bu cür mətbu orqanlardır. Bizdə niyə belə olmasın? Ancaq bu gün bizim nəinki təsir etməyə, imkanımız var, əksinə, özümüzə kömək lazımdır. Bu da zamana bağlı məsələdir. Ancaq liberal dəyərli bazar, reklam bazarı formalaşandan sonra qəzetlərdə kimin rəhbərlik edəcəyi ikinci dərəcəli məsələ olacaq. Bu bir institut formasında həyata keçirilir. Çox təəssüf ki, bizdə elə qəzet yoxdur ki, dediyim dəyərləri özündə cəmləşdirsin. Bu gün qəzetin baş redaktoru həm sahibkardır, həm redaktə edir, həm reklam məsələlərini həll edir və s. Bu çox anormal vəziyyətdir. Bu sistem formalaşsa, zəif qəzetlər ortadan çıxacaq, daha güclülər qalacaq. Dövlət medianın inkişafında maraqlıdır. Belə bir rəqabət olacağı təqdirdə dövlət yalnız inkişaf etmiş qəzetlərə yox, üçüncü, dördüncü pillədə olan KİV-lərə yardım göstərəcək ki, onlar itib batmasınlar. Dünya təcrübəsi belədir.
Ümidlər...
- Bayaq qeyd etdiniz ki, peşəkar jurnalistlər mətbuatdan uzaqlaşırlar. Sizə elə gəlmirmi, bunun əsas səbəbi onların sosial vəziyyətləri ilə bağlıdır?
- Jurnalistlər çox vaxt məişət problemləri üzündən mətbuatdan uzaqlaşırlar. Eyni zamanda, bezdirici məsələlər də var. İnsan çalışır, ancaq görür ki, onun yazdıqlarına heç bir reaksiya və əhəmiyyət verən yoxdur. Ona görə də «nə qədər əhəmiyyətsiz işlə məşğul olmalıyam»- deyə fikirləşir. Cəmiyyət medianın problemlərinə çox laqeyd baxır. İnsanlara qəzet oxumaq mədəniyyətinə alışdırmaq lazımdır. Bu, bir çox ölkələrdə dövlətin siyasəti kimi qoyulur. Məsələn, əvvəllər qəzetlər ən ucqar yerlərə də gedib çıxırdı. Bu sistem bu gün bizdə dağılıb. Biz öz oxucumuzla birbaşa əlaqə yaratmalıyıq. Yalnız bundan sonra biz qəzetlərin yayımını, reklamını təşkil edə bilərik. Mənim fikrim ondan ibarətdir ki, qəzetlər uzunmüddətli, tam güzəştsiz, faizsiz kredit götürə bilsinlər. Bunun üçün öz adını girov qoymalıdırlar. Təbii ki, burada risklər də var, amma söhbət üzdə olan qəzetlərdən gedir. Hansı ki, onların inkişafı dövlətin özü üçün də önəmlidir. O qəzetlərə subsidiyalar verilməlidir. Bütün ölkələr bu yolu keçib. Çox böyük pullar götürüb, qəzetlər özləri də birləşərək nəhəng holdinqlər yaradıblar.
- Tanınmış publisist İradə Tuncay qəzetimizə müsahibəsində jurnalistləri “ən kasıb təbəqə” adlandırdı. Siz bu kasıb təbəqənin sosial durumunun yaxşılaşması üçün hansı təkliflərlə çıxış edirsiniz?
- Başqa ölkələrə gedəndə jurnalist olduğumuzu eşidib bizə imkanlı adam kimi baxırlar. Biz həmin statusu bərpa etməliyik. Bir çox ölkələrdə jurnalistlər digər sahələrdə çalışan şəxslərdən yaxşı maaş alırlar. Bizdə isə tam əksinədir. Əslinə qalanda jurnalist yaxşı yaşamalıdır. Kənardan kiminsə yardım etməsi, onlar üçün ev tikilməsinə kömək olunması məsələnin həlli yolu deyil. Bizim böyük jurnalist ordumuz var, bu yolla onların hamısı evlə təmin oluna bilməz. Yaxşı əməkhaqqı almasalar yaxşı da yaşaya bilməyəcəklər. Kasıbçılığın daşını birdəfəlik atmağın yolu öz işimizi həmin səviyyədə qurmağımızdan asılıdır. Biz çox ciddi bir işlə məşğuluq.
- Bütün bunlar düzdür, ancaq jurnalistlərin problemlərinə köklü diqqət yoxdur. Məsələn, jurnalistlərin çoxu evsizdir, əmək haqqının azlığı problemi var və s. Jurnalistlərə adi bir məişət əşyası almaqdan ötrü belə heç yerdə kreditlər verilmir.
- Düz deyirsiniz, jurnalistlər ən pis durumda olanlardır. Jurnalistin maaşı onun gələcəkdə pensiya təminatında da ciddi problemlər yaradır. Jurnalistlər kredit ala bilmir. Bu problemi həll etməyə ehtiyac var. Jurnalistlərə yaşayış evlərinin tikilməsi üçün imkanlar yaradılmalıdır. Bazar qiymətlərindən daha ucuz şərtlərlə onlara kredit təklif edilməlidir. Necə ki, müəllimlər, bəstəkarlar, yazıçılar üçün belə imkanlar yaradılıb. Bu güzəştlər jurnalistlərə də tətbiq olunmalıdır. Yaxşı ki, «Əməkdar jurnalist» adı yenidən bərpa olundu. Bu, mənəvi stimuldur. Bunun ardınca maddi stimul olmalıdır. Yaxşı jurnalist, əsl KİV özünü dolandırmalı, həmçinin qarşıdakına kömək etməlidir.
- Necə bilirsiniz, sadaladıqlarınızın hamısının həyata keçə biləcəyi o xoşbəxt günlərə çox var hələ?
- Təkcə özümüzdən asılıdır. İndi hamı deyir ki, «Gün o gün olsun torpaqlarımız azad olunsun!» Bu münasibət mənim fikrimcə səhvdir. Biz deməliyik ki, “torpağı alaq!” Mətbuat sahəsində də həmçinin bu düşüncə tərzi formalaşmalıdır. Medianın problemlərini bizim içimizdən çıxan insanlar həll eləməlidir. Bu gündən işə başlanılsa, 5 və ya 10 ilə hədəfə çatarıq. Bu yolu bütün ölkələr keçib. İnanıram ki, bizdə də belə olacaq. Qəzetlərin müstəqil olması, güclənməsi üçün bu işlər mütləq görülməlidir.
Təranə MƏHƏRRƏMOVA