Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqəni elan etdi
İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqənin (EİF-2010-1) elan edilməsinə həsr olunmuş mətbuat konfransı keçirildi.
KİV nümayəndələri üçün təşkil olunmuş tədbirdə AMEA-nın prezidenti akademik Mahmud Kərimov, AMEA-nın vitse-prezidentləri akademiklər Akif Əlizadə və Nailə Vəlixanlı iştirak edirdilər.
Fond haqqında ətraflı məlumat verən icraçı direktor Elçin Babayev bildirdi ki, fondun əsas işi Azərbaycan Respublikasında fundamental elmi tədqiqatların stimullaşdırılmasını, ölkəmizin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etməkdir.
O qeyd etdi ki, təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqramları, layihələri və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan fiziki şəxslərin, bir elmi mövzu ətrafında müvəqqəti yaradılmış yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı vermək məqsədi ilə cari ilin prioritetlərinə uyğun olaraq qrantların verilməsi üzrə ildə iki dəfə (ənənəvi olaraq hər il 10 may, 10 noyabr ayları) müsabiqə elan ediləcəkdir.
2010-cu il üçün qrant maliyyələşdirilməsinin həcminin 6 100 000 AZN olduğunu diqqətə çatdıran natiq bildirdi ki, elmin ayrıca götürülmüş sahəsinin inkişafına böyük həcmli qrantın verilməsi yolu ilə pilot layihəsinin maliyyələşdirilməsi həcmi 3 000 000 AZN, elmi prioritetlər üzrə fundamental və tətbiqi xarakterli layihələrin kiçik (10 000 – 100 000 AZN) və böyük (100 000 AZN) həcmli qrant layihələrinin ümumi maliyyələşdirmə həcmi 2 200 000 AZN, Azərbaycanın qeyri-maddi mədəni irsinin elmi tədqiqi layihəsinin maliyyələşdirmə həcmi 400 000 AZN, axtarış-innovasiya xarakterli elmi-tədqiqat layihələrinin maliyyələşdirmə həcmi 100 000 AZN müəyyən edilmişdir. E.Babayev şəffaflıq və bərabərliyi təmin etmək məqsədilə təqdim olunmuş və texniki ekspertizadan keçmiş bütün layihələrin müvafiq qaydada açıqlana biləcək hissəsinin İnternet səhifəsi vasitəsilə forum xarakterli ictimai-elmin müzakirəsinə veriləcəyini, ekspert rəylərinin müvafiq hissəsinin İnternet səhifəsində yerləşdirilməsi işinin təşkil ediləcəyini də qeyd etdi. Fondun saytında yeniləşdirilmə prosesinin getdiyini vurğulayan E.Babayev qeyd etdi ki, saytın köməyi ilə qrant almaq istəyənlər ərizələrini İnternetdə dolduracaqdır. Sonra fondun icraçı direktoru və alimlər jurnalistlərin suallarını cavablandırdılar.
|