|
Təmkinlilik ilə problemlərə mütəmadi surətdə göz yummaq arasında fərq olmalıdır
ABŞ prezidenti Barak Obama ölkəsinin Şimali Koreyaya dair siyasəti barədə Çinə sərt mesaj verdiyini bildirib. O deyib ki, Çinin təmkinliyi ilə problemlərə mütəmadi surətdə göz yumması arasında fərq olmalıdır. Onun Çin prezidenti Hu Tzintao ilə görüşü zamanı mart ayında Şimali Koreya tərəfindən Cənubi Koreya hərbi gəmisinin batırılması müzakirə edilib. Şimali Koreya «Çeonan» gəmisinin batmasına görə məsuliyyət daşımadığını bəyan edib. Üstəlik, Pxenyan ABŞ-ın "düşmənçilik" münasibətinə cavab olaraq preventiv nüvə imkanlarını yeni səviyyəyə qaldırmağa hazırlaşdığını açıqlayıb.
Qeyd edək ki, ABŞ Çinin Şimali Koreyanı pisləyən yeni BMT qətnaməsinə dəstək verməsini istəyir. Obama ümidvardır ki, prezident Hu insidenti Şimali Koreyanın həddini aşması kimi tanıyacaq. Xatırladaq ki, Cənubi Koreya gəmisi Şimali Koreya qayığından atılmış torpedo nəticəsində batıb. «Böyük Səkkiz»liyin liderləri 46 dənizçinin həlak olduğu bu hücumu bəyanatlarında pisləyiblər. Bəyanatda eləcə də Koreya Demokratik Xalq Respublikasının nüvə sınaqları və raket silahı sahəsində fəaliyyətindən son dərəcə dərin narahatlıq ifadə edilir: «Ölkənin əməlləri "beynəlxalq sülh və sabitliyə açıq-aşkar təhlükə təşkil edir». Lakin Şimali Koreya hərbi gəminin batırılmasına dair istintaqın gəldiyi nəticələri "qurama və uydurma" kimi rədd edib.
|