Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov: “Çalışırıq ki, Fransa ictimaiyyətinə və siyasi elitasına Azərbaycanla bağlı həqiqətlər düzgün formada çatdırılsın”
Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyovun APA-ya müsahibəsini ixtisarla təqdim edirik
- Azərbaycanla Fransa arasındakı münasibətlərinin bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?
- Fransa ilə Azərbaycan arasında münasibətlər 1992-ci ildə qurulub və uğurla davam edir. Azərbaycan üçün dünya ölkələri arasında Fransa çox böyük bir əhəmiyyət kəsb edir və bunun bir neçə səbəbi var. Bu ilk növbədə, Fransanın Avropa və eləcə də dünya səviyyəsində oynadığı mühüm roldur. Fransa həmçinin dünyada tanınmış və aparıcı ölkələrdən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Eyni zamanda Fransa ATƏT-in Minsk Qrupuna həmsədrlik edir. Bundan başqa Fransa iqtisadi baxımdan Azərbaycan üçün çox vacib bir tərəfdaşdır və Azərbaycan da Fransa üçün bizim regionumuzda ən vacib ölkələrdən biridir. Ona görə də bütün bunları nəzərə alsaq, ölkələrimiz arasında bu münasibətlər getdikcə vüsət alıb inkişaf etməkdədir və ən yüksək səviyyədə də dövlətlərimiz arasında dialoq qurulub. Azərbaycan prezidenti son beş il ərzində Parisə dörd dəfə səfər edib və son dəfə 2009-cu ilin dekabr ayında bu ölkədə rəsmi səfərdə olub. Bu da onun göstəricisidir ki, Azərbaycan doğrudan da Fransa üçün strateji bir tərəfdaşa çevrilib və eyni zamanda bizim üçün Fransa ən aparıcı tərəfdaş ölkələrdən biridir. Təbii ki, bütün bunları deməklə yanaşı qeyd etmək lazımdır ki, burada bir neçə subyektiv amillər var ki, onlar da bizim əlaqələrimizə birbaşa olmasa da, müəyyən təsir göstərir. Bildiyiniz kimi, Fransa Avropada ən güclü, ən nüfuzlu erməni diasporuna malik ölkədir və müxtəlif rəqəmlərə görə burada 500-550 min arasında erməni köklü vətəndaş var. Sözsüz ki, Azərbaycan haqqında və ümumiyyətlə türkdilli xalqlar haqqında stereotiplərin yaranmasında bu diasporun mənfi rolu çox böyükdür. Ona görə biz burada işimizi qurarkən bu amili də nəzərə alırıq və çalışırıq ki, Fransa ictimaiyyətinə və siyasi elitasına Azərbaycanla bağlı həqiqətlər düzgün formada çatdırılsın.
- Bu yaxınlarda iki ölkə arasında qarşılıqlı səfərlər nəzərdə tutulurmu?
- Bu istiqamətdə müəyyən içlər aparılır, diplomatik kanallarla səfərlərin tarixlərini razılaşdırırıq. Bu məsələlərə hələlik aydınlıq olmadığı üçün indiki mərhələdə mən hər hansı konkret məlumat verə bilmərəm. Amma istəyirik ki, ilin axırına qədər müəyyən nəticələrə nail olaq. Əslində mən yüksək səviyyəli səfərlər dedikdə, Fransa prezidentinin Azərbaycana səfərinin mümkünlüyünü nəzərdə tuturam. Çünki indiyə kimi iki ölkə tarixində bu cür səfər olmayıb. Artıq prezident İlham Əliyev prezident Nikola Sarkozini ölkəmizə rəsmi səfərə dəvət edib və Fransa prezidenti də bu dəvəti qəbul edib. Hal hazırda bu səfərin tarixləri haqda fikir mübadiləsi aparılır. Çox güman ki, Fransa tərəfi və prezidentin özü Azərbaycana rəsmi səfər etmək niyyətindədir, sadəcə bunun üçün müvafiq bir vaxt tapılmalıdır və indi bu məsələnin üzərində səfirliklər və hər iki ölkənin xarici işlər nazirlikləri arasında mütəmadi olaraq bu məsələ ətrafında fikir mübadiləsi aparılır. Biz istəyimiz odur ki, ilin sonuna qədər bu məsələdə aydınlıq gətirilsin.
- Son vaxtlar Azərbaycanda ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədrinin yaxın zamanda dəyişdiriləcəyi haqda söhbətlər var. Bu haqda məlumatınız varmı?
- Məndə olan məlumata əsasən bu söz-söhbət əsassızdır və Azərbaycan tərəfinə Bernar Fasienin dəyişdirilməsi ilə əlaqədar rəsmi bildiriş verilməyib. Belə bir bildirişin olmadığı halda, yeganə qənaət odur ki, bu diplomat öz vəzifələrini icra etməyə davam edəcək. Ona görə də belə olan təqdirdə biz cənab Fasyeni indiyə kimi həmsədr kimi qəbul etdiyimiz kimi, bundan sonra da onunla işləməyə hazırıq. Əgər hər hansı bir dəyişiklik baş versə, təbii ki, bu cür məlumat bizə rəsmi kanallarla çatdırılacaq.
- Fransada Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz?
- Təəssüflər olsun ki, burada diaspordan söhbət etmək düzgün deyil, çünki diaspora güclü təşkilatlanmış, güclü potensiala malik olan və həm say, həm keyfiyyət baxımından bir toplumdur. Bizim diaspora isə nə say, nə də keyfiyyət baxımından hələlik o qədər de güclü diaspora deyil. Düzdür, bizim Fransada Azərbaycan icmamız var və həmən icmaya bir neçə yüz nəfər daxildir. Onların bir qismi İran məşəlli azərbaycanlılardır, bir qismi Türkiyədən gəlmiş azərbaycanlılardır, bir qismi də bizim Azərbaycandan gəlmiş insanlardır. Biz onlarla iş aparmağa çalışırıq. Burada bir neçə tədbir keçirmişik və bu tədbirlərdə soydaşlarımızı bir araya toplamağa çalışmışıq. Biz indi ortada olan insan potensialından səmərəli şəkildə istifadə etməyə çalışırıq. Açıq deyim ki, bu, çox uzun prosesdir və təbii ki, diaspora bir ilə, iki ilə, beş ilə formalaşdırılmır. Bizim bədnam qonşularımız bu məsələyə yüz illərlə vaxt sərf ediblər və etiraf etmək lazımdır ki, təşkilatlanma baxımından müəyyən nailiyyətlərə nail olublar. Ona görə də mən Azərbaycanın səfiri olaraq çalışıram ki, bu insanları bir araya gətirib, onların hər birinin potensialından lazımi şəkildə istifadə edib, Azərbaycanın, xalqımızın, ölkəmizin maraqlarının qorunmasında müəyyən işlərə nail ola bilək. Bu istiqamətdə bizim bəzi planlarımız var və təbii ki, biz çalışırıq ki, burada olan erməni diasporuna qarşı tarazlıq yarada bilməsək də, heç olmazsa əlimizdə olan imkanlardan istifadə edərək, Fransa ictimaiyyətinə soydaşlarımızın mövqeyini də çatdırmaq üçün imkan yaradaq.