Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Çox istərdim ki, həm də səhnə qazanc mənbəyi olsun”
“Xəzər” Televiziyasının “İncilər” verilişi ilə “Kaspi” qəzetinin birgə layihəsinin budəfəki qonağı tanınmış meyxanaçı Namiq Qaraçuxurludur


Meyxanada çevriliş

- Hər bir sənətçiyə xalqın verdiyi qiymətdən fərqli olaraq sənətçinin özünə olan qiyməti də var. Sizcə Namiq Qaraçuxurlu sənət aləmində kimdir – adi bir meyxanaçı, sıradan olan bir müğənni, yoxsa ulduz?

- Mən həmişə bu sözü deyirəm: sənətçi gərək özü bilsin ki, ona nə lazımdır, hansı yolda düz, hansı yolda səhvdir. Olur ki, tamaşaçılar, dinləyicilər müxtəlif fikirlər söyləyirlər. Sənətçi özü bilməlidir ki, hansı dinləyici və tamaşaçının fikri ona lazımdır. Təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, Namiq Qaraçuxurlu meyxana aləmində öndə gedən, yenilik edən, ümumiyyətlə, bu aləmdə çevrilişə nail olan bir meyxanaçıdır. Amma “müğənni”, “ulduz” sözlərini hələ tam həzm edə bilmirəm. Bilirəm ki, meyxana aləmində “Rəvayət”dən tutmuş indiyə kimi böyük yeniliklər eləmişəm. Zənnimcə, istedadlı bir insanam.

- Siz meyxanada yenilik, çevriliş deyəndə nəyi nəzərdə tutursunuz?

- “Rəvayət” klipini çəkdirəndən sonra mən onu efirə verə bilmirdim. Çünki televiziyada meyxananı o qədər də qəbul eləmirdilər. Bəzən bayram günlərində hansısa 2-3 meyxanaçı dəvət edirdilər. Ancaq hansısa bir meyxanaçının bir verilişdə qonaq olması, onluqlarda birinci olması mümkün deyildi. «Rəvayət» klipi də bir neçə telekanala təqdim olundu. Ancaq hamısı bəyəndi, ancaq “biz ehtiyat edirik, bu meyxanadır, verə bilmərik” dedilər. Yaxşı insanların köməyi ilə klip ATV kanalında göründü. Tamaşaçılar bunu o qədər istədilər ki, məcbur qalıb klipi dəfələrlə göstərdilər. Bundan sonra mən özüm artıq səhnəyə gəldim. Tamaşaçıların, media işçilərinin gözündə etimadımı doğrulda bildim. Bizdən yaşlı meyxanaçılar bəzən toy şənliklərində müəyyən artıq hərəkətlərlə bu sənəti gözdən salıblar. Ancaq tamaşaçılar məndə heç bir artıq hərəkət görmədi. «Rəvayət» klipindən sonra bütün meyxanaçılar klip də çəkdilər, rahat efirə verə də bildilər. Elə həftə olmur ki, efirdə meyxana haqqında söhbətlər getməsin. Mənə elə gəlir ki, bu maneəni aşmaqda mənim böyük rolum olub. Daha sonra mənim Xalq artisti Aygün Kazımova, Əməkdar artist Könül Kərimova ilə duetlərim meyxanaya kömək oldu. Bu duetlərin sayəsində biz Kremlə gedib çıxdıq. Bu işləri gördüyüm  üçün mənim deməyə sözüm var. Amma bu, məndə arxayınçılıq yaratmır, çalışıram ki, işləyim.

- Yeni gəlmişkən, sizin yenilikləriniz birmənalı qarşılanmadı.

- Düz deyirsiniz. Bəziləri söylədi ki, meyxana hara, klip hara? Bəziləri söylədi ki, bu, çox musiqilidir və ya məhəbbətdəndir və s. Ancaq mən özüm gördüm ki,  sənət və özüm üçün uğur qazandım. Get-gedə başa düşdüm ki, bu tənqidlər hamısı adi bir şeydir. Yenilik heç vaxt birmənalı qarşılamırlar. Bizim böyük ustadlarımız olub ki, muğamda, cazda yenilik edəndə onlar da birmənalı qarşılanmayıb. Hal-hazırda isə böyük sənətkar kimi qəbul olunurlar. Təcrübə göstərdi ki, mən səhv yolda deyiləm.

Sanballı və çətin  sənət


- Telekanallarda yayımlanan meyxana yarışmalarında münsiflər heyətinin dilindən fikirlər səslənir ki, meyxana folklor janrıdır. Bu janrın bir vaxtlar qadağan olunduğunu, onun folklora aid olunmadığını və s.  söyləyənlər də var idi. Siz janr etibarı ilə meyxananı necə adlandırırsınız?

- Meyxana təbii ki, bizim folklor janrımızdır. Necə ki muğam, aşıq sənətimiz bizə yaxındır, meyxananı da elə dəyərləndirmək olar. Əvvəllər elə bilirdim ki, meyxana təkcə Azərbaycanda oxunur. Ancaq bu janrın ayrı-ayrı formaları Türkiyədə, ərəblərdə də var. Sadəcə, vaxtilə bir vaxtlar sənət yoldaşlarımız meyxananı pis təqdim ediblər. Bu gün də bəzi ziyalılarımız bu janra tənqidi yanaşırlar. Çox istərdim ki, meyxana haqqında fikir söyləyən insanlar bir qədər onu araşdırsınlar. Bütün janrlar kimi meyxananın da öz ağırlığı var. Bu, sanballı və çətin bir sənətdir. Sadəcə, onu insanlara çatdırmaq lazımdır.

- Heç kəsə sirr deyil ki, bu gün səsi olan da, olmayan da oxuyur. Bəs hər adam meyxana oxuya bilərmi?

- Hər adam meyxana oxuya bilməz. Eyni zamanda, meyxana deyənlərin də hamısı sənətkar deyil. Bizim dövrümüzə qədər meyxanaçıların içərisində 5-6 sanballı meyxanaçı var idi. İndi gənclər də meyxana oxuyur. Əgər onların da içərisindən seçim edib bir yerə yığsaq, uzağı 15 meyxanaçı olar. İndi meyxanaçıların çoxunda əzbərçilik meydana gəlib. Amma qeyri-adi istedad sahibi olanları da var.

Qazanc mənbəyi


- Çox adam deyir ki, Namiq meyxana yox, mahnı oxuyur. Sizi qəbul eləməyənlərin iradı da meyxanaya gətirdiyiniz bu yeniliyə görə idi?

- Məni qəbul eləməyənlər ən birinci həmkarlarım arasından başladı. Bu qısqanclıq və paxıllıq idi. Hansı ki, mən o həmkarlarımın həmişə gözünün işığı olmuşam. Özlərindən sonra davamçı deyəndə birinci mənim adım çəkilib. Sadəcə «Rəvayət» klipi partlayışa səbəb olandan və «Şəhriyar» adına mədəniyyət sarayında konsertimdən sonra qısqanclıq başlandı. Dəvət etdiyim bəzi meyxanaçılar hətta çıxışlarına görə məndən pul istədilər. Təbii ki, bəziləri də etibarlı oldu. Mən hörmətsizlik etməmək üçün rəhmətlik Ağasadıq Çıldağı da səhnədə otuzdurdum. Sonrakı fəaliyyətim qısqanclığı daha da gücləndirdi. Musiqili meyxanaları ifa etməyə başlayandan sonra onlar da başladılar bu mövzunu ortaya atmağa: “Namiq mahnı oxuyur, meyxana demir”. Mənim ilk albomum çıxanda mən orada yalnız meyxana oxumuşam. Ancaq başqalarının albomlarında ayrı janrlara müraciət olsa da onlar heç tənqid olunmurdu. İllər keçəndən sonra mən artıq mahnı oxumağa başladım və bu mahnıların meyxanaya heç bir aidiyyatı yoxdur. Əgər bir albomumda 5 mahnı varsa, orada mütləq 6-7 meyxana olmalıdır. O mahnılar mənim daxili aləmim üçün lazımdır. Demirəm ki, mən həmin mahnılarla bütün dünyanı lərzəyə gətirəcəyəm. Sadəcə içimdən gəlir və onları daxilimdə boğub saxlaya bilmərəm. Sadəcə mənim uğurumu qəbul etməyənlər bu şayiələri yayırlar ki, Namiq meyxanadan uzaqlaşıb mahnı oxuyur. İş ondadır ki, bu, onlarda uğurlu da alınır. Ancaq son dövrlərdə nə qədər meyxana oxumuşam və həmin meyxanalar albom halında çıxıb, bunları görən yoxdur.

- Siz toylara yalnız qazanc mənbəyi kimi baxırsınız?

- Toylar əslində qazanc mənbəyidir. Bu janrın ifaçıları var ki, toylara gedib meyxana, deyişmə deyib pul yığır və düşünürlər ki, sənəti bu cür təbliğ edirlər. Ancaq mən bu fikirlərlə razı deyiləm. Düşünürəm ki, toy qazanc mənbəyidir, ancaq eyni zamanda, sən öz hərəkətin, addımlarınla sənətini və özünü təbliğ edirsən.

- Bəs səhnə sizin üçün nə deməkdir? 

- Səhnə mənim üçün hər şeydir. Çox istərdim ki, həm də səhnə qazanc mənbəyi olsun. Ancaq təəssüf ki, bu, Azərbaycanda bu gün mümkün deyil. Sözün düzü, mən vaxtilə səhnəyə bir o qədər də ciddi yanaşmamışam. Toylardan pul qazanmağa daha üstünlük verirdim. Amma zaman keçdi, başa düşdüm ki, səhnəyə necə yanaşmaq lazımdır. Sözün düzü, bu istək Aygün Kazımova ilə duetimdən sonra yarandı. Sadəcə, bu gün səhnə ilə bağlı bir qədər çətinliklər var. Məsələn,  keçən il Heydər Əliyev Sarayında verdiyim konsertin hələ də qonorarını ala bilmirəm. Bizdə təşkilatçılıq işləri çox zəifdir. Mənə elə gəlir ki, bu da zamanla düzələcək.

Kim necə qəbul edir, etsin


- Aygün Kazımova duetləriniz zamanı bir neçə dəfə ismarıc kimi səsləndirib ki, inşallah, Namiq Qaraçuxurlu da öz fəxri adını alar. Siz necə düşünürsünüz, vaxtı çatıbmı, layiqsinizmi?

- Əgər bu sualı mənə ötən il versəydiniz, deyərdim yox. Bu il sözün düzü mənim də ürəyimdən keçir. Amma düşünürəm ki, onu təltif edən insanlar daha ağıllı və savadlıdırlar. Nə vaxt və kimə fəxri ad veriləcəyini onlar daha yaxşı bilirlər. İnşallah, nə vaxt məsləhət görsələr, mən də o vaxt layiq görülərəm.

- Siz arada muğam, aşıq mahnıları oxumaq istəyinizi də dilə gətirdiniz. Bu istək yalnız meyxana ifaçılığı ilə yaradıcılığınızı məhdudlaşdırmamaq tələbindən irəli gəlirdi, yoxsa “mən bunu da bacarıram” iddiası idi?

- Vaxtilə içimdə kompleks saxlamışdım. Ancaq bilirdim ki, məndə bu var. Bəzən tənqidlər mənə təsir edir. Çox muğam ifaçıları mənə deyiblər ki, muğam sənin səs tembrinə yaxındır. Ancaq fikirləşirəm ki, onsuz da hamımız həyatda qonağıq. “Filankəs belə deyər”- deyə müəyyən şeyləri içimdə boğub saxlamaqla insan xəstəlik də tapa bilər. O hisslər varsa onu çıxarmalısan. Kim necə qəbul edir, etsin. Əgər görsəydim ki, mənə yapışmır, mən onu ifa etməzdim. Əgər Allah- təala bu istedadı veribsə, ondan yaxşı mənada istifadə etməlisən. Mənim muğam ifaçılığım da çox muğam ustalarının, musiqiçilərin xoşuna gəlib. Çox istəyirəm ki, nə bacarıramsa o yöndə yeniliklər edim. Eləcə də bu fikirlərim aşıq mahnısına aiddir.

- Siz Sona xanım Vəliyevanın sözlərinə «Qəmli qadın» mahnısını oxudunuz. Lirik mahnıya keçid daxilinizdəki kompleksdən azad olmaq istəyi idi?

- Bu təklif mahnının yaradıcılarından gəldi.  Ancaq içimdəki kompleks bu mahnını ifa etməyə imkan vermirdi. Studiyada mahnının ifasından sonra kompleks yoxa çıxdı. Hətta onu efirdə oxuyanda da müəyyən komplekslər keçirirdim. İndi artıq hər şey geridə qalıb. Mahnı çox məşhurlaşıb. Düzdür, fikirlər yenə də birmənalı deyil. Televiziyada, el şənliklərində bu mahnını oxumağı xahiş edirlər. Çoxluq mahnını ifamda bəyənib. Mən özümü bu mahnıda tapmışam.

- Özünüzün də içində olduğunuz şou-biznes aləmində duruş gətirmək çox çətindir?

- Çox çətindir. Şou-biznesin yaxşı tərəfi də, pis tərəfi də var. Orada yaxşı və pis sənətkarlar çalışır. Təəssüflər olsun ki, şou-biznesin qapısı açıqdır və kim istəyirsə bu qapıdan içəri girə bilir. Yeni gələn xanım müğənnilərin əksəriyyəti kiminləsə isti münasibət qurur və onun maddi dəstəyi sayəsində o, şou-biznesdə “adlı-sanlı” bir insana çevrilir və başqa insanları bəyənmir. Bu cür insanlar günbəgün artır. Onlar çoxaldıqca şou-biznesdə mədəniyyətsizlik baş alıb gedir. Təəssüflər olsun ki, bəzi media nümayəndələri də pul-paraya aldanıb onları reklam edirlər. Hər kəsin içində daxili mədəniyyət olmalıdır. Mən bu gün həm şou-biznesdə varam, həm də kənardayam. Şou-biznes nümayəndələrinin olduğu yerlərdə çox olmamağa çalışıram.


Qocalıq arzusu

- Daha da məşhur olmaq üçün hər şeydən keçərsiniz? 

- Həyatdakı məşhurluğu heç nəyi qurban vermədən qazanmışam. Bir az yeniyetməliyimi, cavanlığımı, istirahətimi qurban vermişəm. Ancaq qazandığım hörmətin qarşısında bu, gözə görünmür. Düşünürəm ki, çox şanslı insanam.  Məncə bundan sonra daha da məşhur olmağım üçün heç nəyi qurban verməyə ehtiyac yoxdur.

- Fanatlarınız daha çox kimlərdir: qızlar, oğlanlar, yaşlılar?

- Fanatlarım arasında hər yaş təbəqəsindən adamlar var. Düzünü desəm, xanımlar daha çoxdur. Xanımlar daha çox məni mahnılarımdan xoşlayır. Yaşlı adamlar isə «palatka» toylarındakı çıxışlarımdan, kasetlərimdən görüblər. Ancaq o dövrdə də həmişə həmkarlarımdan seçilmişəm. Yəni həmişə xanım pərəstişkarlarım olub.

- Rəvayət keçmişə aiddir. Biri vardı, biri yoxdu... Əgər 10 il sonra rəvayət yazmalı olsaydınız, nədən danışardınız?

- İnanmıram ki, 10 ildən sonra rəvayət yazım. Amma çox səbirsizliklə gözləyirəm ki, Allah mənə ömür versin 60-70 yaşımda şəxsi həyatım haqqında bəzi şeyləri danışım, müəyyən söz-söhbətlərə aydınlıq gətirim. Elə şeylər var ki, insanlar onunla bağlı o qədər arxayınlıqla danışırlar ki, bəzən kəsilə-kəsilə qalıram. Ancaq görürəm ki, onlara cavab vermək mənə yaraşmaz. Ola bilər o vaxt etirafım gecikmiş olsun, sadəcə mənə uyğun o zamandır.    


Təranə MƏHƏRRƏMOVA
+  -  Çap 
Yerləşdirilib: 26.06.10 | Baxılıb: 274

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •