Müşfiq Ələsgərli: «Bu məsələ Mətbuat Şurasında çox ciddi müzakirə olunur. Jurnalistlərin mənzil probleminin dünyada necə həll edilməsi təcrübəsini araşdırırıq. Vəziyyət acınacaqlıdır»
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ötən ilin birinci rübündə maliyyə yardımı ayıranda şərt qoyuldu ki, verilən birdəfəlik yardımların 50 faizi redaksiyaların maddi-texniki imkanının təkmilləşməsinə sərf olunmalı, digər 50 faizi isə mütləq jurnalistlər arasında bölünməlidir. Ancaq nəticələr ürəkaçan olmadı. . .
Milli Mətbuatın 135 illik yubileyinin qeyd olunmasına sayılı günlər qalıb. Böyük jurnalist ordusunu bu bayram ərəfəsində daha çox düşündürən sosial problemlərinin həlli məsələsidir. Mətbuat Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli ilə söhbətimiz də jurnalistlərin sosial problemləri ilə bağlıdır.
KİV-ə dəstək
- Milli mətbuatımızın 135 illik yubileyi yaxınlaşır. Sizcə jurnalistlər bu bayramı hansı əhval-ruhiyyə ilə qeyd etməyə hazırlaşırlar?
- Azərbaycan mətbuatı ağır problemli dövrdən keçib. Əgər indiyə qədər medianın ümumi problemlərindən, media ilə bağlı məhkəmə proseslərinin aradan qaldırılmasından, mediada qanunvericilik bazasının formalaşmasından, media qurumlarının iqtisadi bazasının zəifliyindən və s. məsələlərdən danışırdıqsa, artıq o problemlərin böyük əksəriyyəti öz ömrünü başa vurub. Artıq media yeni dövrdə, yeni bir müstəvidə fəaliyyət göstərməyə başlayıb.
Mətbuat Şurasında iqtisadiyyat üzrə komissiya fəaliyyət göstərirdi. 2008-ci ildən sonra isə bu komissiya iki hissəyə bölündü: həm iqtisadi, həm də sosial komissiya yaradıldı. Biz Jurnalistlərin Həmkarlar İttifaqı olaraq dəfələrlə məsələ qaldırmışdıq ki, jurnalistlərin sosial problemləri var. O sosial problemlər həll olunmayana qədər biz medianın ümumi problemlərinin həllinə nail ola bilmərik. Onu da qeyd edim ki, Mətbuat Şurasının hələ 2008-ci ildəki açıqlamasında ilk növbədə jurnalistlərin əmək münasibətlərinin rəsmiləşdirilməsi problemi göstərildi. Ölkə jurnalistlərinin təxminən 85 faizinin əmək münasibətləri rəsmiləşdirilmir və onlarla əmək müqavilələri imzalanmır. Bu problemləri həll etmək üçün əvvəllər təsir rıçaqları yox idi. Ancaq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bu problemi dolayısı yolla həll etdi. Belə ki, fondun KİV-lərə maliyyə yardımı ayırması üçün elan etdiyi şərtlərdən biri də redaksiyaların maddi yardım üçün müraciət edəndə əməkdaşlarının sayı və onlarla münasibətlərinin rəsmiləşdirilməsi barədə də arayış təqdim etməsi idi. Bəzi redaksiyalar ən azı məcburiyyət qarşısında qalaraq əmək münasibətlərini rəsmiləşdirməli oldular. Fond iki dəfə müsabiqə elan edib və xeyli KİV orqanı yardım alıb, digərləri də almaq istəyirlər. Artıq 90 faiz redaksiyalarda əmək müqavilələri bağlanıb. Düzdür, yenə problem qalır. Məsələn, bağlanan əmək müqavilələrinin əksəriyyəti simvolik xarakter daşıyır. Ancaq bizim üçün önəmli olan odur ki, əmək müqavilələrinin rəsmiləşdirilməsi ənənəsi və mədəniyyəti yaranır. Qeyri-şəffaf fəaliyyət göstərən redaksiyaların gələcəkdə fəaliyyətinə baxılacaq.
Şəffaf olmayan bölgülər
- Mətbuat Şurasının Sosial komissiyası jurnalistlərin əmək haqları ilə bağlı problemlərə də toxunurmu?
- Keçirdiyimiz sorğularda görə, 2008-ci ilə qədər jurnalistlərin orta aylıq əmək haqqı 150-200 manat civarında idi. Bu çox aşağı göstərici idi. Keçən ilin nəticələrinə gəlincə, KİV redaksiyalarında orta göstərici kimi 300-350 manatı orta hədd götürmüşük. Düzdür, biz 60 redaksiya arasında sorğular keçirmişik. 5-6 redaksiyada orta aylıq əmək haqqı 200-250 manat, 10-a yaxın redaksiyada isə 400 manatdan yuxarı göstərilib. Bizim təqdim etdiyimiz orta göstərici yüksək əmək haqqı deyil və bu jurnalistin problemini həll etmir. Ancaq nəzərə alsaq ki, bu cür dəyişiklik son il və il yarımın ərzində baş verir, müqayisədə çox qiymətli rəqəmdir. Heç şübhəsiz, bu nəticələrdə bizim təsir rıçaqlarımızın rolu var.
Aylıq gəlirdən başqa da jurnalistlər üçün nələrsə nəzərdə tutulur. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ötən ilin birinci rübündə maliyyə yardımı ayıranda şərt qoyuldu ki, verilən birdəfəlik yardımların 50 faizi redaksiyaların maddi-texniki imkanının təkmilləşməsinə sərf olunmalı, digər 50 faizi isə mütləq jurnalistlər arasında bölünməlidir. Nəticələr açıqlanmadı. Ancaq keçirdiyimiz monitorinq əsasında əlimizdə olan nəticələr tam ürəkaçan deyil. Təqribən 6-ya yaxın redaksiyada jurnalistlərə heç bir ödəniş olunmadı. 10-a yaxın redaksiyada simvolik ödənişlər oldu. 15-ə yaxın redaksiyada isə maliyyə jurnalistlər arasında normal şəkildə bölüşdürüldü. Fond tərəfindən bu şərtin qoyulması o deməkdir ki, artıq jurnalistlərin sosial problemləri diqqət mərkəzindədir və onların həlli üçün yollar axtarılır. Digər variant isə fondun jurnalistlər üçün fərdi müsabiqələr elan etməsi oldu. İndiyə qədər yüzə yaxın jurnalist mükafatlandırılıb. Bu son iki il yarımda başlanan proseslərin nəticəsidir və mənə elə gəlir ki, jurnalistlər 135 illik yubileyi qeyd etməyə yaxşı əhval-ruhiyyə ilə getməlidir.
Ən böyük problem
- Bildiyiniz kimi, jurnalistlərin ən böyük problemi evsizliklə bağlıdır. Bəs bu problemin həlli üçün hansısa yollar axtarılırmı?
- Bu problem Mətbuat Şurasında çox ciddi müzakirə olunur. Jurnalistlərin mənzil probleminin dünyada necə həll edilməsi təcrübəsini araşdırırıq. Vəziyyət acınacaqlıdır. Belə ki, beynəlxalq təcrübə bizim üçün əlverişli deyil. Dünyanın heç bir yerində jurnalistə havayı mənzil verilmir, ancaq həmin ölkələrdə jurnalistlərin əmək haqqı həddən artıq yüksəkdir. Orta hesabla götürəndə onlara kimsənin mənzil verməsinə ehtiyac yoxdur. Başqa ölkələrdə vətəndaşın şəxsiyyət vəsiqəsi onun əsas girovuna çevrilir. Xaricdə vətəndaşlığın üstünlüyünün biri də ondan ibarətdir ki, vətəndaş pasportu daşımaqla ipoteka və ya digər kreditləri almış olursan. Və yaxud stabil iş yerin varsa o, sənin girovun sayılır. Bizdə isə KİV redaksiyalarının durumu dayanıqlı deyil. Son iki-üç il ərzində yüzlərlə qəzet ortalığa çıxaraq yüzlərlə əməkdaş cəlb edib və tez bir zamanda da sıradan çıxıb. Ona görə də İpoteka Fondunun qarşısında problemlər yaranır.
- Bəs çıxış yolunu nədə görürsünüz?
- Çıxış yolu odur ki, Azərbaycanda redaksiyaların dayanıqlığı təmin olunmalıdır. Yəni 4000 redaksiyanın qeydiyyatdan keçməsi şərt deyil. Biz müəyyən etməliyik ki, ölkəmizdə stabil fəaliyyət göstərən redaksiyalar hansılardır. Yardımlar da onlara göstərilməlidir. Mətbuat adından alverə qoşulan redaksiyalar sıradan çıxmalıdır. Onların aldatdıqları jurnalistlərin aqibəti də həll olunmalıdır. Bu gün Mətbuat Şurası mətbuatın «qara siyahısı»nı elan edir. Bizə siqnal daxil olandan sonra həmin mətbuat orqanının fəaliyyəti nəzarətə götürülür və son araşdırmaların nəticəsi olaraq həmin KİV redaksiyası «qara siyahı»ya düşür. Bu yolla mətbuatın təmizlənməsi prosesi gedir və nəticə olaraq nə qədər dayanaqlı redaksiya var onların siyahısı müəyyənləşdirilir. Jurnalistlərin və mətbuatın çevrəsi cızılandan sonra müəyyən olunur ki, nə qədər jurnalistimiz var və onları hansı problemlər narahat edir. Bu çevrəni cızandan sonra Mətbuat Şurası tərəfindən vahid jurnalist vəsiqələrinin verilməsi də bərpa olunacaq.
- Vahid vəsiqələr jurnalist üçün hansı problemi həll edəcək?
- Dünya təcrübəsinə görə, jurnalistikaya aid olan güzəştlər fərdə verilmir. Bu, jurnalist vəsiqəsinə verilən statusdur. Sabah o vəsiqə onun üçün həm işçi kartı, həm də müəyyən sosial güzəştlərdir. Biz bütün bunları müzakirə etmişik. Mənə elə gəlir ki, jurnalistika haqqında həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, həm də Milli Məclisdə müzakirələr getməli, jurnalist və onun statusu barədə müəyyən bir qanunvericilik təkmilləşdirilməlidir. Jurnalistin statusu, daşıdığı vəsiqə və onun statusu barədə müəyyən qanunlar toplusu olmalıdır ki, dövlət gələcəkdə həmin qanunlar üzərində müəyyən güzəştlər vermiş olsun. Hələ ki, təklif formasında iş gedir.
Zamanın hökmü
- Yeri gəlmişkən, rəhbərlik etdiyiniz JuHİ-nın fəaliyyətini jurnalistlər o qədər də hiss eləmir.
- Biz başqa təşkilatlardan fərqli olaraq, gördüymüz işləri reklam etmirik. Biz sadəcə konkret iş görürük. Hazırda jurnalistlərin sosial problemlərinin həlli üçün hansı addımların atılması barədə danışırıq. Ancaq 2006-2007-ci illərə qədər jurnalistin sosial problemi haqqında hər hansı bir müzakirənin keçirildiyinin şahidi olmuşdunuzmu? Biz mövcud problemi ortalığa çıxardıq. Bu prosesi o qədər güclü təbliğ etdik ki, 2008-ci ildə Mətbuat Şurasının üzvü seçildik. Mətbuat Şurasına düşməyimiz təkcə JuHİ-nin deyil, həm də jurnalistlərin sosial probleminin etiraf olunması demək idi. İndi biz sosial problemlərin həlli yollarında təkliflər hazırlayır və variantlar düşünürük.
- Bu gün ölkəmizdə çoxlu jurnalist təşkilatları fəaliyyət göstərir. Onların fəaliyyətini jurnalistlərin sosial problemlərinin həlli yönündə qənaətbəxş sayırsınızmı?
- Bu təşkilatları inzibati yolla sıradan çıxarmaq olmaz. Mənə elə gəlir ki, ayrı-ayrı sahələrdə Azərbaycanda 3-4 jurnalist təşkilatına ehtiyac var. Nə qədər ki, onlar yanlış əməllərin nəticəsi olaraq sıradan çıxa bilməyiblər, toparlanmalı, öz aralarında inteqrasiyaya gedib daha güclü təşkilatların yaranmasına nail olmalıdırlar. Əks təqdirdə, süni problemlər yaradıb sensasiyaya nail olmağa can atmaqla ayaqda durmaq olmaz. Mənə elə gəlir ki, zaman artıq onların hökmünü verib öz yoluna qoyacaq.
Təranə MƏHƏRRƏMOVA