|
Roman Abramoviç məşuqəsi və oğluyla Nyu-Yorkda gəzintiyə çıxıb. Abramoviçin sadə gəzintisi barədə heç kimin xəbəri olmazdı, əgər gəzinti sıradan bir gəzintilər kimi başa çatsaydı. Amma onda bu, gərək səs-küy həvəskarı milyarder Abramoviç olmayaydı. Müxtəsər, üçlük gəzə-gəzə gəlib çıxıb şəhərin italyan restoranlarından birinə. Ən yaxşı şərab növləri, nadir və bahalı yerdombalanı göbələyi (tryufel), dana ətindən təamlar, dəniz məhsulları və italyansayağı makaron sifariş edib. Mənim kimi menyuya sağdan sola baxmırmış yəqin. Elə ona görə də masaya 35 min avro hesab gəlib. Deyəsən, Abramoviç sevinib ki, nə yaxşı ucuzluqdur bura. Sevincindən ofisianta "çay pulu"da verib. Özü də 4500 (dörd min beş yüz) avro! Ofisiantın hardasa 5 aylıq maaşını. Bu milyarderlər nə çayı içirlər görəsən?
Nədənsə toylar yadıma düşdü. Toylarda masamıza pərvanə kimi dolaşan ofisiantlar gəldi durdu gözümün qabağında. Ofisianta verdiyimiz 2-3 manata lap yazığım gəldi. Elə "bir şirvana" qaşığı cütləyib, hər dəqiqə boşqabı dəyişən ofisiantlarımıza da. Özümə də. Bütün orta təbəqəyə də. Hələ aşağı təbəqədəkiləri demirəm. Pensionerlərə də, tələbələrə də yazığım gəldi. Bir sözlə, həmin günü o restoranda ofisiant işləməyən hər kəsə. Görəsən, bu Abramoviçkimilər hansı qeyri-adi istedada malikdirlər? Adamın da bu qədər pulu olar? Milyon, milyard, dollar, avro. Adamın deyə bilmərəm, amma yəhudilərin olar. Berezovski Boris Abramoviç, Oleq Deripaska, Roman Abramoviç, Mixail Fridman, Viktor Vekselberq, Çubays, Miller. Dünyanın, əsas da keçmiş SSRİ-dən çıxan milyarderlərin əksəriyyəti yəhudilərdir. Bunlar ya bir milli klan olublar, ya da sirlərini nəsildən-nəslə ötürüblər. Hamısı da əsas kapitalı ölkə dağılanda, qaz-neft sövdələşmələrindən, bir də özəlləşdirmədən tutub. 88-90-cı illərdə. Bəs biz harada idik onda? Yəqin "Vahidbank"ın mağazalarında "qreçka" növbəsində, ya da muncuq düzürmüşük. Dost-tanışı da dilə tuturmuşuq ki, sən də muncuq düz, canını kasıbçılıqdan qurtar. Yəni qonşularımız fil düzəldəndə, biz hələ heç siçana da başlamamışdıq. Bu günlərdə başqa bir rus milyonerinin də təsadüfən "üstü açılıb". Adamın yarım milyardı ola, gizlin qala? Əvvəlcə bir hüquqşünas Rusiya hüquq-mühafizə orqanlarına qarət olunması barədə müraciət edib. Guya naməlum şəxslər ondan neçə kiloqramsa pul oğurlayıblar. Az keçməmiş şikayətçinin özünü həbs ediblər. İş araşdırılıb və hay-küylə mətbuata yayılıb. Məlum olub ki, neçə illərdir Sibirdə, Novosibirskidə Sergey Rovbel adlı birisi (yenə də yəhudi soyadı!) sakitcə oturub var-dövlət yığırmış özünə. Valideynlərinin dediyinə görə, tikinti sektorunda qan-tər tökürmüş, Dəmiryol Nazirliyindən çox əlverişli sifarişlər alırmış, tunel tikirmiş! Tunellər yaman uzun olub. Rovbel yarım milyard dollar, onlarla mənzilə sahib olub. Bank hesabında 500 milyon dollar tunellərdə irəliləyirmiş ki, öz tunelinin sonunda işıq sönüb. 57 yaşında dünyasını dəyişib. Rəsmi arayışa görə, infarktın, dostlarının dediyinə görə isə milyonlarının güdazına gedib. Həmin həbs olunan hüquqşünas deyir ki, o, rəhmətlik sahibinin düz 90 kilo pulunu daşıyıb banklardan. Bir tərəfdən də rəhmətlik pul saymaqdan evlənməyə, oğul-uşaq böyütməyə vaxt tapmırmış. Yəqin fikirləşirmiş ki, vaxtı dəyərləndirmək lazımdır. Pul, pul yığmaq lazımdır. Yığıb, axırda da 90 kilo pul qalıb 76 yaşlı qoca anasına, 83 yaşlı lap qoca atasına. Bir hissəsi də oğrulara, bəlkə də güvəndiyi hüquqşünasa. Deyirəm, nə olardı birdən məlum olaydı ki, uzaqdan-uzağa bu milyonerin mənə qohumluğu çatır. Bir vəsiyyətnamə ortaya çıxardı və pullarından çox demirəm, dörd-beş kilosunu uzaq Bakıdakı qohumuna (yəni mənə) qoyub gedərdi hörmətli Rovbel müəllim. Nələr eləməzdim o pula! Nələr edərdim? Birinci özümə və qohum-əqrəbama hərəyə bir ev alardım. Bəlkə onlar da küsəcəkdilər ki, bu qədər milyonum ola-ola onlara niyə bir ev, həm də ucuzundan almışam, özümə isə şəhərin mərkəzində, bahasını. İnciyəcəkdilər. Deyəcəkdilər ki, pul əlimə keçəndən çox dəyişmişəm. Mən də and-aman eləyəcəkdim ki, dəyişməmişəm, "prosto" mənim evim fərqli olmalıdır. Deyəcəkdilər ki, bəs biz sənə o qədər yaxşılıqlar eləmişik, nə tez yadından çıxıb. Nə isə. Məsələ uzanacaq, get-gəl azalacaq, qan-qaraçılıq düşəcək. Yaxşısı budur səyahətlərə çıxım, dünyanı gəzim. Amma Taylanda-Çinə gedə bilmərəm, orda daima sunami-zəlzələ olur. Avropada daşqınlar, Latın Amerikasında Kolumbiya narkobaronları və ya diktatura reyimləri, Afrikada yoluxucu xəstəliklər. Arzum ürəyimdə qalar, nakam gedərəm mən də bu dünyadan. Bəlkə onda xeyriyyəçiliyə xərcləyim. Uşaq evləri, qocalar evi, məktəb-xəstəxana tikdirim. Vergi orqanları da tökülüşüb gəlsinlər üstümə. Hələ polisini, yanğınsöndürənini, Leytenant Şmidtin ac-yalavac uşaqlarını demirəm. Hərə bir tərəfdən daraşıb pul istəyəcək. Çətin məsələdir bu qədər pulu xımır-xımır xərcləmək. Başıma bəla olacaq. Bəs neyləyim bu qədər pulu? İnternetdə Google-da axtarış verirəm, sualımı yazıram ki, "qəfildən milyonlara sahib olsaydınız hara xərcləyərdiniz?" Hamı elə mən dərddədir, dəqiq bilmir nəyə xərcləyəcək. İki rəfiqə yazır ki, pulumuz indi də var, dərdimiz yaxşı kişi dərdidir. "Milyoner olsaydıq, Avropaya yaxşı ər axtarışına yollanardıq, milyoner qadına şahzadə tapmağa nə var ki?" Bir alim isə yazır ki, pulu "Dağınıq skleroz zamanı anticisimlərin katalitik təsirinin molekulyar əsaslarının araşdırılması" layihəsinə həsr edərdi... Kim nə axtarır, hərənin bir fantaziyası, bir dərdi varmış... Elə mənim pulum olmasa yaxşıdır. Onsuz da bilmirəm, nə istəyirəm. Ən yaxşısı başımı aşağı salıb məqaləmi yazım. Beş-on manatımı yığım üst-üstə, heç olmasa qocalanda da olsa gedim görüm o yerdombalanı göbələyi nə olan şeydir...
Ülfət
|