Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

ƏDƏBİYYAT

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Məni buraxmırlar. Deyirlər ki, hələ vaxtı çatmayıb
Hər yerə səs salan tamaşaların müəllifi və Azərbaycanın ilk qadın rejissoru haqqında nə bir kitab, nə də böyük məqalələr yazılıb

Hətta bu gün, teatr kollektivlərinin tanınmış qadın rəhbərlərinin dünyaya səs saldığı bir vaxtda belə, rejissor sənəti yenə də faktiki olaraq qadın sənəti hesab olunmur. Amma hələ yarım əsr bundan əvvəl Gülcahan Güləhmədova-Martınova Teatr İnstitutunun rejissorluq fakültəsini bitirib Səməd Vurğun adına Rus Dram Teatrına gələndə bizim ölkədə bu, heç kəsin yuxusuna gəlməzdi. Ancaq çox təəssüf ki, hər yerə səs salan tamaşaların müəllifi və Azərbaycanın ilk qadın rejissoru haqqında nə bir kitab, nə də böyük məqalələr yazılıb. Düzdür, o, Xalq artisti, Dövlət mükafatı laureatı, Musiqi Akademiyasının professorudur. Bəlkə də diqqətdən kənarda qalmasının səbəbkarı özüdür. O, heç vaxt telekadra düşməyi, mətbuat konfransları keçirməyi xoşlamır. Öz işini görərək sakitcə həyat sürür. Deyir ki, belə həyat onun üçün daha xoşdur. 85 yaşını qeyd edən Gülcahan xanımın ürəyində yaş xofu da yoxdur.

Həyat və sənət məktəbi

- İlk qadın teatr rejissoru kimi sizi necə qəbul elədilər?

- Xoşbəxtlikdən gənclik illərimdə tale mənim qarşıma Ədil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib, Cəfər Cəfərov, Məhərrəm Həşimov və başqa böyük ustadları çıxarıb. Necə deyərlər, xəmirimiz beləcə yoğrulub kündələndi. Bu gün malik olduğum çox şeyi o sənətkarlardan öyrənmişəm. Onlar özləri də bilmədən işlərini mənə etibar edirdilər. O sənətkarlar teatra səmimi münasibəti, kamilliyə doğru sarsılmaz cəhdləri, zəhmətkeşlik və maddi dəyərlərdən imtina kimi qaydaları mənə ötürürdülər. Yaşa dolduqca ağır, amma şərəfli həyat və sənət məktəbi keçdim.
1952-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsini bitirdim. Müəllimim Mehdi Məmmədov idi. İndi də onun mənə bağışladığı Qorçakovun "Stanislavskinin rejissorluq dərsləri" kitabını saxlayıram. Bu mənim stolüstü kitabımdır. İnstitutu qurtaranda təyinatımı Rus Dram Teatrına aldım. Orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi görkəmli rejissorlarla işləməyə başladım.
Deyə bilmərəm ki, məni böyük məhəbbətlə qəbul elədilər. İnstitutu fərqlənmə diplomu ilə bitirib teatra gəlsəm də, 5 il assistentlik elədim. Daxil olduğum kollektivdə repertuara, tamaşanın qoyuluşunun "keyfiyyətinə" və başqa bu kimi şeylərə yüksək tələbkarlıq diqtə edən ənənələr hökm sürürdü. İşdən kənarda qalmaq mənimçün ağır olsa da, haqqımda "vaxtını əbəs sərf edir" deyirdilər. Aktyorlar məşqdən gedəndə: "Bu qız bizə nə verəcək?" - deyə narazılıqlarını gizlətmirdilər. Mən belə tənəli sözləri çox eşidir və dözürdüm. Amma bütün bunlara baxmayaraq, bu, əsl həyat və ustalıq məktəbi idi.

- Bəs sizi nə vaxt tanımağa başladılar?

- Mənim assistentliyim düz 5 il uzandı. O vaxta qədər müstəqil tamaşa hazırlaya bilmədim. İlk dəfə rejissor kimi quruluş verdiyim Viktor Rozevin "Şadlıq sorağında" tamaşası oldu. Hər şey də həmin gündən başlandı: anşlaqlar, güllər, pərəstişkarlar, bir sözlə, uğurlar... Daha sonra "Mariya Stüart", "Antogina", "Sən həmişə mənimləsən", "Varşava melodiyası", "13-cü sədr" və bir çox başqa tamaşa yarandı. Demək olar ki, hamısı bir yerdə 70-dən artıq tamaşaya quruluş verdim. Ən əsası o idi ki bizim çox ağıllı və ziyalı tamaşaçılarımız var idi. Onlar bizə çoxlu məktub yazır, telefon zəngləri edir, tamaşadan sonra qapının ağzında gözləyirdilər. Biz onlardan gizlənmirdik. Əksinə, onlarla görüşürdük. Bütün tamaşalarımı qastrola aparırdılar. Biz bütün ittifaqı gəzirdik və tamaşa hazırlamaq üçün mənim arxamca gəlirdilər. Hazırladığım tamaşalarda görkəmli sovet aktyorları Angelina Stepanova, Vera Mareskaya, Rostislav Plyatt, ikolay Plotnikov və başqaları oynayırdı. Rozov, Safronov, Abdullin, Braginski bizə öz pyeslərini təklif edirdilər. Vaxt vardı ki, hətta mən bir qədər uğurlardan sehrlənmiş kimiydim. Teatrda rejissorun həyatını asan adlandırmaq olmaz - repertuar siyasəti, rəqabət, yaradıcı iztirablar, qərarların münasib həlli yolları, vəziyyət sıxanda, qarmaqarışıqlıq düşəndə yorucu məşqlər və bir anda adama elə gəlir ki, hər şey məhv oldu - bütün bu mənəvi enerji itkiləri bəlkə yalnız kosmonavtlara məlum ola bilər, o da yalnız fövqəladə hallarda. Amma möcüzədir! Həllolunmaz görünən münaqişələr sonunda sevinc göz yaşları ilə nəticələnir ki, bunu da yalnız yaradıcı, ziyalı adamlarda görmək olar. Bilirsinizmi, yaradıcı adamlar elə insanlardır ki, öz daxili mənlərindən imtina etməyə məcbur olur, özgənin maskasını geyinib başqa adamın adından səhnə ilə birbaşa ünsiyyətə girir, öz çətinlikləri və əhval-ruhiyyələrini kənara qoyaraq tamaşaçıların ağıl və qəlblərinə yiyələnirlər. Heç təəccüblü deyil ki, bu adamlar tamaşanın ərsəyə gəlməsi prosesində lal-dinməz, özündənrazı cizgilər göstərir, ərköyünlük edirlər. Hər halda sonunda yenə də vəziyyətin sahibi rejissor olmalıdır.

Oğurlanan 18 il


- Hal-hazırda çalışdığınız Opera Studiyası sizin üçün rejissorluğu əvəz edə bilirmi?

- Bura mənim ikinci evimdir. Ancaq teatrı əvəz edə bilmir. Teatr tamam başqa aləmdir. Bütün truppanı, artistləri, hətta kütləvi səhnələrə çıxanları, səhnə işçilərini, bilet paylayanları və b. adbaad xatırlayıram. Onların çoxu teatrda qocalıb və dünyadan köçüblər. Biz çox böyük ailə idik.

- Bəs siz niyə belə bir ailədən ayrılıb teatrdan getdiniz?

- Bu, çox böyük münaqişə üzündən baş verdi. Hansı ki, belə şey mənim həyatımda ilk və yeganə hadisə idi. "Janrın" bütün xüsusiyyətlərinə uyğun olaraq satınalma, şantaj, səhnə arxası satqınlıq və başqa üsullardan istifadə olunurdu. Mən sarsıldım və ərizə yazıb getdim. Mənim bu addımım ədalət, yaradıcılıq azadlığı, tamah və yalan əleyhinə atılmış bir şücaət idi. İnsanlar çox zəifdir. Onlardan mənim əleyhimə istifadə edirdilər. Düzdür, sonradan qayıtmağımı təklif etdilər. Amma mənim fikrimcə, getmisənsə, birdəfəlik getməlisən. Onlar mənim həyatımın 18 ilini oğurladılar.

- İndi teatra qayıtmaq istərdinizmi?

- Yox... Ona görə yox ki, o teatr pisdir, başqadır, mənim deyil. Mənim ondan incikliyim yoxdur. Teatr mənimçün çox böyük xoşbəxtlik olub. Sonra mənim çoxlu işə başım qarışıb. Yenə əvvəlki kimi peşman olmuşam, sevmişəm, sevilmişəm. Çox istedadlı şagirdlərim olub. Həmişə böyük müəllimlərimin mənə öyrətdiklərini onlara öyrətməyə çalışmışam, onlarla fəxr eləmişəm. İndi teatrda əvvəlki səviyyəli tamaşalar yoxdur, şou xarakterli tamaşalar qoyulur. Özünün yaşlı sənətkarları olmadan teatr mövcud ola bilməz. Ənənəsiz də teatr sifətini itirər.

- Yenə də sizi əvvəlki kimi küçədə tanıyırlarmı?

- İndi məni görəndə o vaxtları xatırlayır, o illərin teatrını yada salırlar. Mən 30 il teatrda işləmişəm. Mənim tamaşalarım oynananda teatr titrəyirdi. "Otello", "Mariya Tüdor", "Sən həmişə mənimləsən" tamaşalarını səhnələşdirmişəm. İndi nə barədə danışırlar? Ancaq şou... O vaxt tamam başqa idi. Bu tamaşalardan, aktyorlardan sonra teatra qayıtmaq istəmirəm. O mənimçün artıq özgə teatrdır. Daha mənim teatrım deyil. Həmçinin "Azdrama" da əvvəlki teatr deyil. Çünki artıq o teatrların heç birində əvvəlki repertuar, rejissura və aktyorlar yoxdur. O vaxtlar necə rejissorlar, aktyorlar vardı! Mehdi Məmmədov, Rza Təhmasib, Sidqi Ruhulla, Mirzəağa Əliyev, Barat Şəkinskaya, Hökumə Qurbanova, Fatma Qədri...  İndi bu insanlar hanı? Onları əvəz edənlər varmı? Onda teatra münasibət başqa idi. İndi teatrda qəpiyə görə tamaşalar qoyulur. Mən 69 rubl maaş alırdım. Bütün müəlliflər istəyirdilər ki, əsərlərini mən səhnələşdirim. Onda yaradıcılıq ab-havası yaxşı idi. Ona görə də o barədə danışmağa dəyməz.

- Teatrdan uzaqlaşdığınız gün hansı hissləri keçirdiniz?

- 1982-ci ildə teatrdan uzaqlaşdım. Çölə çıxanda məni teatrın ətrafında gözləyirdilər. Məni dövrəyə alıb dərhal Opera Studiyasına gətirdilər. Məni rektor qarşıladı və bura götürdülər. Bu günə qədər bir dəqiqə də boş oturmamışam. İstedadlı tələbələrim var. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesinə verdiyim televiziya quruluşundan sonra teatr səmasında yeni ulduzumuz - Məlahət Abbasova parladı. Opera Studiyasında da istedadlı, ümidverən tələbələrim çoxdur. Sevinirəm ki, onlar böyük uğurlar qazanıblar. Dinara Əliyeva hal-hazırda Moskvada Böyük Teatrda çalışır. Əvəz Abdullayev, Fərid Əliyev, Səbinə Əsədova, Afaq Abasova, Leyla Dadaşova müəyyən uğurlara imza atıblar. Hər ad günümdə - iyunun 23-də onlar mənə dünyanın hansı ölkəsində olsalar da zəng edirlər. Bu,  mənimçün hər şeyə dəyər. Hiss edirəm ki, boş yerə çalışmamışam.

- Bu gün Opera Studiyasında ümumi vəziyyət necədir, hansı çətinliklər var?

- Səhnəmiz yoxdur. Bu baxımdan vəziyyət çox çətindir. Ümid edirik ki, bu problem həllini tapacaq.

Nostalji


- 85 illik ömür yolu... Bu rəqəm sizin üçün nə deməkdir?

- Doğrusu, bu haqda fikirləşmirəm, heç vaxtım da yoxdur. Mən güzgüyə baxmıram ki, yaşım yada düşsün.

- İşinizdə ötən illərin nostaljisi çoxdurmu?

- Bəhram Bağırov Köhnə Bakı adlı kitab yazır. Mən də o kitaba yazı yazmışam. İçimdə o qədər nostaljilər var ki... Tramvayın yoxluğu, küçələrdə skamyaların olmaması... Balkonlarda bir adam görmürəm. Elə bil burada insanlar yaşamır. Əvvəllər insanlar balkonlarda yığışır, gülür, musiqi çalırdılar. İndi isə belə şeylər yoxdur.

- Sənətdən ayrılmaq barədə düşünürsünüzmü?

- Məni buraxmırlar. Deyirlər ki, hələ vaxtı çatmayıb.


Təranə MƏHƏRRƏMOVA
+  -  Çap 
Yerləşdirilib: 23.06.10 | Baxılıb: 286

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • Vətən Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir
  • Politoloq: ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •