Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Duman yaranan yer
Hirkan Milli Parkında dumanla rastlaşmasaq da, dumanın yarandığı bu yerdə kifayət qədər diqqət çəkən maraqlı mənzərələrə təsadüf etdik

Hirkan-qədim fars sözü olaraq “duman yaranan yer” deməkdir. “2010 Ekologiya ili–Yaşıl dünya naminə” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkına jurnalistlər üçün təşkil etdiyi press-tur zamanı dumanla rastlaşmasaq da, dumanın yarandığı bu yerdə kifayət qədər diqqət çəkən maraqlı mənzərələrə təsadüf etdik.

“Qırmızı Kitab”da yerini gözləyənlər

Prezidentin sərəncamı ilə 2004-cü ilin 9 fevralında yaradılan Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Yarandığı ilk vaxtlar ərazisi 21435 hektar olan park 2008-ci ildə Nazirlər Kabinetinin qərarı ilə genişləndirilərək 40358 hektara çatdırılıb. Hazırda Hirkan Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini tam əhatə edir ki, parkın yaradılmasında da əsas məqsəd məhz həmin təbiiliyi qoruyub saxlamaqdır. Bundan başqa, üçüncü dövrün relikt-çox qədim dövrdən qalma və endemik, yəni-yerli, müəyyən bir yerə xas olan bitki növlərinin, ”Qırmızı Kitab”a daxil edilən tipik flora və fauna növlərinin mühafizəsi, gələcək nəslə ötürülməsi ilə yanaşı, burada həm də turizm və istirahət üçün şəraitin təşkili nəzərdə tutulub. Parkın ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan sıra dağlar əhatə edir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir. Parkın ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılıb. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir. Parkda qorunan əsas növlər Hirkan ənciri, Hirkan şümşadı, Hirkan armudu, dəmirağac, vələs, Hirkan bigəvəridir. Parkda hər kv.metrə 35 ağac və kol düşür. Bütün bu məlumatları jurnalistlərə çatdıran Hirkan Milli Parkının elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov hətta yenidən nəşr olunarsa, parkda “Qırmızı Kitab”a daxil ola biləcək xeyli nadir bitki növlərinin formalaşdığına da əmindir.


Pələng, bəbir və ayıya bərabər antropogen amillər


Say baxımından çox olmasa da, burada xeyli nadir heyvanlar da yaşayır. Belə ki, ötən əsrin əvvəllərinə qədər bu meşələrdə Lənkəran pələngi, bəbir, Qafqaz maralı, qonur ayı geniş yayılıb. Sonralar bu nadir heyvanların sayı sürətlə azalmağa başlayıb, sonuncu pələng və maral isə 50-60 il bundan əvvəl məhv edilib. Hazırda burada 40 növ məməli heyvan, 68-i daimi məskunlaşan quşlar olmaqla, 117 növ quş və s. yaşayır. Parkın faunası qara leylək, tirəndaz, ayı, qaban, cüyür, xallı maral, vəhşi pişik, dələ, porsuq, yenot, canavar, çaqqal, qamış pişiyi, su samuru, bəbir, vaşaq, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, qıvrımlələk qutan, toğlugötürən, Talış uzunbığı ilə məşhurdur. Bələdçimizin sözlərinə görə, 70-ci illərdə Ussuri maralı da Azərbaycana gətirilərək yerli mühitə adaptasiya edilib. Adətən sürülər şəklində gəzib dolanan maralların qidalarını ot, kol, ağac və digər bitki qrupları təşkil edir. Marallar yalnız öz seçdikləri ərazilərdə dolaşdıqları üçün onların yem bazasının əsasını təşkil edən qidalar da məhz bu sahələrin hesabına ödənilir. Amma əvvəllər məhdud ərazilərlə kifayətlənməli olan marallar parkın ərazisi genişləndirildikdən sonra daha çox sahələrdə dolaşmaq imkanı qazansalar da, bu amil onların saylarının artması üçün yenə də yetərli sayılmır. Belə ki, maralların təbiətdə ən təhlükəli düşmənləri pələng, bəbir, ayı hesab olunsa da, onların say artımına bu düşmənlərdən daha artıq təsir edən antropogen amillər də az deyil. Ümumiyyətlə, milli parkın ərazisində yaşayış məskənləri də mövcuddur ki, bu da xüsusi mühafizə olunan ərazilərin əsas problemlərindəndir. Bu problemə qarşı isə görülən əsas tədbir belə məskənlərin digər yerlərə köçürülməsi deyil, onların artmasının qarşısını almaqla kifayətlənməkdir: ”Ümumiyyətlə, marallar kiçik əraziləri gəzirlər. Parkın ətrafı da kəndlər olduğu üçün marallar oralara keçmirlər. Hazırda maralların baş sayı 30-dur. Antropogen təsirlər da maralların sayına təsir edir. Məsələn, güclü maqnitofon səsi gələrsə, maral balasını sala bilər”. Maralların areallarını genişləndirmək üçün sərhəd ərazilərdə qonşu ölkə - İranla ümumi xüsusi mühafizə zonası formalaşdırmaq isə hələlik mümkün deyil. H.Səfərov hesab edir ki, ümumiyyətlə, biosfer rezervatlar - heyvanların yaşadığı əraziləri hər iki dövlət tərəfindən mühafizə etməklə, onların hər iki tərəfə sərbəst girişini reallaşdırmaq bəlkə də 10-15 ilə həyata keçə bilər. Hazırda isə bu məsələnin İranla həlli problem olaraq qalır. 


Yolverilməz müqəvva muzeyi


Günün qızğın çağında davam edən səyahətimiz boyu parkın əsl sakinlərinə rast gəlinməməsi də diqqətdən yayınmır. Bunu izah edən H.Səfərov təbiətdə heyvanların adətən səhər və axşam saatlarında dolaşdığını deyir. Ona görə də günün digər saatlarında burada hər hansı quş və heyvana təsadüf etmək olmur. Bu üzdən də parka gələnlər onları görmədən də buranı tərk etməli olur. Amma turistlərin parkda yaşayan canlıların heç olmasa müqəvvasından ibarət muzeylə tanış olmaq imkanları da yoxdur. Və olmayacaq desək, yanılmarıq. Bunun da öz izahı var. H.Səfərov deyir ki, burada ümumiyyətlə heyvan müqəvvalarından ibarət muzey qurulmamasının səbəbi də elə heyvanları qorumaq məqsədi daşıyır: ”Müqəvvaların hazırlanması üçün hansısa heyvan öldürülməlidir. Buna isə düzgün baxmıram. Çünki parkda qorunan canlılar deyildiyi kimi, əsasən relikt və endemik növlərdir”. Bundan başqa, müqəvvanın hazırlanmasında canlının ilk məhv olduğu anlardan istifadə edildiyi üçün, “Yaşamaq uğrunda mübarizə”də təbii şəkildə ölmüş heyvan və ya quşun cəsədi də bu zaman müqəvva kimi istifadəyə yararsız olur.


Mancuriyalı “qohumlar”


Milli Parkın entomofaunası da endem növlərlə zəngindir. Ərazidə “Qırmızı Kitab”a  düşmüş növlərdən tündqırmızı Talış uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qaçağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi, Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi və başqa həşəratlara rast gəlmək olar. Parkın girəcəyində Almaniya hökumətinin dəstəyi ilə hətta “Həşərat evi” də tikilib. Park ərazisində həşəratlar üçün yeganə olan bu evdən məktəblilərə öyrədici təlimlər məqsədilə nəzərdə tutulub.
Hazırda parkda 200-dən çox hörümçək növünə də rast gəlinir. H.Səfərov hətta hörümçəklərin də mövcudluq tarixinin qədim dövrləri əks etdirdiyini deyir: ”Araşdırmalara görə, bizim hörümçəklərlə qədim Mancuriya hörümçəkləri qohumdurlar”.
Hirkan ərazisində suda-quruda yaşayan heyvan növlərindən adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası da yayılıb. Sürünənlərdən isə Aralıq dənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ, girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, Eskulap ilanı və s. növlər mövcuddur.


Sorağı YUNESCO-dan gələn meşələr


Hirkan Milli Parkı həmçinin öz nadir təbiət abidələri ilə də məşhurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidələri var. Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşir. Hətta Hirkan meşələrinin YUNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün layihə smeta sənədləri hazırlanaraq, Ümumdünya İrs Siyahısına da göndərilib. Əslində “Duman yaranan yer” haqqında çox danışmaq olar. Amma “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”. Milli parkı görmək üçün isə Azərbaycan vətəndaşları parka giriş biletinə görə 2, xarici vətəndaşlar 4 manat xərcləməli olacaqlar. Hərçənd H.Səfərov Azərbaycanda ekotur mədəniyyətinin formalaşmasında ləngimə probleminin olduğunu da deyir. Əgər siz özünüzdə belə bir problemlə üzləşdiyinizi düşünmürsünüzsə, o zaman “Hirkan Milli Parkına xoş gəlmisiniz!”


HƏQİQƏT İSABALAYEVA
+  -  Çap 
Yerləşdirilib: 22.06.10 | Baxılıb: 460

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •