Polad Qasımov: «Jurnalist illərlə çalışsa da, onun mənzil problemi yenə də problem olaraq qalır. Əgər jurnalistin evi, yaradıcılıq masası yoxdursa, ondan hansı sanballı məhsulu gözləmək olar?»
Azərbaycan mətbuatı 135 illik yubileyinə hazırlaşır. Yubileyin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı prezidentin sərəncamı mətbuat işçilərində ruh yüksəkliyi yaradıb. Mili Mətbuat Günü ərəfəsində veteran həmkarlarımızdan biri “Kirpi” satira-yumor jurnalının baş redaktoru, əməkdar mədəniyyət işçisi Polad Qasımovla söhbətləşdik.
Həmişə danışılan məsələ
- Gələn ay mətbuatın 135 illik yubileyi qeyd olunacaq. Sizcə bu yubiley Azərbaycan cəmiyyəti üçün nə deməkdir?
- Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi mətbuatımızda da çox böyük irəliləyişlər yarandı. Senzuranın ləğv olunması, azad sözə geniş imkanlar yaradılması – bütün bunlar demokratiyanın bizə verdiyi imkanlardır. Azərbaycan mətbuatının 130 illik yubileyində xeyli mətbuat işçisi fəxri adlarla təltif olundular, onların arasında mənim də adım vardı. Bütün bunlar ölkəmizdə demokratiyanın, söz azadlığının, mətbuata dövlət qayğısının bəhrəsidir. Son 5 ildə mətbuatımıza qayğı daha da artıb. KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb. Mətbuat Şurası mətbuatla sıx əlaqəli şəkildə işləyir. Ancaq bir çox qəzetlər demokratiyanın verdiyi imkanlardan sui-istifadə edirlər. Bu sui-istifadə də «reket»çiliyə gətirib çıxarır, ləyaqətli insanların işgüzar şərəfinə kölgə salır. Faktları araşdırmadan, dəqiqləşdirmədən, gözlərini yumub ağızlarına gələni yazırlar. Həsən bəy Zərdabidən üzü bəri mətbuatımız şərəfli bir yol keçib. Bu şərəfli yolu davam etdirən, tənqid yazan böyük Mirzə Cəlil heç vaxt sözdən elə istifadə etməyib ki, kiminsə şərəf və ləyaqətinə toxunsun, təhqir etsin. Buna görə də Mətbuat Şurası xeyli qəzeti «reket qəzet» elan edib. Ancaq bu «reket»çilik yenə davam edir, həmin qəzetlər yenə çıxır və o qəzetlərin bir qismi Azərbaycan nəşriyyatında yerləşir. Bu adamlar sadəcə qəzeti gəlir mənbəyi bilib orada işləməyə gəliblər. Mən belə cavanların həyatına acıyıram. Belə cavanlarla mətbuatı inkişaf etdirmək mümkün deyil. Deyərdim ki, onların əksəriyyətinin bu peşədən xəbəri yoxdur. Onlar müsahibə ilə mübahisənin nə olduğunu bilmirlər. Onlar heç bir yerdə jurnalist sənətkarlığından kurs keçməyib, bu sahənin müəllimlərindən dərs almayıb, peşəkar redaktorların yanında təcrübə keçməyiblər.
- Sizcə mətbuatda «reket»çiliyin qarşısını necə almaq olar?
- Zənnimcə həmin qəzetlər təsis olunarkən ona fikir vermək lazımdır. Əgər o adamlar Bakı Dövlət Universitetində jurnalistika, filologiya və ya tarix elmindən dərs almayıblarsa, istər ali təhsilli riyaziyyatçı və ya fizik olsunlar, necə qəzet buraxa bilərlər? Onların əksəriyyəti orta məktəbi bitirən, ali məktəbdən qovulan, rayonlarda baytar həkimi və ya aqronom işləyən sərgərdan adamlardır. Hətta onların arasında elə adamlar var ki, 3-4 qəzetləri var. Bu qəzetlərdən birini «reket» elan edəndə o biri qəzeti işlətməyə başlayırlar. Mətbuat Şurasının «reket» qəzetlərlə bağlı qərarlarını dəstəkləyirəm.
- Necə deyərsiniz, bu gün cəmiyyətdə təmiz mətbuatın nüfuzu nə qədərdir? Dördüncü hakimiyyətin sözü keçərlidirmi?
- Dövlət qəzetlərində sanballı, tarixə düşəsi yazılar dərc olunur. Bunların hamısı Azərbaycan mədəniyyəti, tarixi, keçmişi ilə bağlı yazılardır. Mən deyərdim ki, sovet hakimiyyəti dövründə də mətbuatımızda bu qədər irəliləyiş olmayıb. Bu gün Azərbaycan mətbuatı çox yüksək zirvəyə qalxıb. Ancaq bir sıra müxalifət yönümlü qəzetlər var ki, onlar ara qarışdırmaqla məşğuldurlar. Nə qədər yazmaq olar ki, filan naziri «vurdular»? Nə qədər yazmaq olar ki, «hakimiyyətin ömrü yaza qədərdir»? Nə qədər şər-böhtan yazmaq olar? Nə qədər Azərbaycanın başına gələn fəlakətlərdən ilhama gəlib onu təbliğ etmək olar? Bu yaxınlarda Kür çayının daşması zamanı dövlət qəzetləri haray saldılar. Amma onlar yazırlar ki, Kür çayının törətdiyi fəlakətdən milyonlar qazanılacaq və s. Onlarda ölkəmizin düşdüyü çətin vəziyyətdən bir növ şadyanalıq etmək kimi meyllər var. Müxalifətyönlü qəzetlər bu cür materiallar dərc edirlər, sonra da təkzib edirlər ki, filan yazıda səhv olub. Nə qədər üzr istəmək olar? Hər hansı bir jurnalist özünü küçədə düzgün aparmır və ya nalayiq hərəkətə yol verir. Hüquq-mühafizə orqanları həmin adamı sadəcə dindirməyə çağıranda bunu böyük fəlakət kimi qəzetin manşetinə çıxarırlar. Belə şantajlar, qarayaxmalar mənim aləmimdə keçərli deyil. Başdansovdu, yoxlanılmamış yazıların kökündə nə dayandığını xalq da, oxucular da yaxşı bilir. Ona görə də Azərbaycan mətbuatında iqtidaryönlü mətbuatın çox ciddi yazılar verdiyini, əhəmiyyətli məsələlər qaldırdığını, xalqın ziyalılarının oxuculara tanıtdırmasının şahidi oluruq. Mən belə təşəbbüsləri həmişə alqışlayıram. Arzu edərdim ki, mətbuatımızın bu cür inkişaf dövründə belə xoşagəlməz hallar olmasın!
Mənzilsizlik
- Özünüz də qeyd etdiniz ki, mətbuata dövlət dəstəyi var. Sizcə bu dəstək jurnalistlərin sosial problemlərinin tam mənada həlli üçün yetərlidirmi?
- Deyərdim ki, bu hələ yetərincə deyil. Çünki KİV-ə Dəstək Fondu təzə yaradılıb və getdikcə təkmilləşəcək. Bu gün bu qurumdan bütün mətbuat umur. Amma vaxt gələcək hər şəxs gördüyü işin müqabilində alacaq. Hələlik bu qurum vasitəsilə bütün redaksiyaların və fərdi qaydada jurnalistlərin problemlərini tam həll etmək mümkün deyil.
- Sizcə bu gün jurnalistlərin sosial problemləri əsasən nədən ibarətdir?
- Jurnalist illərlə çalışsa da, onun mənzil problemi yenə də problem olaraq qalır. Yaxşı olar ki, gələcəkdə dövlət ya Jurnalistlər Birliyinin, ya da Mətbuat Şurasının nəzdində kooperativ və ya digər yolla mənzil tikintisinə dəstək versin. Əgər jurnalistin evi, yaradıcılıq masası yoxdursa, ondan hansı sanballı məhsulu gözləmək olar? Redaksiyada oturmaqla istədiyimiz məhsulu hasilə gətirib lazımi səviyyədə yaza bilmərik. Əsas problem mənzil problemidir.
Digər problem dövlət himayəsində olmayan qəzetlərin maaş, qonorar məsələsi ilə bağlıdır. Dövlət bu məsələyə də baxsa yaxşı olar. Əgər mən oxunaqlı bir qəzet buraxıramsa, ölkəmizin xeyrinə olan məsələləri qaldırıramsa, nə üçün kiminsə və ya hansısa bir təşkilatın əlinə baxmalıyam? Dövlət tərəfindən necəsə bir mexanizm olmalıdır ki, bu qəzetlər maliyyələşdirilsin. Bayaq dediyim kimi Fond yaradılıb, ancaq 3-5 ilə bu fondun layiqli qəzetləri də tam təmin edə biləcəyinə inana bilmirəm.
- Elə isə əgər bu gün jurnalistin hər hansı sosial problemi varsa, onun həlli üçün üz tutacağı bir ünvan deyə bilərsinizmi?
- Biz ümidimizi üzməməliyik. Azərbaycan dövlətinin müstəqillik tarixi o qədər də qədim deyil. Əminəm ki, uzun illər keçəndən sonra biz bütün sahələr üzrə ən inkişaf etmiş dövlətlər sırasında olacağıq. Hələ 20 ilə yaxın müddət ərzində biz neçə-neçə dövlətləri ötüb keçmişik. Əminəm ki, yaxın gələcəkdə «reket» qəzetlərin də məsələsi həll olunacaq. Mirzə Ələkbər Sabir demiş: «Nehrə kimi çalxalandıqca yağı yağ üstə çıxır, ayranı ayranlıq olur». Elə qəzetlər var ki, artıq bağlanıblar. Sadəcə, ciblərində hələ vəsiqəni gəzdirirlər. Ancaq görürlər ki, həftəlik mütəmadi və gündəlik çıxan qəzetlərlə ayaqlaşa bilmirlər. Ona görə də istər-istəməz qələmlərini yerə qoyub çıxıb gedirlər. Əminəm ki, gələcəkdə mətbyat da yaxşıların yaxşısı qalacaq.
Jurnalistin sosial qayğısı
- Jurnalistlərin sosial problemləri “Kirpi”nin dili ilə səslənirmi? Əgər səslənirsə, reaksiyalar necə olur?
- Əgər hər hansı bir jurnalist bizə müraciət edirsə, onun problemlə bağlı yazısı bizim jurnalda öz əksini tapır. Məsələn, tutaq ki, hansısa jurnalist «mən Abşeron rayonunda yaşayıram. Əgər torpaq sahəsi ala bilsəm, gələcəkdə mənzil problemimi həll edə bilərəm” - deyə yazır. O zaman biz həmin yazını dərc edirik. Sonra həmin yazını məktub vasitəsilə aidiyyatı təşkilatlara göndəririk və qənaətbəxş də cavab alırıq. Və yaxud ola bilsin ki, jurnalistə bir arayış lazımdır, ancaq o hansısa bir bürokrata rast gələrək sənədi ala bilmir. Biz o zaman da həmin jurnalistə imkanımız daxilində kömək edirik.
- Sonuncu sualım. İstər aktyorlar olsun, istərsə də müğənnilər həmişə müsahibələrində vurğulayırlar ki, sənət adamlarının məişət qayğıları olmamalıdır. Mən də peşə təəssübkeşliyi ilə soruşuram: «Məgər jurnalistin məişət qayğıları olmalıdır? Məgər o, sosial problemlər məngənəsində boğulmalıdır»?
- Xeyir, jurnalistlər də qayğılarla yaşamamalıdır. Əgər aktyor öz sahəsində hər hansı bir obrazı yaradır və ya müğənni bir mahnı oxuyub populyar olursa, jurnalist də öz sahəsində çox gözəl oçerk, felyeton və s. yazır. O da bu sahədə külüng vurur. Nəyə görə hər axşam toylarda oxuyan və cibinə 3-5 min manat qoyan müğənninin problemi olmamalıdır, amma ayda 120 manat maaş alan jurnalist problemlə yaşamalıdır? Təhsili təhsilinə, səviyyəsi səviyyəsinə bərabər, işi də ondan ağır. Ona görə də jurnalistin sosial problemi olmamalıdır.
Təranə Məhərrəmova