Parlament eyni zamanda Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini də qəbul etdi
Milli Məclis 2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişiklikləri təsdiqlədi. Layihə barədə deputatlara məlumat verən maliyyə naziri Samir Şərifov bildirdi ki, büdcənin gəlirləri 1 milyard 490 milyon manat, xərcləri isə 1 milyard 11 milyon manat artırılır. Bununla da dövlət büdcəsinin gəlirləri 11 milyard 505 milyon manat, xərcləri isə 12 milyard 275 milyon manata çatdırılır. Gəlirlərin artımının 490 milyon manatı Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşdırılacaq. Əlavə gəlirlər hesabına dövlət büdcəsinin kəsiri 770 milyon manata qədər azaldılacaq. Bununla da büdcə kəsiri ÜDM-in 2,5 faizinə enəcək. Nazir dedi ki, dünya bazarındakı vəziyyətə adekvat olaraq büdcədə bir barel neft üçün nəzərdə tutulan qiymət də 45 dollardan 60 dollara qaldırılır. Neftin qiymətinin artırılması hesabına dövlət büdcəsinin gəlirləri əlavə olaraq 490 milyon manat, Dövlət Neft Fondunun gəlirləri isə 2 milyard 700 milyon manat artacaq.
S.Şərifov artımların hansı istiqamətdə xərclənəcəyi barədə də məlumat verdi. Onun sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə 300 milyon manat ayrılır. Müdafiə xərcləri isə 400 milyon manat artırılacaq. Bundan əlavə, sosial xərclər 99 milyon manat, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, informasiya, bədən tərbiyəsi xərcləri 14,5 milyon manat çoxaldılır.
Müzakirələrdə çıxış edən millət vəkilləri müxtəlif məsələlərlə bağlı irad və təkliflərini bildirdilər.
Deputatlar hərbi xərclərin artırılmasını alqışladılar
Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc hərbi xərclərin artırılmasını dəstəklədi. Onun sözlərinə görə, bu, heç də Azərbaycanın militarist siyasət yürütməsi ilə bağlı deyil. Əsas səbəb Ermənistanın sülh danışıqlarında heç bir konstruktivlik nümayiş etdirməməsidir. Belə olan şəraitdə Azərbaycan öz ordusunun maddi-texniki bazasını gücləndirməyə, yeni silahlar almağa məcburdur.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da müdafiə xərclərinin artırılmasını təqdirəlayiq hal kimi qiymətləndirdi. Onun fikrincə, hökumətin bu siyasətini hamı müdafiə etməlidir. Millət vəkili hökumətin neftin bir barelin qiymətini 45 dollardan 60 dollara qaldırmasını da düzgün addım kimi qiymətləndirdi. Onun sözlərinə görə, yaxın gələcəkdə neftin qiymətinin bir qədər də bahalaşacağı gözlənilir. Ən azından indiki qiymətlərdə kəskin azalma olmayacaq.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev büdcənin neftdən asılılığı probleminə toxundu. Onun sözlərinə görə, büdcədəki dəyişikliklərdən sonra bu asılılıq daha da artır. Millət vəkili dedi ki, bunun qarşısının alınması üçün hökumət təcili olaraq sənayenin və kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramları qəbul etməlidir. Bundan əlavə, elm adamlarının, müəllimlərin əmək haqları artırılmalıdır. Millət vəkili dedi ki, Avropanın inkişaf etmiş ölkələrində əhalinin 52 faizi ali təhsillidir. Azərbaycanda isə bu göstərici cəmi 27 faizdir. Üstəlik, ildən-ilə ali təhsillilərin sayı da azalır.
Hərbi xərclərin artırılmasını dəstəkləyən Q.Həsənquliyev dedi ki, müharibə şəraitində olmayan bəzi ölkələrdə büdcə xərclərinin 20 faizi hərbi məqsədlərlə istifadə olunur. Azərbaycanın hərbi xərcləri isə büdcənin cəmi 10-11 faizini təşkil edir. Millət vəkili dedi ki, hökumət 2011-ci ildə də hərbi xərcləri artırmalıdır. Çünki beynəlxalq birlik Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması üçün heç bir təzyiq göstərmir. Yaxın gələcəkdə də belə bir təzyiqin olacağı gözlənilmir. «Belə olan halda torpaqlarımızı işğaldan azad etmək istəyiriksə, müharibəyə hazır olmalıyıq» - deyə millət vəkili vurğuladı.
Banklarda batan əmanətlərin qaytarılması məsələsi qaldırıldı
Bitərəf millət vəkili Nazim Məmmədov hökuməti korporativ idarəetmə mədəniyyətinin inkişafına yönələn proqramlar həyata keçirməyə çağırdı. O, büdcə vəsaitlərinin səmərəli xərclənməsinin və bu prosesə nəzarətin vacibliyini qeyd etdi.
Əhalinin banklarda batan əmanətlərinin qaytarılması məsələsinə toxunan millət vəkili dedi ki, hökumət bu problemləri həll etməlidir. Batan əmanətlər daxili borc kimi tanınmalıdır: «Biz çalışmalıyıq ki, bu ildən əhalinin banklarda batan əmanətləri qaytarılsın. Əhalinin banklarda 4 milyard 800 milyon rubl əmanəti qalıb. Bu pulun qaytarılması üçün təxminən 1, 5 milyard manat tələb olunur».
Müzakirələrdən sonra büdcəyə əlavə və dəyişikliklər qəbul edildi.
“Normativ hüququ aktlar haqqında» Konstitusiya qanunu qəbul edildi
İclasda bir sıra mühüm əhəmiyyət kəsb edən qanun layihələrinə də baxıldı. Məsələn, deputatlar “Normativ hüququ aktlar haqqında» Konstitusiya qanunu layihəsini üçüncü oxunuşda qəbul etdilər. Layihə barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, bu qanun normativ hüquqi aktların hazırlanması, rəsmiləşdirilməsi, qəbul olunması, dərc edilməsi, qüvvədə olması, şərhi və sistemləşdirilməsi qaydalarını müəyyən edəcək. Layihəyə Azərbaycan parlamenti ilə "Tvinniq" proqramı çərçivəsində əməkdaşlıq edən Litva ekspertləri və Avropa Şurasının Venesiya Komissiyası da müsbət rəy veriblər. Venesiya Komissiyasının rəyində layihənin müfəssəl hazırlandığı göstərilib. Ə.Hüseynov dedi ki, layihənin qəbulu qanunvericilik sahəsinə böyük fayda verəcək. Xüsusilə də qanun layihəsinin dövlət orqanlarının və ya vəzifəli şəxslərin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar sui-istifadə amilləri ilə bağlı maddələrində dövlət orqanları və səlahiyyətli şəxslər qarşısında ciddi tələblər qoyulub. Qanunun qəbulundan sonra hazırlanacaq qanun layihələrinin qəbulu və icrası məhz bu Konstitusiya qanununun tələblərinə uyğun həyata keçiriləcək.
Müzakirələrdə çıxış edən millət vəkili Pənah Hüseyn sənəddə Milli Məclisin illik qanunvericilik iş planının hazırlanmasının prezidentlə razılaşdırılmasının nəzərdə tutulmasına qarşı çıxdı. Onun sözlərinə görə, bu dəyişiklik deputatların qanunvericilik təşəbbüsü hüququ ilə çıxış etmək imkanlarını da məhdudlaşdıracaq. Məsələyə münasibət bildirən Ə.Hüseynov isə dedi ki, indiyədək qanunvericilik təşəbbüsü subyektlərinin deputatlara göndərdiyi qanunlarla bağlı prosedura aydın deyildi: “Bu dəyişiklikdən sonra ictimaiyyət və parlament öncədən məlumatlandırılacaq. Yəni Milli Məclis və prezidentin qarşılıqlı razılaşdırılmış formada birgə iş planı tətbiq ediləcək. Hər bir sənəd qarşılıqlı razılaşdırılacaq, heç bir üstünlükdən söhbət gedə bilməz”.
Müzakirələrdən sonra Konstitusiya qanunu üçüncü – sonuncu oxunuşda qəbul edildi.
Konstitusiya Məhkəməsinə seçkiləri təxirə salmaq hüququ verildi
İclasda «Konstitusiya Məhkəməsi haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi də müzakirə edildi. Bu barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, dəyişikliklər 2009-cu ilin mart ayında keçirilən referendumda Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə əlaqədardır. Konstitusiyanın 84-cü və 101-ci maddələrində müharibə şəraitində, fəal hərbi əməliyyatlar zamanı parlamentin və prezidentin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması nəzərdə tutulur. Qanun layihəsində Konstitusiya Məhkəməsinə müharibə şəraitində parlament və prezident seçkilərini təxirə salmaq hüququ verilir. Yəni Konstitusiyada nəzərdə tutulan normanın reallaşdırılması ilə bağlı qərarı Konstitusiya Məhkəməsi verəcək. Həmin müddəalara görə, müharibə şəraitində hərbi əməliyyatların aparılması zamanı Mərkəzi Seçki Komissiyası parlament və prezident seçkilərinin keçirilməsini qeyri-mümkün hesab etdikdə parlamentin və prezidentin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək. Konstitusiya Məhkəməsi bu müraciətə ən azı 7 gün ərazində baxmağa başlamalı və əsaslandırılmış qərar qəbul etməlidir. Qərar Konstitusiya Məhkəməsinin Plenumunda hakimlərin 6 səs çoxluğu ilə qəbul edilməli, dərhal Milli Məclisə və MSK-ya göndərilməlidir.
Qanun layihəsi 102 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul edildi.
Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edildi
Milli Məclisin iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsinə də baxıldı. Bu barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ə.Hüseynov bildirdi ki, təkliflərə əsasən, seçki kampaniyasının, o cümlədən, seçki təbliğatının müddəti azaldılır. Eyni zamanda, qeydə alınan namizədlərə dövlət büdcəsindən 200 manat vəsaitin ayrılması qaydası ləğv olunur. Məcəllənin ümumilikdə 35 maddəsi dəyişib. 5 maddə və 9 maddənin 17 bəndi isə tamamilə sənəddən çıxarılır. Seçki Məcəlləsinin yeni variantına görə, seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan ediləcək. Seçki dairələri seçkilərin (referendumun) keçirilməsindən bilavasitə əvvəl yaradılırsa, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri seçkilər gününə ən azı 55 gün qalmış təsdiq edilməli və seçki gününə azı 50 gün qalmış dərc edilməlidir. Dairə seçki komissiyaları bilavasitə, seçkilərdən (referendumdan) əvvəl yaradılarsa, onlar səsvermə gününə azı 50 gün qalmış təşkil edilməlidir. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına qanunda göstərilən seçki sənədlərini təqdim etməlidir. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədlərin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Seçkiqabağı (referendum qabağı) təşviqat səsvermə gününə 23 gün qalmış başlayacaq və səsvermənin başlamasına 24 saat qalmış dayandırılacaq.
Qanun layihəsi 103 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edildi.
İlham QULİYEV