Xəzər Televiziyasının “İncilər” verilişi ilə “Kaspi” qəzetinin birgə layihəsinin növbəti qonağı tanınmış rəqqasə Oksana Rəsulovadır.
Hind rəqslərinə sevgi
- Hind rəqslərinə həvəsiniz necə yaranıb?
- Hind rəqslərini uşaq yaşlarından öyrənməyə başlamışam. Rusiyada yaşayarkən xoreoqrafiya və musiqi məktəbində təhsil alırdım. Rəqqasə kimi fəaliyyətimə də orada başladım. Hind rəqsləri xoşuma gəldiyi üçün ətraflı maraqlandım. Mən təkcə rəqsləri ifa etmirdim, həmçinin rəqs qururdum. Bu rəqsləri qurmaq və ifa etmək çox çətindir. Klassik hind rəqslərinin “Kaçipudi”, “Katxak”, “Odussi”, “Bxaratnatyam”, “Moxini” kimi növləri var. Hindlilərin bu rəqsləri Allaha sitayiş üzərində qurulur. Əvvəlcə buna fikir vermirdim. Sonralar isə dərinliyinə vatdıqca İslama daha çox bağlandım. Klassik “Katxak” rəqsi Hindistanda yaşayan müsəlmanların rəqsidir. Orada yaşayan Müslim cəmiyyətinin dili bizim dilimizə oxşayır. Ona görə də bu rəqsə üstünlük verməyə çalışdım. Amma hind estrada rəqslərini də oynamağı bacarıram. Eləcə də filmlərdəki mahnıların üzərində rəqs qurub oynayıram. Hind musiqisini başa düşmədən oynaya bilməzsən. Onu da deyim ki, istənilən mahnı üzərində rəqs qurub oynaya bilərəm.
- Hind rəqsləri üzrə təhsiliniz varmı?
- Xoreoqrafiya məktəbində hind rəqsləri üzrə ayrıca şöbə yox idi. Başqa xalqların rəqsləri isə öyrədilirdi. Mən hind rəqslərini öz-özümə öyrənirdim. Kitablar oxuyur, filmlərə baxır, mahnılara qulaq asır, hind dilini mənimsəyirdim. 2005-ci ildə Sankt-Peterburq şəhərində hind rəqsləri üzrə beynəlxalq müsabiqədə iştirak edib 3-cü yerə layiq görüldüm. Mənə dedilər ki, sənin makiyajın və kostyumun rəqsə uyğun deyil. Ona görə də aşağı bal verdilər. Bununla belə hamı məndən maraqla “Sənin müəllimin kimdir?” – deyə soruşurdu. Ancaq bu uğur məni qane etmədi. Həvəsdən düşməyərək üzərimdə işləyib daha bir neçə müsabiqədə iştirak elədim. 2006-cı ildə yenidən beynəlxalq müsabiqədə iştirak edərək ikinci yerə layiq görüldüm. Bu uğur məni bir qədər ruhlandırdı. Bir il sonra Moskvada keçirilən hind rəqslərindən ibarət muziklə qatıldım. Hindistandan gələn tanınmış rəqqasələrlə bir səhnəyə çıxdım. Həm peşəkar hind rəqqasələri, həm də tamaşaçılar mənim ifamı çox bəyəndilər. Ondan sonra mən sənətimlə bağlı çoxlu təkliflər aldım.
2008-ci ildə Rusiyanı yenidən beynəlxalq müsabiqədə təmsil edərək birinci yerə layiq görüldüm. Daha sonra Azərbaycanda yaşamağa və çalışmağa qərar verdim. Məqsədim həm də hind rəqsləri üzrə Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil etmək idi. Çünki bu vaxta qədər müsabiqələrdə qazandığım uğurların hamısı Rusiyanın adına yazılmışdı.
Azərbaycana gələndən sonra ilk dəfə “Spase” telekanalına çıxdım. Daha sonra oynadığım rəqslər müxtəlif telekanallar vasitəsilə tamaşaçılara təqdim olundu və onlar mənim yaradıcılığıma bələd oldular.
Nəhayət, keçən il Azərbaycanı iki beynəlxalq müsabiqədə təmsil elədim. Moskvada keçirilən Hindistan Mədəniyyət Festivalı “Divaly-2009” müsabiqəsində birinci yerə layiq görüldüm. Müsabiqədə ən maraqlı məqam o idi ki, 7 nəfərdən ibarət münsiflər heyətinin içərisində erməni də var idi. İkinci beynəlxalq müsabiqədə isə üçüncü oldum.
Qısqanclıq
- Rusiyanın şou-biznes mühiti ilə ölkəmizdəki anoloji mühit arasında hansı fərqləri gördünüz?
- Fərqlər çoxdur. Orada uğura daha çox sevinir, daha çox alqışlayırdılar. Bakıya qayıdandan sonra isə ya paxıllıqdan, ya da hansısa səbəbdən uğurlarıma sevinmirdilər. Əvvəl mənə elə gəlirdi ki, Azərbaycana qayıdandan sonra mənə dəstək olacaqlar. Amma bunu görmədim, xoşuma gəlməyən şeylərlə rastlaşdım. Düzdür, elə sənət adamları oldu ki, məni dəstəklədilər. Xalq artisti Təranə Muradova da mənə daha çox dəstək oldu. O, rəqslərimə baxıb çox bəyəndi və uğurlar arzuladı. Maneələrə baxmayaraq, yavaş-yavaş özümə pərəstişkarlar qazandım.
- Bəlkə qarşılaşdığınız münasibət ölkəmizdə bu rəqslərin sizdən başqa da ifaçılarının olması ilə bağlı idi?
- Rusiyada hind rəqslərini oynayan çoxlu rus rəqqasələri var. Hətta onlar elə bir səviyyədə oynayırlar ki, heç hindlilər özləri də bunu bacarmaz. Ancaq Rusiyada sağlam rəqabət vardı. Burada isə hind rəqslərini yenilik kimi qəbul etmirlər. Onu da qeyd edim ki, mən restoranlarda yox, yalnız səhnədə oynayıram. Öz sənətimi yalnız səhnədə lazımı qədər təqdim edə bilirəm. Tamaşaçılardan ifam haqqında eşitdiyim xoş rəylər məni sevindirir.
- Bu gün içində olduğunuz şou-biznes aləmi haqqında nə deyərdiniz? Sizi razı salan, yoxsa narazı qaldığınız məqamlar çoxdur?
- Mən burada daha çox paxıllıq hiss elədim. Bu paxıllıq təkcə rəqsə qarşı yox, həm də gözəlliyə, geyimə, televiziya kanallarına tez-tez dəvət olunmağa qarşıdır. Bu aləmdə hamı bir-birinin arxasınca danışır, bir-birinin ayağını çəkir. Mən bu cür mənfi halların şahidi oldum və xoşuma gəlmədi. Rusiyada xoreoqrafiya qrupum var idi. Orada mənə şagirdlərlə məşq etmək üçün dövlət tərəfindən pulsuz zal verdilər. Onları yarışmada təmsil edib laureat olduğum üçün mənə minnətdarlıq edirdilər. Amma Azərbaycanı müsabiqədə təmsil edib birincilik qazanandan sonra gördüm ki, bu uğur heç kimi maraqlandırmır.
- Bəs Rusiya mühitindən sonra birdən-birə bu mürəkkəb aləmə düşmək sizin üçün çətin olmadı ki?
- Çətin olmadı. Çünki yanımda yaxşı dostlarım oldu. Mənə təmənnasız kömək edənlər oldu. Onlar mənə dəyərli məsləhətlər verdilər, düzgün istiqamətləndirdilər.
Bir nömrəli rəqqasə
- Hind dili nə zaman və harada gərəyiniz olur?
- Çoxlu hindli dostlarım var. Onlarla danışıram, ünsiyyət qururam. Hind dili mahnılarımın tərcüməsində mənə lazım olur. Hətta hind filmlərinə tərcüməsiz baxmağa çalışıram.
- Bakıda çalışan və ya ölkəmizə turist kimi gələn hindlilərin rəqslərinizə münasibəti necə olur?
- Keçən il müsabiqədə birincilik qazanandan sonra Bakıda laureatlığın tədimatını keçirdim. Mərasimdə hind rəqslərinə çəkdirdiyim popuri klipi təqdim etdim. Təqdimatda iştirak edən hind səfiri “Oksana hətta Hindistandakı rəqqasələrlə müsabiqədə yarışa da bilər” deyə bildirdi. Bu yaxınlarda Face klubda «Hind gecələri» adlı mini-konsertim keçirildi. Orada məni dəstəkləyən çoxlu insanlar oldu. Bakıdakı hind səfirliyinin nümayəndələri, başqa sahələrdə çalışan hindlilər də konsertdə iştirak etdilər və çox məmnun qaldılar.
- Hindlilərin incəsənətinə, dilinə bu qədər sevginizə rəğmən Hindistanda olmusunuzmu?
- Təkcə Hindistanın Qoa ştatında olmuşam. Ancaq Hindistana getmək və daha yaxından tanış olmaqla bağlı planım var. İnşallah bu yaxınlarda bu planımı gerçəkləşdirəcəyəm.
- Sizin yaradıcılığınız yalnız hind rəqslərindən ibarətdir, yoxsa milli rəqslərimizi də öyrənmək fikrindəsiniz?
- Mən yalnız hind rəqsləri oynayıram. Düzdür, bir neçə dəfə məndən xalq rəqslərini oynamağı xahiş ediblər. Mən də öyrənmək istəyirəm. Mən düşünmürəm ki, Azərbaycanda olan hər insan mütləq xalq rəqsləri oynamalıdır. Məsələn, “Avrovizion” müsabiqəsində Azərbaycanı təmsil edən mahnıda “Tanqo” oynanılırdı. Məgər “Tanqo” Azərbaycan rəqsidir? Nə üçün başqa xalqların rəqsləri oynanmasın? Onu da deyim ki, oynayanlar çoxdur, sadəcə üzə çıxarmaq istəmirlər. Hər rəqsin öz müsabiqələri var. Məgər pis olardı ki, hər hansı bir müsabiqədə Azərbaycan da təmsil olunsun? Hərənin də öz üslubu var. Mən hind rəqsi, digəri ispan və ya ərəb rəqsi oynayır.
- Sizin ifa üslubunuzu başqa xalqların rəqslərini oynayan rəqqasələrdən fərqləndirən nədir?
- Fərqləndirən odur ki, mən hind rəqslərini düzgün və peşəkarcasına oynayıram. Tam cəsarətlə deyə bilərəm ki, mən hind rəqsləri üzrə bir nömrəli rəqqasəyəm.
Mən bezmişdim
- Bayaq dediniz ki, restoranlarda oynamağa getmirsiniz. Dolanışıq baxımından ehtiyacınız yoxdur, yoxsa sadəcə xoşlamırsınız?
- Söhbət ehtiyacdan getmir. Toylarda olarkən rəqqasə hansısa bir rəqsi ifa edəndə mən onun rəqsinə baxmıram. Daha çox onun zahiri görünüşünə fikir verirəm. Toylarda müxtəlif xarakterli insanlar olur. Onların mənə ayıq olmayan baxışlarla baxmasını xoşlamıram. İstəyirəm ki, mənim sənətimə baxsınlar. Necə ki, səhnədə oynayanda insanlar ayıq gözlə baxırlar. Toydakı auditoriya isə fərqlidir. Mən elə məclislərdə özümü qapalı hiss edirəm.
- “Maşın realiti şou” yarışmasına qatılmaq öz istəyiniz idi?
- Şouya dəvət olundum. Ancaq məni orada qane etməyən çox şeylər oldu. Söhbət şoudan yox, yarışmaya qatılan iştirakçılar arasındakı münasibətdən gedir. Biz orada bəzi üzləri gördük. Bəzi münasibətlər adamı şoka salırdı.
- Ancaq qalib olmasanız da nədənsə üzünüzdə peşmançılıq ifadəsi yox idi.
- Çünki mən bezmişdim. Gördüm ki, məni orada heç kim istəmir. Mən nəyə görə onları istəməli idim? Sadəcə onların sona qədər nə edəcəyini görmək istəyirdim. Onlar bizdən istifadə elədilər.
Bir əldə iki qarpız
- Xəzər Televiziyasının “İncilər” verilişində aparıcılıq etməyə necə dəvət aldınız?
- 3-4 həftə bundan əvvəl məni verilişin “Ulduzlu qonaq” rubrikasına dəvət etdilər. Veriliş çox xoşuma gəldi. Sonra isə verilişdəki bu rubrikaya aparıcılıq etmək təklifini aldım və böyük məmnuniyyətlə razılıq verdim. “İncilər”i başqa telekanallarda yayımlanan verilişlərdən fərqləndirən o olacaq ki, Oksana Rəsulova orada “Ulduzlu qonaq” rubrikasının aparıcısı olacaq. Rubrikada ilk qonağım isə xanəndə Bəyimxanım Mirzəyeva oldu. Əminəm ki, verilişlə bağlı hər şey yaxşı olacaq. Onu da deyim ki, televiziya aparıcılığı mənim yaradıcılığımda yeni bir səhifədir.
- Siz həm də həkimsiniz. Hansı işinizə daha çox önəm verirsiniz?
- Rəqs mənim daxilimdən gələn sevgimdir. Bu sənətlə məşğul olsam da həkimliyimi unutmuram. Altı ildir ki, ginekoloq kimi fəaliyyət göstərirəm. Proqramla ən çox sonsuz ailələrə yardım edirəm. Hind rəqslərinin də qadın sonsuzluğuna müalicəvi təsirinin nəticələri var. Hətta mənim haqqımda «Reproduktiv sağlamlıq və rəqs» adlı məqalə də çıxıb. Bir el məsəlində deyilir ki, “Bir əldə iki qarpız tutmaq olmaz”. Amma mən tuturam. Nəticə də göz qabağındadır.
- Sənət aləmində hansı arzunuza çatmaq istərdiniz?
- Arzum Hindistanda hind filminə çəkilməkdir. Şahrux xan, Amitab Baççan kimi aktyorlarla bir filmdə oynamağı arzulayıram. Hətta, mənə ilk dəfə televiziya vasitəsilə rəqsi sevdirən gözəl rəqqasə və aktrisa Madxuri Diksitlə bir layihədə iştirak etmək arzum var.
Təranə MƏHƏRRƏMOVA