XİN rəsmisi Elxan Poluxov hesab edir ki, artıq görüşlərin sayı mövqeyindən görüşlərin keyfiyyəti və mahiyyəti mövqeyinə keçilməlidir: “Ermənistan tərəfi bunu anlamalıdır”
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında keçirilən üçtərəfli görüşün detalları barədə rəsmi Kreml açıqlama verib. Rusiya prezidentinin mətbuat katibi Natalya Timakovanın jurnalistlərə açıqlamasına görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan rusiyalı həmkarları Dmitri Medvedyevlə söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları Madrid prinsipləri əsasında davam etdirməyə hazır olduqlarını bildiriblər. Mətbuat katibinin sözlərinə görə, görüşdə nizamlanmanın əsas prinsipləri üzrə bəzi mübahisəli məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşdığı qeyd olunub: “Üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin çözülməsi variantlarına baxılıb. Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupu çərçivəsində, ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə Madrid sənədi üzərində işin başa çatdırmasına yönəlmiş dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər”. Azərbaycan Xarici İşlər Nazirliyindən də görüşlə bağlı açıqlama verilib. Nazirliyin mətbuat katibi Elxan Poluxov APA-ya deyib ki, Sankt-Peterburqda prezidentlər arasında intensiv danışıqlar həyata keçirilib, tərəflər məsələ ətrafında fikir mübadiləsi aparıblar. “Rusiya rəhbərinin iştirakı ilə prezidentlər səviyyəsində keçirilən belə bir görüşlər hər zaman çox vacib olur. Hesab edirik ki, belə görüşlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müxtəlif mövqelərin yaxınlaşdırılmasına həmişə imkanlar yaradır və bu imkanlardan istifadə edilməlidir” - deyə XİN rəsmisi bildirib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu gün danışıq masasında yeniləşmiş Madrid təklifləri adlandırılan sənəd var və bu sənəd danışıqlarda növbəti mərhələyə keçməyə imkanlar yaradır: “Bu sənədin hazırlanmasında hər üç ölkənin həmsədrləri, o cümlədən rusiyalı həmsədr iştirak edib. Həmin sənəd ətrafında iş aparılmalıdır”. E.Poluxov hesab edir ki, bu mərhələdə artıq görüşlərin sayı mövqeyindən görüşlərin keyfiyyəti və mahiyyəti mövqeyinə keçilməlidir: “Ermənistan tərəfi bunu anlamalıdır”. Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun üzvləri ilə görüşü barədə isə jurnalistlərə xarici işlər naziri Edvard Nalbandyan məlumat verib. Onun sözlərinə görə, həmsədrlər iyulda regiona səfərə gələcəklər. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçən üçtərəfli görüşə gəlincə, Nalbandyan deyib ki, tərəflər danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər. “Görüşün yekunlarına dair prezidentlər xarici işlər nazirlərinə təmasları davam etdirmək tapşırığı veriblər. Fəal müzakirələr Minsk qrupu həmsədrləri ilə də davam etdiriləcək” - deyə erməni nazir bildirib. Edvard Nalbandyan Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşünü konstruktiv və faydalı adlandırıb: “Hesab edirəm ki, bu görüş faydalı olub. Bu görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aparılan danışıqlarda əhəmiyyətli mərhələdir”.
Azər NURİYEV
|