Ziyad Səmədzadə 2010-cu ilin dövlət büdcəsinə baxılarkən əsas diqqətin bu sahəyə yönəldiləcəyini deyir
Milli Məclisin yaz sessiyası başa çatsa da, deputatlar iyun ayında növbədənkənar sessiya çağırıblar. Artıq sessiyada müzakirə ediləcək məsələlərdən biri məlumdur. Parlament çoxdandır gözlənilən Hərbi Doktrina layihəsini müzakirəyə çıxarmağa hazırlaşır. İyunda keçirilməsi nəzərdə tutulan növbədənkənar sessiyada 2010-cu ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarıla bilər. Bununla bağlı suallarımızı Milli Məclisin İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadəyə ünvanladıq.
- Ziyad müəllim, maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında 2010-cu ilin büdcəsinə dəyişikliklərin istisna olunmadığını bildirib. Siz bu barədə nə düşünürsünüz?
- Əvvəla qeyd edim ki, Azərbaycan iqtisadiyyatında dinamik sürət, inkişaf güclənməkdədir. İlin birinci rübü də artıq müsbət meyillərdən xəbər verir. Büdcə daxilolmalarında da müsbət meyillər var. Dövlət büdcəsi profisitlə icra olunmaqdadır. Eyni zamanda, bildiyiniz kimi, ölkədə son günlər yaranmış təbii fəlakətlə əlaqədar olaraq çox ciddi işlər görülür. Bu təbii fəlakətin vurduğu zərərin miqdarı hazırda müəyyənləşdirilir. Həmçinin qeyd edim ki, sözügedən təbii fəlakət zonasında yaşayan əhalinin istər sosial müdafiəsini gücləndirmək, istərsə yeni işlər aparmaq üçün baş nazirin sədrliyi ilə müvafiq Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası da çox güman ki, təbii fəlakət zonasında baş verənləri köklü surətdə təhlil edəcək və bu baxımdan, görünür, bir sıra istiqamətlərdə də əlavə vəsaitlərə ehtiyac yaranacaq. Təbii, bu vəsaitləri də təcili surətdə ayırmaq lazımdır ki, dəymiş zərərlərin nəticələrini tezliklə aradan qaldırmaq mümkün olsun. Yəni belə demək mümkündürsə, həm kompensasiyaların ödənilməsi, həm risklərin gələcəkdə ortadan qaldırılması ilə əlaqədar olaraq məsələlər həll olunur. Hesab edirəm ki, bunlar – büdcəyə dəyişikliklərin nəzərdə tutulması da düşünülmüş addımlardır. Yəni büdcəyə dəyişikliklər elə-belə nəyinsə xatirinə edilmir. Reallığı obyektiv qiymətləndirən ölkə başçısı, Azərbaycan hökuməti yəqin ki, 2010-cu il üçün təsdiq edilmiş büdcə parametrlərində dəyişikliklər edəcək...
- Bu yöndə parlamentə konkret təkliflər daxil olubmu?
- Təkliflər daxil olmayıb, amma hazırda yəqin ki, hesablamalar aparılır. Bildiyiniz kimi, təbii fəlakət bölgəsində Dövlət Komissiyası işləyir və öz hesablamalarını aparır. Bu baxımdan, yəqin ki, yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək.
- Büdcəyə dəyişikliklər edilərsə, bu həm də dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqlarının, eyni zamanda, pensiyaların artımına gətirib çıxara bilərmi?
- Onsuz da əmək haqları bu il ərzində artacaq. Bunu cənab prezident özü bəyan edib. Ancaq bu gün əsas məsələ təbii fəlakətlə bağlı dəymiş zərərlərin obyektiv qiymətləndirilməsi məsələsidir. Böyük bir fəlakət baş verib. Bu, təbiət fəlakətidir. Dünyanın bütün ölkələrində, demək olar ki, bu cür təbii fəlakətlərə rast gəlmək mümkündür. Ancaq Azərbaycan hökuməti bütün bu çətinliklərə baxmayaraq, öz büdcəsinə dəyişiklik etməyi nəzərdə tutur. Düzünü desəm, mən indiyədək mətbuatda rast gəlməmişəm ki, hansısa ölkə öz büdcəsinə yenidən baxmaq istəyir. Lakin Azərbaycan hökuməti təcili qabaqlayıcı tədbirlər görmək, gələcəkdə belə hadisələrdən dəyən zərəri minimuma endirmək üçün büdcəyə baxmağı nəzərdə tutur.
- Yeri gəlmişkən, iqtisadçı deputat həmkarlarınız dəfələrlə Büdcə Məcəlləsinin hazırlanması və qəbul olunması təklifi ilə çıxış ediblər. Bu yöndə də hansısa addımların atılması gözlənilirmi?
- Bilirsiniz, hər bir məsələnin öz vaxtı var. Dünyanın əksər ölkələrində Büdcə Məcəlləsi yoxdur. Büdcə sistemi ilə bağlı bu gün Azərbaycanın çox kamil, təkmil qanunları var və o qanunlar bizə beynəlxalq standartlara uyğun büdcə tərtibatını aparmağa imkan verir. Təbii ki, bütün qanunların bir sənəddə toplanması vacib məsələdir, amma bunun üçün də vaxt lazımdır, ayrı-ayrı qanunların fəaliyyət mexanizmini dərindən araşdırmaq gərəkdir. Bir sözlə, bunları araşdırmalı, monitorinq, ümumiləşdirmələr etməli və son qərar verməliyik. Yəni bu baxımdan mən gələcəkdə belə bir məcəllənin qəbulunu da istisna etmirəm.
- Millət vəkilləri tərəfindən həm də “Maliyyə nəzarəti haqqında” qanunun qəbul olunması yönündə israrlı təklif və tələblər səslənməkdədir...
- “Maliyyə nəzarəti haqqında” da qanunun qəbulu vacib məsələlərdəndir. İndi mən dəqiq deyə bilmərəm, bu məsələ qanun şəklində öz həllini tapacaq və ya qəbul edilmiş qanunlara dəyişikliklər olunacaq. Ancaq onu dəqiq bilirəm ki, bu yöndə əlimizdə kifayət qədər hüquqi mexanizm var. “Hesablama Palatası haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət satınalmaları haqqında” qanun var, həmçinin bu yöndə digər icra mexanizmləri ortalıqdadır. Təbii ki, biz təzədən yeni orqanlar yaratmaq fikrində deyilik. Bizim fikrimiz ondan ibarətdir ki, qəbul edilmiş qanunların şəffaflığı təmin edilsin. Heç şübhəsiz, maliyyə vəsaitlərinin istifadə edilməsi ilə əlaqədar zaman-zaman ortaya müəyyən məsələlər çıxır. Hesablama Palatası hər il büdcə ilə bağlı geniş rəy verir və sair. Ancaq mən hələlik qəbul edilməsi gözlənilən “Maliyyə nəzarəti haqqında” qanunun strukturunu özüm üçün müəyyən edə bilməmişəm. Ya gərək qanunlar yığışıb bir yerdə olsun, ya da yeni qanun qəbul edilsin. Bununla yanaşı, bir daha qeyd edirəm, bu gün Hesablama Palatasının əlində kifayət qədər səlahiyyət var ki, istənilən dövlət müəssisəsini, büdcədən maliyyələşən təşkilatı yoxlasın, öz təkliflərini versin, bu təklifləri inzibati orqanlara göndərsin, iş açılsın və sair. Demək istəyirəm ki, maliyyə şəffaflığının, büdcə şəffaflığının təmin edilməsi istiqamətində çox böyük işlər görülür. Hər halda bu məsələ barədə gələcəkdə düşünmək olar. Lakin Büdcə Məcəlləsinin qəbuluna ehtiyac var. Bunun üçün də gərək müəyyən hazırlıq işləri aparılsın. Bir neçə qanunu bir məcəllədə birləşdirib ortaya çıxarmaq üçün gərək biz həmin qanunların fəaliyyət mexanizmlərini ümumiləşdirək ki, nəyə nail olduq. Məsələn, “Büdcə sistemi haqqında” qanunla biz nəyə nail olduq? Əgər bizim büdcə sisteminin tərkibində nöqsanlar varsa, gəlin ilk növbədə bunları müəyyənləşdirək. Sistem elə qurulub ki, parlament qəbul edən kimi, hökumət, Maliyyə Nazirliyi qısa müddət ərzində büdcə parametrlərini yerlərə çatdırır. Qısa müddət ərzində vəsaitlər açılır. Hər rüb hesabatlar aparılır. Yəni bizim kifayət qədər mexanizmimiz var...
İlham Quliyev