Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 




 
 
 
Axtarış: 
Repressiyaya məruz qalan iki musiqiçidən biri
Onun adı Azərbaycanın ilk pianoçu qadınlarından biri kimi musiqi tarixinə düşüb. Ancaq bu zəhmətsevər, həyat eşqi ilə dolu qadının həyatını təkcə musiqi müşayiət etməyib. Onun həyatının sərt, həyəcanlı notları daha çox olub

Xədicə Qayıbova 1893-cü ildə Tiflisdə anadan olub. Atası Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusunda idi, ona görə də ailənin maddi vəziyyətinin imkan verdiyi vasitədən istifadə edərək onun Müqəddəs Nina qızlar məktəbinə daxil olması üçün səy göztərir. Uşaq yaşlarından musiqi istedadı ilə fərqlənən X.Qayıbova ilk musiqi təhsilini elə burada alır, elementar musiqi nəzəriyyəsi, fortepianoda çalmağı öyrənir. Bir müddət X.Qayıbova Tiflisdəki tatar məktəbində dərs deyir. 1919-cü ildə həyat yoldaşı Nadir Qayıbovla birlikdə Bakıya köçür. O, Bakıda Azərbaycan Maarif Komissarlığında Şərq musiqisi üzrə müəllim kadrlarının hazırlanması məqsədi ilə "Qısa müddətli Şərq musiqisi kursları"nı təşkil edir. Xədicə xanım Bakıda Şərq Konservatoriyasının yaradıcılarından biri olur. O, "Azərbaycanlı qadınlar üçün əlavə kurslar" təşkil edir və fortepianoda muğamların ilk ifaçısı kimi  məşhurlaşır. Xədicə xanım  konsertlərdə xalq mahnıları, muğamlar əsasında improvizasiyalarla çıxış edirdi. O, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında nəzəriyyə və bəstəkarlıqdan  dərs alır.
X.Qayıbovanın evi əsil musiqi ocağı idi.  Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. O dövrün ziyalıları, musiqiçiləri, şair və yazıçıları, elm xadimləri, aktyorları  bu ocağa toplaşırdı. Qonaqların arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, müxtəlif tədbirlərdə iştirak edən xarici qonaqlar, xususilə də Türkiyədən alimlər, şairlər olurdu. Musiqi gecələrinə Ü.Hacıbəyov, R.Qliyer, L.Rudolf, L.Ab, M.Pressman, H.Sarabski, Bülbül, V.Qorovits, N.Milşteyn, F.Köprülüzadə, Ismayıl Hikmət kimi görkəmli insanlar da qatılırdı.


Xalq düşməni


30-cu illərin sərt küləyi Xədicə xanımın da həyatından  yan keçmir. 1933-cü ildə o, Türkiyə ilə münasibətlərinə görə  casusluqda ittiham edilərək həbs olunur. Ancaq tezliklə heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir.
1937-ci ildə X.Qayıbova yenidən xalq düşməni kimi həbs olunur. Bu dəfə ikinci həyat yoldaşı – Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi tutulur. Xədicə xanımı isə Türkiyə lehinə casusluqda, müsavatçılara rəğbət bəslədiyinə görə ittiham edirlər. X.Qayıbova 1938-ci ildə "türk kəşfiyyatının casusu" və "əksinqilabi fəaliyyət"lə məşğul olması ittihamı ilə güllələnir.
Ancaq iradəcə möhkəm qadın özünü "casusluqda" günahkar hesab etməyib. Xədicə Qayıbova ona qarşı sürülən qondarma ittihamlara görə cəzalandırılacağını bilirdi, lakin heç ağlına belə gətirmirdi ki onu güllələyəcəklər. “Xalq düşməni”nin arvadı kimi tutulmuş S.M. Əfəndiyevin həyat yoldaşı Zivər Əfəndiyeva onu belə xatırlayırdı: «Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbiçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və başqa, 30 nəfərdən çox qadın vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə o dedi: “Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Mən gərək özümü qoruyam, sarsılmayam, eybi yoxdur, lap sürgünə də göndərsələr məhv olan deyiləm, lap orada da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyacağam, çalacağam… Qoy onlar sevinməsinlər”. Xədicə Qayıbovanın məhkəməsi cəmi 15 dəqiqə çəkir və ona güllələnmə hökmü kəsilir. Hökm 1938-ci ildə oktyabrın 27-də icra edilir.


Bəraət


1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edərək anası haqqında məlumat istəyir. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsinin müstəntiqi Menyayev A. Sultanovanın ərizəsi ilə bağlı bildirir: «Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. İstintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməyib. Buna görə də Azərbaycan XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilib, ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır”.
Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə Osman qızına bəraət verilir və fevralın 29-da qızı Alanquya bu haqda arayış təqdim edilir. Xədicə xanımın istintaq işi Milli Təhlükəsizlik Nazirliyinin Arxivində saxlanılır.
Xədicə Qayıbovanın adı Azərbaycanda təkcə fortepianoda muğamların ilk ifaçısı kimi deyil, həm də repressiyaya məruz qalan iki musiqiçidən biri kimi tarixə düşüb.


Təranə MƏHƏRRƏMOVA
+  -  Çap 
Yerləşdirilib: 25.05.10 | Baxılıb: 105

ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: