Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Anım
Səhnəmizin ən gözəl və ən uzunömürlü Leylisi

Böyük bir sənət yolunun yolçusu idi Həqiqət Rzayeva. O, təkcə mahnı ifa etmirdi, insanları öz incə qəlbinin, böyük ürəyinin duyğu və hisslərinə tabe edərək xüsusi bir sehrə salırdı, ovsunlayaraq tərbiyə edirdi.
Onun səhnəyə qədər keçdiyi yol çox ağır olmuşdu. 5 aylıq körpə ikən atası vəfat etmiş, ailənin bütün yükü anasının çiyinlərinə düşmüşdü. Anası Zeynəb əl işləri görməklə ailəni dolandırmağa məcbur idi. Həqiqətinsə oxumaq vaxtı çoxdan çatmışdı, ancaq təhsil almaq üçün heç bir maddi imkan yox idi. Elə bu zamanlar Lənkəranın mədəni həyatında çox mühüm hadisə baş verir. Gənc müəllimə Məryəm xanım Bayraməlibəyova öz evində ilk qız məktəbi təşkil edir. Həqiqətin anası qızının əlindən tutaraq birbaşa Məryəm xanımın yanına gətirir: "Allah eşqinə, mənim qızıma da yazı-pozu öyrət, bəlkə o da bir ağ günə çıxdı" - deyir.

Ağ günün sorağı ilə

Anasının dediyi o ağ günün fikrini eləyə-eləyə bu balaca qız yazmaq, oxumaq öyrənir. O ağ günü araya-araya teatr dərnəyinə üzv yazılır. Get-gedə yaxşı səsinin olması, çalıb-oxumağa böyük həvəs göstərməsi hamının diqqətini çəkir. Məktəbdə "Vətən" adlı ilk tamaşada oynadığı rol rəhbər təşkilatların da diqqətini cəlb edir. Maarif komissarı Dadaş Bünyadzadənin əmri ilə məktəbin müdriyyətinə, xüsusən oğlan rolunu gözəl oynadığına görə Həqiqətə təşəkkür elan edilir. Həqiqət dərnəkdə dramatik rollar oynamaqdan daha çox məlahətli və güclü səsilə fərqlənir, məktəbin tamaşalarına xüsusi bir zinət verirdi.
Çox keçmir ki, yeniyetmə qız "Damğa" Teatrına dəvət alır. Bu teatrın səhnəsində bir-birindən maraqlı obrazlar oynayır, hər yerdə qızğın alqışlarla qarşılanır. Bəzi kəndlərdə azərbaycanlı qızın muğamat oxuyacağını eşidən kəndlilər "qadın nədir, oxumağı da nə olsun" - deyə etirazlarını bildirsələr də, tamaşadan sonra Həqiqətin gözəl səsinə heyranlıqlarını gizlətmirdilər. "Damğa" Həqiqətin həyatında körpü rolunu oynayır. Məhz bu teatrın səhnəsində oxuyub-oynayarkən böyük səhnəyə - Opera Teatrına dəvət alır. Həqiqət Rzayevaya Konservatoriya kimi bir təhsil ocağında təhsil almaq qismət olur. O, Üzeyir bəyin nəzarəti altında Cabbar Qaryağdı, Seyid Şuşinski və Qurban Pirimov kimi ustad sənətkarlardan dərs alır.

"Ərəbzəngi bacı"


Bir payız günü maraq musiqisevərləri təzə afişanın qarşısına çəkir. "Şah İsmayıl" yeni quruluşda: rejissor - Yusif Ulduz, Ərəbzəngi rolunda Həqiqət Rzayeva.
...O gecə tamaşa salonu ağzınacan dolu idi. Hökumət lojasında da çoxlu adam var idi. Hamı mühüm hadisə baş verəcəyini gözləyirdi. Müslüm bəy Həqiqətin qrim otağına gələrək nəcib bir narahatlıqla: "Həqiqət, bacım, bütün ümidim sənədir, görək neyləyəcəksən" - deyib intizarlı gözlərlə ona baxdı. Həqiqət onu arxayın edib yola saldı. Lakin bu zaman doğrudan da narahatlıq duydu: "Birdən oynaya bilmədim, onda necə olar, mən ki, biabır olaram, onda gərək bir daha səhnəyə çıxmayam. Bu düşüncələr rejissorun "Həqiqət, səhnəyə!" harayı ilə qırıldı və Həqiqət hər şeyi unudaraq qılıncını və qalxanını götürüb səhnəyə atıldı. Pərdə açıldı, orkestr səsləndi. Ərəbzəngi mağaradan çıxdı və

"Ərəbzəngiyəm, kəsmişəm yolu,

Buyursun hər kəsin güclüdür qolu!"

- deyə oxumağa başladıqda salonda gurultulu alqış qopdu. Həqiqət dirijorluq edən Müslüm bəyin üzünə baxdı, onun gülümsədiyini görüb cürətləndi və pərdəni məharətlə başa vurdu. Sonra isə istər tamaşaçılar, istərsə də səhnə arxasında olan teatr işçilərinin alqış və təbrik səsləri bütün salonu bürüdü. Bu vaxt Müslüm bəy Həqiqətin yanına qayıdaraq: "Bacım, Həqiqət, çox sağ ol, sən mənim başımı ucaltdın" - deyə onun əllərini sıxdı. O gündən Müslüm bəy Həqiqəti öz adı ilə deyil, "Ərəbzəngi bacı", deyə çağırmağa başladı.

Ən vəfalı Leyli


Qayğı dolu, sevinc dolu çətin bir yol başlandı onun həyatında. Həqiqət Rzayeva gah bu səhnənin məsum Leylisi, gah sevdalı Əslisi, gah mübariz Ərəbzəngisi, gah da kövrək Şahsənəmi oldu. Filmlərdə rollar da aldı. Ancaq ona daha çox şöhrət gətirən Leyli obrazı idi. Həqiqət xanım səhnəmizin ilk Leylisi olmasa da, ən gözəl və ən uzunömürlü Leylisi idi. O, Hüseynqulu Sarabskinin ən vəfalı Leylisi sayılırdı. Təəssüf ki, onun yaratdığı Leylinin lent yazıları qalmayıb.
Çox təəssüf ki, indiki nəsil nəinki Həqiqət Rzayevanın oxumalarını, heç adını da eşitməyib. Müğənnini vaxtilə səhnədə görənlər, oxumasını canlı eşidənlər isə çox azdır. Təkcə arabir radionun fonotekasından səsləndirilən kövrək mahnıları onun ifasının nə qədər mükəmməl olduğunu xatırladır.


Təranə MƏHƏRRƏMOVA
+  -  Çap 
Yerləşdirilib: 20.05.10 | Baxılıb: 276

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •