Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yeyinti məhsulları, tikiş istehsalatı, tikinti, informasiya texnologiyaları sahələri və milli akkreditasiya sistemi ilə bağlı bir neçə dövlət standartını qəbul edib
Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, standartlar SMPDK sədri Ramiz Həsənovun əmri ilə qüvvəyə minib. Qəbul edilən standartlara gəlincə, “AZS 392 – 2010 Plastik kütlələr, polimerlər və sintetik qətranlar (Kimyəvi adlar, termin və təriflər)” standartı plastik kütlələrə, polimerlərə və sintetik qətranlara aid əsas anlayışların elm, texnika və istehsalatda tətbiq edilən termin və təriflərini müəyyən edir. Bu standartla müəyyən edilmiş terminlərin bütün növ sənədlərdə, dərsliklərdə, dərs vəsaitlərində, texniki və məlumat üçün olan ədəbiyyatlarda tətbiqi məcburidir. “AZS 400 – 2010 Keyfiyyət sistemləri. Risklərin təhlili və kritik nəzarət nöqtələri əsasında yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi” standartı Avropa İttifaqı Şurasının 93/43/EEC Direktivində şərh edilmiş risklərin təhlili və kritik nəzarət nöqtələri əsasında yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi sisteminə olan tələbləri müəyyən edir. HACCP (risklərin təhlili və kritik nəzarət nöqtələri) məhsulun təhlükəsizliyinə bilavasitə təsir edən təhlükəli amillərin sistematik identifikasiyasını, qiymətləndirilməsini və idarə edilməsini nəzərdə tutan konsepsiyadır. “AZS 401 – 2010 Toxuculuq saplarının qüsurları (termin və təriflər)” standartı toxuculuq sapları və sarınmalarının xarici görünüş qüsurlarına aid əsas anlayışların termin və təriflərini müəyyən edir. Bu standartda müəyyən edilən terminlərin standartlaşdırmanın fəaliyyət sahəsinə daxil olan və ya bu fəaliyyətin nəticələrində istifadə edilən bütün növ sənədlərdə və ədəbiyyatda tətbiqi məcburidir, məsələn: sapın xovluluğu, ipliyin qotazı, iplik üzərində topa, sapın çirklənməsi, sürtülmüş saplar və s.
“AZS 402 – 2010 Tikiş məmulatları (Defektlərin termin və tərifləri)” standartı elmdə, texnikada və sənayedə işlədilən tikiş məmulatlarının texnoloji defektlərinə aid olan termin və tərifləri müəyyən edir. Bu standartda müəyyən edilən terminlərin standartlaşdırma üzrə işlərin fəaliyyət sahəsinə daxil olan və bu işlərin nəticələrindən istifadə edilən bütün növ sənədlərdə və ədəbiyyatda tətbiqi məcburidir. Azərbaycan Standartlar İnstitutu tərəfindən işlənmiş digər standart isə “AZS 404 - 2010 Tikiş istehsalatının texnologiyası (termin və təriflər)” standartıdır. Bu standart da ilk dəfə tətbiq olunur. Standart tikiş istehsalatının texnologiyasına aid əsas anlayışların termin və təriflərini müəyyən edir. Bu standartda müəyyən edilən tikiş istehsalatının texnologiyasına aid termin və təriflər xalq təsərrüfatında istifadə edilən bütün növ sənədləşməyə, elmi texniki, tədris və lüğəti ədəbiyyatların tətbiq edilməsi–məsələn: tikiş məmulatı hissələrinin biçilməsi, tikiş məmulatlarının sap birləşməsi, tikiş yerinin sırınması, tikiş yerinin yapışqanlılığı, tikiş məmulatı hissəsinin ütülənmə emalı və s. üçün vacibdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, SMPDK “İnformasiya-kommunikasiya texnologiyları” Texniki Komitəsi (TK 05) tərəfindən işlənilib təqdim edilmiş yeni standartlar da var. Belə ki, “İnformasiya texnologiyaları. Hissə 1. Əsas terminlər. AZS 419 – 2010 (İSO/İEC 2382-1)” standartında müxtəlif texniki sahələrin ixtisaslaşmış bölmələrinin əsaslandığı vacib anlayışlardan bəhs olunur. Burada həmçinin qeyri-mütəxəssis istifadəçilərin informasiya emalı üzrə mütəxəssislərlə ünsiyyətdə istifadə etməli olduqları terminlər də əhatə olunur. “İnformasiya texnologiyaları. Hissə 8. Təhlükəsizlik. AZS 420-2010 (İSO/İEC 2382-8)” standartında kriptoqrafiya, informasiyanın təsnifatı və daxilolmaya nəzarət, verilənlərin və informasiyanın bərpası, təhlükəsizliyin pozulması da daxil olmaqla verilənlərin və informasiyanın mühafizəsi ilə bağlı anlayışlar müəyyən edilir. “İnformasiya texnologiyaları. Hissə 9. Verilənlərin ötürülməsi. AZS 421-2010 (İSO/İEC 2382-9)” standartında verilənlərin ötürülməsi, siqnallar, verilənlərin əlaqəsi və verilənlər şəbəkəsi ilə bağlı anlayışlar müəyyən edilir. “İnformasiya texnologiyaları. Hissə 17. Verilənlər bazası. AZS 422-2010 (İSO/İEC 2382-17)” standartında verilənlər bazalarına aid olan müxtəlif anlayışların tərifi verilir. “İnformasiya texnologiyaları. Hissə 25. Lokal şəbəkələr. AZS 423-2010 (İSO/İEC 2382-25)” standartında lokal şəbəkələrin müxtəlif tipləri, qurğular, ötürmə və s. ilə bağlı anlayışlar, mübadilələri idarə edən protokollar müəyyən edilir. “İnformasiya texnologiyaları. Hissə 27. Ofisin avtomatlaşdırılması. AZS 424-2010 (İSO/İEC 2382-27)” sənədində ofisin avtomatlaşdırılmasına, elektron poçt və mətnə, səs və təsvirin ötürülməsinə aid anlayışların tərifi verilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Akkreditasiya şöbəsi tərəfindən hazırlanmış yeni Dövlət standartları isə bunlardır. “Keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılması üzrə orqanlar. Tələblər və akkreditasiya qaydaları. AZS 11.1.005 - 2010” standartı keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılması üzrə orqanlara ümumi tələbləri və onların akkreditasiyası qaydalarını müəyyən edir. Bu standartın tələbləri sertifikatlaşdırma üzrə orqanların yaradılması, akkreditasiyası, fəaliyyət göstərməsi və həmçinin onların fəaliyyətinə inspeksiya nəzarəti aparılması üçün müəyyən olunub. “Oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlar. Tələblər və akkreditasiya qaydaları. AZS 11.1.006 - 2010” standartı oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanların akkreditasiyasına ümumi tələbləri müəyyən edir. Bu standartın tələbləri məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanların yaradılması, akkreditasiyası, fəaliyyət göstərməsi və həmçinin onların fəaliyyətinə inspeksiya nəzarəti aparılması üçün müəyyən olunub. “Heyətin sertifikatlaşdırılması üzrə orqanın akkreditasiyası qaydaları. AZS 11.1.007 - 2010” standartı heyətin professionallıq səlahiyyətliliyinin sertifikatlaşdırılması üzrə orqanların akkreditasiya olunması qaydalarını müəyyən edir. Bu standartın tələbləri heyətin professionallıq səlahiyyətliliyinin sertifikatlaşdırılması üzrə orqanların yaradılması, akkreditasiyası, fəaliyyət göstərməsi və həmçinin onların fəaliyyətinə inspeksiya nəzarəti aparılması üçün müəyyən olunub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə qüvvəyə minmiş tikinti sahəsi ilə bağlı Dövlət standartları isə bunlardır: “Tikinti üçün layihə sənədləri sistemi. Layihə və işçi sənədlərinə əsas tələblər. AZS QOST 21.101 – 2010” standartı müxtəlif təyinatlı müəssisə, bina və qurğuların tikintisi üçün layihə və işçi sənədlərinə olan əsas tələbləri müəyyənləşdirir. “Tikinti üçün layihə sənədləri sistemi. Baş plan elementlərinin və nəqliyyat qurğularının şərti qrafiki işarə və təsvirləri. AZS QOST 21.204 – 2010” Dövlət standartı müxtəlif təyinatlı müəssisə, qurğu (o cümlədən nəqliyyat qurğuları) və mülki-yaşayış obyektlərinin baş planlarının işçi cizgilərində qəbul olunan şərti qrafiki işarə və təsvirləri müəyyən edir.
HƏQİQƏT