|
Mayın 1-də Tiflis (Gürcüstan) Dövlət Konservatoriyasında “Qafqaz-Caz” beynəlxalq festivalının açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ABŞ-ın Gürcüstandakı səfirliyinin mədəniyyət üzrə koordinatoru Qiqi Quledani bildirib ki, beynəlxalq festival ABŞ-ın Gürcüstandakı səfirliyinin dəstəyi ilə baş tutub. Onun sözlərinə görə, festivalda Gürcüstan, Azərbaycan və Ermənistanın caz qrupları iştirak edir: “Azərbaycandan iki caz qrupu gəlib. Festivalın ilk günü Tiflis Dövlət Konservatoriyasının böyük səhnəsində hər üç ölkənin milli caz ustaları öz proqramları ilə çıxış ediblər.
Beynəlxalq festivalda Azərbaycanı caz ustalarından əməkdar artist, cazmen Rain Sultanov və gənc pianoçu İsfar Sarabski təmsil edirlər. Onların ifaları tamaşaçıların çox xoşuna gəlib. Mayın 2-də 4 birləşmiş qruplar yaradılıb. Onlar özlərinin müəyyən proqramlarını təşkil edəcək, mayın 3-dən məşqlər aparacaq və festivalın axırıncı günü Tiflis filarmoniyasında konsert proqramları ilə çıxış edəcəklər.” Qeyd edək ki, Tiflisdə başlayan beynəlxalq festival mayın 8-də başa çatacaq.
|