Aprelin 28-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Şuradan verilən məlumata görə, iclasda cari məsələlər, teleradio məkanındakı mövcud vəziyyət və ANS televiziyası ilə bağlı məsələ müzakirə olunub. İclasın yekununda ANS televiziyasında aprelin 18-də saat 22.45 dəqiqədə yayımlanan ”Ağlasığmaz həqiqətlər” verilişinə görə kanala xəbərdarlıq edilib. Sözügedən verilişin MTRŞ-nın “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotika və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ının 2.7 və 2.8-ci maddələrini pozduğu bildirilir.
Qeyd edək ki, “Ağlasığmaz həqiqətlər” verilişi artıq iki dəfə efirə verilib. Veriliş ilk dəfə ötən ilin dekabrında yayımlanıb, aprelin 18-i saat 22.45-də isə təkrar efirə gedib. İnsan və heyvan arasında münasibətlərə həsr olunmuş qeyri-etik xarakterli, biabırçı səhnələrin yer aldığı verilişdə MTRŞ-nın Xüsusi Qaydalarının pozularaq, qeyri-ənənəvi seksual münasibətlərin əks olunduğu bildirilir.
|