|
Türkiyədə müxalif deputat bayraq gərginliyi ilə əlaqədar DİN-ə sorğu göndərib
Türkiyədə müxalifətçi Cumhuriyyət Xalq Partiyasından olan (CHP) millət vəkili Abdullah Özer oktyabrın 14-də Türkiyə-Ermənistan futbol qarşılaşması zamanı Azərbaycan bayraqlarının zibil qutusuna atılması ilə əlaqədar işdən çıxarılan polislər barədə sorğu verib. CHP-nin Bursa millət vəkili sorğuda daxili işlər naziri Bəşir Atalaya cavab verilməsi üçün 6 sual ünvanlayıb:
- Qardaş və dost ölkə Azərbaycan bayrağının 14.10.2009-cu il tarixdə Bursa Atatürk stadionunda polis nəzarət-buraxılış məntəqəsində zibil qutusuna atılmasının məsuliyyəti işdən çıxarılan polislərə aiddir?
- Həmin gün Azərbaycan bayraqlarının toplanılması mexanizmi barədə valiliyin yazlı bir əmri olubmu?
- Bursa polisinin tabe olduğu vali Şəhabəddin Harput bu hadisədə heç bir məsuliyyət daşımırmı?
- Tutduğu vəzifədən uzaqlaşdırılan polislərin şəxsi işlərində hadisə gününə qədər hər hansı bir itaətsizlik qeydə alınıbmı?
- Azərbaycan bayraqlarının Bursada zibil qutusuna atılması ilə əlaqədar olaraq nazirliyiniz tərəfindən vali Şəhabəddin Harput barədə daha ətraflı istintaq başlatmağı fikirləşirsinizmi?
- Yalnız polis məmurunun tutduğu vəzifədən uzaqlaşdırılması ilə Azərbaycan bayraqlarının zibil qutusuna atılması məsələsi ört-basdır edilmiş olacaqmı?
Xatırladaq ki, Bursada Azərbaycan bayrağına edilmiş hörmətsizliklə bağlı üç polis əməkdaşı cəzalandırılıb. Yeri gəlmişkən, Antalyanın Alanya rayonuna bağlı Çıplaklı bələdiyyə Məclisinin AKP-dən olan üzvü Saadettin Özer partiyasından istefa verib. Türkiyənin "Vətən" qəzetinin yaydığı məlumata görə, Saadettin Özer AKP hökumətinin Ermənistanla imzaladığı protokollara və "kürd açılımı"na etiraz olaraq istefa verdiyini bəyanlayıb. O deyib ki, Ermənistanla sərhədlərin açılmasını və diplomatik əlaqələrin qurulmasını nəzərdə tutulan protokolların imzalanması, Azərbaycanla bayraq böhranının yaşanması, PKK terror təşkilatının 34 üzvünün təntənəli şəkildə qarşılanması Türkiyənin bataqlığa sürüklənməkdə olduğunu göstərir: "Osmanlı kimi Türkiyəni də etnik qruplara bölərək parçalamaq istəyirlər". Onu da qeyd edək ki, Türkiyənin xarici işlər naziri Bakıda Şəhidlər Xiyabanında Türkiyə bayrağının yenidən dalğalanması faktını alqışladığını bəyan edib. Türkiyə XİN-in yaydığı bəyanatda deyilir ki, keçmişdə müstəqillik və bayraq uğrunda mübarizədə itkilərlə üzləşən bir millət, iki dövlət kimi, Türkiyə və Azərbaycan bayraq və onun müqəddəsliyini başa düşür: "Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Bakıya səfəri zamanı bir daha qarşılıqlı şəkildə təsdiq edilib ki, Azərbaycan bayrağı Türkiyə üçün, Türkiyə bayrağı isə Azərbaycan üçün yad deyil. Heç şübhəsiz, gələcəkdə Türkiyə və Azərbaycan öz bayraqlarına, türk xalqının iki bayrağına daha diqqətlə yanaşacaq".
Azər NURİYEV
|