|
Diqqət iki əsas məsələyə yönəlib: təhlükəsizlik və status
«Artıq Gürcüstan münaqişələrin həlli ilə bağlı yeni strateji yanaşmaya malikdir». Reinteqrasiya üzə nazir və baş nazirin müavini Temuri Yakobaşvili bu haqda Böyük Britaniyada çıxış edib. Yakobaşvili «Chatham House» Beynəlxalq Araşdırmalar Mərkəzində bu strategiyanın təfərrüatlarını açıqlayıb.
Onun Britaniyanın Xarici İşlər Nazirliyində görüşləri də olub. Yakobaşvilinin sözlərinə görə, yeni strategiya iki əsas məsələyə yönəlib: təhlükəsizlik və status. Reinteqrasiya məsələləri üzrə nazirin fikrincə, Cənubi Osetiyanın işğalı və Rusiyanın hər iki ərazini tanıması onları «dondurulmuş münaqişə”dən beynəlxalq münaqişəyə çevirib. Məsələnin Cenevrədə müzakirə edilməsinə səbəb də elə bu göstərilir. Status məsələsinə gəldikdə isə Gürcüstanın qənaətincə, bütün icmalar buna birgə qərar verməlidirlər. Odur ki, yaxından əməkdaşlıq etmək və adamlar arasında əlaqələri artırmaq Gürcüstanın gördüyü əsas elementdir. Temuri Yakobaşvili vurğulayıb ki, onun hökuməti yeni strategiyanı həm yerli, həm də beynəlxalq qeyri-hökumət təşkilatları, eləcə də didərgin düşmüş insanlarla müzakirə edib. Yekun nəticədə separatçı regionlar üçün daha yaxşı iqtisadi əlaqələri, yüksək keyfiyyətli, azad səhiyyə və təhsil xidmətlərini, eləcə də səyahət sənədləri olmayan fərdlərə yardım edilməsini nəzərdə tutan sənəd qəbul edilib. Məqsəd Gürcüstanı daha cəlbedici edərək əməkdaşlıq üçün maraqlı məkana çevirməkdir. Abxaziya və Cənubi Osetiyada azad informasiya axını və internet əlaqələrini inkişaf etdirmək əsas addımlardan sayılır. Gürcüstan eləcə də bu strategiyanı gerçəkləşdirməkdə beynəlxalq icmaya da müraciət edib. Gürcüstanın xarici aləmə müraciətlərindən biri də nüvə materiallarının separatçı regionlar vasitəsilə daşınmasından narahatlıqla bağlıdır. Bu yaxınlarda prezident Mixail Saakaşvili deyib ki, ölkəsi yüksək səviyyədə zənginləşdirilmiş uran maddəsini daşıyan yük ələ keçirib. O, Rusiyanı nüvə qaçaqmalçılarının regionda fəaliyyətinə imkan yaradan qeyri-sabitliyi yaratmaqda günahlandırıb. Rusiya bu ittihamı rədd edir. Buna baxmayaraq, ABŞ Dövlət Departamentinin sözçüsünə bu məsələ ilə bağlı aprelin 26-da Vaşinqtonda sual verilib. Dövlət Departamentinin rəsmisi Filip Krouli bildirib ki, Gürcüstanın çağırışına cavab veriləcək: «ABŞ Gürcüstana səylərinə görə minnətdardır və bu səbəbdəndir ki, Gürcüstanı Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Krouli Gürcüstanı məsuliyyətli və təhlükəli materiallara qadağa qoymaq imkanına malik olan bir ölkə kimi təsvir edib və bu səylərdə Gürcüstana yardım ediləcəyini vəd verib.
|