|
Cari ilin 10 ayı ərzində xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə məşğul olmağa görə 116 fakt aşkar edilib. Bu faktlar Səhiyyə Nazirliyi, nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi və Vergilər Nazirliyinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı üzə çıxarılıb. Lisenziyasız əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə isə cari ilin son üç ayı ərzində 119 fakt aşkar edilib. Bu barədə qəzetimizə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, araşdırmalar səhiyyə nazirinin 3 may 2007-ci il tarixli "Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrindən buraxılması qaydaları haqqında" əmrinin tələblərini yerinə yetirməyən 22 aptek müəssisəsini müəyyənləşdirib.
Həmin apteklərə qarşı İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə protokollar tərtib edilib. Digər faktlar da rəsmiləşdirilərək Səhiyyə Nazirliyinə göndərilib: "İnzibati Xətalar Məcəlləsinin 64.1-ci, 230.1-ci və 230.2-ci maddələrinə əsasən müvafiq qərarlar qəbul edilərək cərimə sanksiyaları tətbiq olunub".
HƏQİQƏT
|