Protokolların qəbul olunmasında israrlı olan Ermənistan rəhbərliyi sonda geri çəkildi
Nəhayət ki, Türkiyə ilə Ermənistan arasında başıbəlalı «Sürix sövdələşməsi»nə son qoyulmuş oldu. Protokolların qəbul olunmasında israrlı olan Ermənistan rəhbərliyi sonda lobbinin təzyiqləri qarşısında geri çəkildi. Əvvəlcədən də heç kimə sirr deyildi ki, Türkiyə beynəlxalq təzyiq qarşısında bu protokolları imzaladı. Türkiyəni sazişə imza atmağa məcbur edən Amerika bununla Rusiyanı Qafqazdan sıxışdırılıb çıxarmaq məqsədi güdürdü. Bu səbəbdən də sona kimi protokolların Türkiyə parlamenti tərəfindən ratifikasiya olunmasına can atdı. Lakin ermənilər onların arzusunu gözündə qoydu və Cənubi Qafqazda onları forpost gözündə görən rusların sözündən çıxmaq istəmədilər. Bu səbəbdən də protokolları birtərəfli qaydada dondurmaq qərarına gəldi. Beləliklə, ABŞ Qırğızıstandan sonra Ermənistanda da mövqeyini tamamilə itirmək təhlükəsi ilə üz-üzə qalmış oldu.
Qeyd etmək yerinə düşər ki, protokolların imzalanmasının əsas məqsədi heç də Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması deyildi - əsas hədəf Türkiyə, bu ölkə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq idi. Lakin protokol müəlliflərinin bu arzusu da gözündə qaldı. Qardaş Türkiyə ona göstərilən bütün təzyiqlərə ləyaqətlə davam gətirdi və Azərbaycanın milli maraqlarının onun üçün böyük əhəmiyyət kəsb etdiyini əyani şəkildə nümayiş etdirdi. Sübut olundu ki, iki qardaş ölkə arasında münasibətlərin korlanmasına istiqamətlənmiş istənilən cəhd iflasa məhkumdur. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri yüksək səviyyədədir və sarsılmazdır.
Xatırladaq ki, 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzalayıblar. Birinci protokol diplomatik münasibətlərin qurulmasını nəzərdə tuturdu. “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”na gəlincə, bu sənəd qüvvəyə minəndən sonra iki ay ərzində Türkiyə ilə Ermənistan arasındakı dövlət sərhədi açılmalı idi. Ən maraqlısı o idi ki, Ermənistanın özünün də protokollara iradları var idi. Yerevan hesab edirdi ki, protokollarda nəzərdə tutulmuş qondarma erməni soyqırımı iddialarını araşdırmaq üçün hər iki tərəfdən mütəxəssislərdən ibarət birgə komissiyanın yaradılması yolverilməzdir. Ermənistan prezidenti Serj Sarkisyan da dəfələrlə bildirib ki, heç vaxt bu soyqırımı dedikləri hadisəni sual altına alan hərəkətlər edə bilməzlər. Bəs görəsən, Yerevan indiki mərhələdə nədən protokolları dondurmaq qərarına gəlir? Çox güman ki, Sarkisyan bu addımı ilə növbəti dəfə Vaşinqtonun Türkiyəyə təzyiqini artırmasını hədəfləyir. Ağ ev də əvvəlcə İsveçrə protokollarının ratifikasiya edilməsini, Türkiyə-Ermənistan sərhədinin açılmasını, iki ölkə arasında diplomatik münasibətlərinin bərpasını, bundan sonra Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllinə qayıtmasını istəyir. Protokolları dondurma qərarı verən İrəvan Vaşinqtona bu mesajını gücləndirir ki, danışıqların dalana dirənməsinin baiskarı ilkin şərt irəli sürən Ankaradır. Digər tərəfdən, Sarkisyan müxalifətin təzyiqindən qurtulmaq istəyir. Müxalifət son zamanlar Sarkisyanı məhz İsveçrə protokollarına görə dalana dirəmişdi. Sarkisyan zamanında protokollara xeyir-dua verdiyinə görə müttəfiqi Daşnaksütun Partiyasını da itirmişdi. Beləliklə, Ermənistanda siyasi və iqtisadi vəziyyətin ağırlaşması fonunda Sarkisyan müxalifətin hücumundan fasilə əldə etmək imkanı qazandığını düşünür.
Buna baxmayaraq, Yerevanın protokolları dondurması Türkiyəyə əlavə problem yaratmayacaq. Çətin ki, ABŞ prezidenti Barak Obama Ermənistanın məsum duruma düşdüyünü əlində rəhbər tutaraq Ankaranı cəzalandırmaq məqsədilə aprelin 24-dəki yazılı açıqlamasında “soyqırımı” ifadəsi işlətsin. Obama nə qədər erməni lobbisinə verdiyi vədin yerinə yetirilməsi haqqında düşünsə də, ABŞ-ın Avrasiya bölgəsindəki tək inanılmış müttəfiqini incitmək istəməz. Barak Obama uzağı ötən il dediyini təkrarlayacaq.
Yeri gəlmişkən, Ermənistanın birtərəfli qaydada Türkiyə ilə sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan Sürix protokollarından imtina etməsi geniş beynəlxalq əks-səda doğurub. Prezident Serj Sarkisyanın bununla bağlı məlum bəyanatının ardınca rəsmi Ankara da məsələyə münasibət bildirib. Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, ermənilərin protokolların təsdiqi prosesini necə idarə edəcəklərini özləri bilər.
Bəzi yerli analitiklər isə Yerevanın qərarının sürpriz olmadığını bildirirlər. Onların fikrincə, ermənilərin məqsədi 1915-ci il hadisələrinin 100-cü ildönümünü qeyd edəcəkləri 2015-ci ilə qədər Ankaraya qarşı soyqırımı ittihamları kampaniyasını daha da gücləndirməkdir.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Filip Krouli Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə-Ermənistan protokollarının ratifikasiyasının dondurulması barədə qərarından təəccüblənmədiklərini bildirib. O, gündəlik mətbuat konfransında Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindəki son vəziyyətə belə münasibət bildirib: “Tərəflərdən heç birinin prosesi tərk etməməsi bizi cəsarətləndirir. Amma hamımız bunun fərqindəyik ki, prosesdə irəliləyişə nail olmaq üçün bir az zamana ehtiyacımız olacaq. Ermənilər bizə bunu etməyə hazırlaşdıqlarının ip ucunu vermişdilər. Dolayısı ilə açıqlamaya təəccüblənmədik. Serj Sarkisyanın açıqlaması Ermənistanın prosesi başa çatdırmadığını, amma Türkiyə tərəfinin irəliləməyə hazır olana qədər dondurulduğunu bildirir. Serj Sarkisyanın sülh, sabitlik və uzlaşma istiqamətində çalışmaya davam etmək qərarını təqdir edirik. Normallaşma prosesinin Türkiyə və Ermənistan üçün olduğu qədər Qafqaz bölgəsi üçün də fayda verəcəyinə inanırıq”. Filip Krouli bildirib ki, ABŞ tərəfləri normallaşma istiqamətində səylərin davam etdirilməsi üçün qapıları açıq saxlamağa çağırır.
Filip Krouli onu da deyib ki, son vaxtlar Birləşmiş Ştatlar tərəflərlə aktiv danışıqlar aparır: “Vaşinqtonda ermənilər və türklərlə danışıqlarımız olur. Azərbaycanla da davam edən təmaslarımız var. Hər iki tərəfin protokolların ratifikasiyası prosesində "çıxılmaz" deyə bilməyəcəyim, amma bəzi maneələrlə üzləşdiyini anlayırıq”.
ABŞ-ın Türkiyədəki səfiri Ceyms Cefrinin Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə ilə imzalanmış protokolların ratifikasiya prosesinin dayandırılması barədə qərarına münasibəti isə qısa olub: “Bu, Türkiyə ilə Ermənistan arasındakı məsələdir. Amma ümid edirik ki, normallaşma prosesi davam edəcək”.
Azər NURİYEV