|
Bu ixtisasda təhsil alan tələbələr tədrisdən narazılıq edirlər
Bu gün Azərbaycanda 160-a yaxın prodakşn və kino istehsalı ilə məşğul olan bir neçə kinostudiya var. Amma yenə də digər ölkələrlə müqayisədə Azərbaycan kinosu geridə qalır. Başqa ölkələrdə hər il 100-dən çox film çəkildiyi halda Azərbaycanda 5-6 film belə ərsəyə gətirilmir. Eyni zamanda, bu filmlər də ehtiyacı tam ödəyib, tamaşaçı zövqünü oxşaya bilmir. Müasir kinomuzun dünya miqyasına çıxa bilməməsinin səbəblərini araşdırdıqca problemlərin çoxluğu qənaətinə gəldik. Bu problemlərin sırasında əsas diqqət çəkənlərdən biri də filmin əsasını təşkil edən ssenarilərin primitivliyi və peşəkar ssenarist qıtlığıdır. Keçmiş sovet dönəmlərində bütün respublikalar üzrə, o cümlədən bizim respublikamız da daxil olmaqla bədii kinoların ssenariləri Moskvada təsdiq olunurdu.
Moskvada təsdiq olunduğu üçün də ssenaridə mütləq rus ab-havası, rus obrazı olurdu. Sovet dönəminin hansı filminə baxırıqsa baxaq, bunun şahidi oluruq. Ən bariz nümunə "Bəxtiyar" filmidir. Filmdə baş rol ifaçısı rus qızı, oğlan isə azərbaycanlı neftçi Rəşid Behbudovdur. Bundan irəli gələrək də respublikaların heç birində xususi olaraq ssenarist hazırlamırdılar. Ssenarist olmaq niyyətində olanlar mütləq idi ki, Moskvada ən azı ssenaristlik kursunda oxusunlar. Ancaq illər keçdikcə, bütün ölkələrdə, o cümlədən Azərbaycanda da - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" (ssenarist, dramaturq) ixtisası tədris olunmağa başladı. Artıq hər il universiteti 20-yə yaxın ssenarist bitirir. Amma yenə də kino sahəmizdə ssenarist çatışmazlığı ilə qarşılaşırıq. Çəkilən filmlərin ssenarilərinin müəlliflərinin də sırf ssenarist deyil, başqa bir ixtisas sahibi olduğunu görürük. Bu, ssenaristlərin qeyri-peşəkar olmasından, öz ixtisaslarına tam yiyələnməməsindən irəli gəlir, yoxsa şəraitsizlikdən? Bizi maraqlandıran bu mövzuya aydınlıq gətirmək üçün suallarımızı ADMİU-nun baş müəllimi, reyissor Ədalət Ziyadxanova ünvanladıq. - Bugünkü Azərbaycan ssenaristləri haqqında nə deyə bilərsiniz? - Dünyada belə qəbul olunub ki, ssenarilər milli xarakter daşımalıdır və ssenarini milləti tanıyan, adət-ənənələrinə, tarixinə bələd olan şəxslər yazmalıdır. Fəaliyyətlərini uğurla başa vuran Azərbaycan ssenaristlərini nəzərdə tuturuqsa, onların əksəriyyəti Moskvada təhsil alıb, təhsili orda görən insanlardır ki, ssenarini yaza bilirlər. Ssenari yazmaq elmdir. Hər yazıçı ssenari yaza bilməz. Bunun üçün doğrudan da vərdiş, təhsil, təcrübə lazımdır. - Tələbələrin sırf ssenarist kimi fəaliyyət göstərməməsi sizcə onların ixtisaslarını peşəkarcasına bilməməsindən irəli gəlir, ya onlar üçün şəraitin yaradılmamasından qaynaqlanır? - Biz çalışırıq ki, öz milli zənnimizdə olan ssenaristləri meydana gətirək. Təkcə ssenarist deyil, adından məlum olduğu kimi, müxbir, yurnalist, dramaturq... Mənim son müşahidələrimə görə, əminliklə deyə bilərəm ki, son bir neçə ildə bizim fakultəni bitirən tələbələr arasında doğrudan da gələcəklərinə, fəaliyyətlərinə ümid bəslənəsi savadlı, istedadlı kadrlar yetişir. Ən vacib tezis ondan ibarətdir ki, ilk addımdan tələbə yaratdığı məhsulun əmtəə olduğunu dərk etsin, yəni çap olunmalı, istehsalata getməlidir və biz də buna çalışırıq. Sevindirici haldır ki, bizim tələbələr müxtəlif telekanallarda, qəzet və yurnallarda müxbirlik edirlər. İnşallah zaman ötdükcə inanırıq ki, tələbələrimzin o sahədə də uğurları ürəkaçan olacaq. Axı bu ixtisas son 10 illikdə universitetimizdə tədris olunur. Kiçik zamanda mənim diplomçularım və tələbələrim dünya ssenari forumunda yüksək yerlər tutub, öz istedadları ilə ictimaiyyətdə tanınıblar. İnanıram ki, uğurların sayı ildən-ilə artacaq. - Reyissor olduğunuz halda ssenarist tələbələrə dərs deyirsiniz. Bu istək nədən irəli gəlir? - Mən uzun müddət Moskvada təhsil alarkən dramaturgiyaya vurğun olmuşam. Bu ixtisas da kafedrada açıldıqda məni dəvət etdilər. Mən də düşündüm ki, hər bir dramaturq daxildə reyissora göstəriş verən, yeni teatr, kino variantını öz əsərində yarada biləcək şəxsdir. Və bu mənada düşünürəm ki, ssenari yaradıcılığına mən çox şey gətirə bilərəm. Bu da zənnimcə alındı. Təsadüfi deyil ki, keçən il "Qala" prodakşn tərəfindən mən "Nümunəvi müəllim" diplomu ilə təltif olundum. Çünki mənim diplomçum Nigar və bir neçə tələbəm-Alina, Səbinə ölkə daxilində və xaricdə ssenarist kimi uğurlar qazanmışlar. Tək onlar deyil, bu siyahını daha da uzatmaq olar. Bəs tələbələr aldıqları təhsil barədə nə düşünürlər? ADMİU-nun Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasının 4-cu kurs tələbələrinə bu qəbildən olan sualları ünvaladıq: Niyə məhz bu ixtisası seçmisiniz? Universitetdə bu ixtisas necə tədris olunur? Sizi nələr qane etmir? Azərbaycan kinosunun səviyyəsi haqda nə düşünürsünüz? Könül Nəcəfova: - Düzdür, məndən ixtisasımın nə olduğunu soruşanda ssenarist deyirəm. Amma açığı, bu sənəti özüm seçməmişəm. ADMİU-nun ssenarist ixtisasını mən yurnalist olmaq istəyimlə əlaqələndirmişəm. Sırf ssenarist olmaq niyyətim heç vaxt olmayıb. Əvvəl bir qədər peşmançılıq çəkdim. Bu, Azərbaycanda uğur gətirəcək bir sənət deyil deyə düşünürdüm. Amma universitetdə bir müddət oxuduqdan sonra nə yaxşı ki, bu ixtisası seçmişəm deyə hətta sevindim də. Düzdür, hələ elə bir ssenari yazmamışam. Amma nə vaxtsa yazmağı düşünürəm, əvvəlkindən fərqli olaraq. Çünki bu gün Azərbaycanda həqiqətən güclü ssenaristə, yaxşı ssenariyə sözün əsl mənasında ehtiyac var. Hamı yalnız Azərbaycanda kino yoxdur, nə bilim Azərbaycanda ssenarist yoxdur, o yoxdur, bu yoxdur deməyi bacarır. Amma məncə, Azərbaycanın çox gözəl kinosu da var, professional ssenaristləri də. Azərbaycan belə istedadlı şəxslər cəhətdən qıtlıq çəkmiş ola bilər, çünki onlar azdırlar. Amma bu, onlar yoxdur demək deyil. Yaxşı ssenaristimiz də var, reyissorumuz da. Sadəcə, onlara kömək edən, maddi-mənəvi dəstək duran şəxslər yoxdur. İndi kino çəkənlərin məqsədi Azərbaycan kinosuna yaxşı bir ekran əsəri vermək deyil. Sadəcə, mən də bir kino çəkdim deyə bilməkdir. Ad olsun ki, bu da kino çəkib. Bir də ayrılan sərmayənin 90%-ni mənimsəmək. Lakin neqativ düşüncələrim də var bu mövzuda. ADMİU-dakı ssenarist kadrların yetişdirmə metodundan razı deyiləm. Nə qənaətbəxş hesab olunacaq bir tədris aparılır, nə də təcrübə... Zənnimcə, Azərbaycanda ssenarist adı altında yetişən gənc nəslin 99%-i həm praktiki, həm nəzəri bilik cəhətdən korluq çəkir. Günay Cəfərova: - Əvvəlcə tələbələrin bu fakultəyə gəlişindən söhbət açmaq istərdim. Əksər tələbələr bu ixtisasın mahiyyətini anlamadan daxil olurlar. Sonra təbii ki, ortaya başlıca olaraq istedad problemi çıxır. Məncə, ssenaristlər dedikdə kəmiyyətə deyil, keyfiyyətə baxmalıyıq. Azad yaradıcılıqla məşğul olan şəxsə - ssenaristə başlıca olaraq təcrübə, gəzmək, görmək, hərtərəfli məlumatlanmaq lazımdır. Lakin bu imkan ssenarist tələbələr üçün yaradılmır. Dünyada hər il yüzlərlə keyfiyyətli filmin ərsəyə gəlməsini kino mütəxəssisləri qoyulan sərmayə ilə, yardımçı sponsorlarla əlaqələndirirlər. Ancaq məncə, bu, səbəb deyil, bəhanədir. Yalnız bəhanə... Yaxşı işin ortaya çıxması üçün reyissor, ssenarist, operatordan başlayaraq, ən sadə işçiyə qədər, ümumi iş naminə heç kəs öz zəhmətini əsirgəməməlidir. Kino sahəsində isə təəssüflər olsun ki, sərmayə ayrılsa da, mədəniyyət naminə deyil, "cib" naminə fəaliyyət göstərirlər. Ancaq təbii ki, bunu hər kəsin adına yazmaq haqsızlıq olardi, lakin istisnalar da mövcuddur. Ona görə də bu gün vəziyyət acınacaqlıdır. Yeganə Həsənova: - Bu gün ssenaristlik sahəsində irəliləyişlər çox azdır. Mən deyərdim bəlkə də yox dərəcəsindədir. Çünki bu sahəyə ayrılan vəsaitlər, şərait, yaradıcı heyət çox zəifdir. Dünya festivallarına çıxa biləcək səviyyəli filmlərimizi barmaq hesabı ilə saymaq olar. O da ki, filmlərini, yaradıcı heyətlərini araşdırdıqda yenə görürsən ki, xarici peşəkarların və yaxud yaşlı nəsil nümayəndələrinin hesabına olur. Buna görə də çalışmaq lazımdır ki, Azərbaycanda ssenari sahəsinə daha çox diqqət yetirilsin. Ssenarist tələbələrə ayrılan dərs vaxtları səmərəli, ciddi qaydada keçirilsin. Tələbələrlə bu peşəni dərindən bilən müəllimlər məşğul olsun. Xüsusi dərs vəsaitləri ayrılsın. Ssenariyə aid praktik məşğuliyyətlər inkişaf etdirilsin, yəni ki, tələbələr daha çox praktikaa göndərilsin. Sorğumuzdan da məlum olduğu kimi, tələbələr təhsilin səviyyəsindən və Azərbaycan kinosunun vəziyyətindən tam razı deyil. Yenə də ümid edirik ki, gənc ssenaristlərimiz üçün tam şərait yaradılacaq və Azərbaycan kinosu da ən yüksək zirvəsinə çatacaq.
Könül MAYILOVA
|