|
Yarış bir nəfərin ölümünə səbəb olub
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gədəbəy rayonunda 14 yaşlı yeniyetməni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında rayon sakini Rəhman Namazov cavab verir. İttihama görə, 1995-ci il təvəllüdlü Ramin Allahverdiyevin valideynləri bir ay əvvəl onun itkin düşməsi barədə polisə məlumat verib. Uzun müddət həyata keçirilən axtarış tədbirlərinə baxmayaraq, R.Allahverdiyevi tapmaq mümkün olmayıb.
Gədəbəy rayon Prokurorluğunun əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində 14 yaşlı Raminin qətlə yetirildiyi məlum olub. İstintaq müəyyən edib ki, o, qonşusu 1985-ci il təvəllüdlü R.Namazov tərəfindən qətlə yetirilib. R.Namazov cinayət əməlini gizlətmək məqsədi ilə yeniyetmənin meyitini hissələrə bölərək dağlıq ərazidə torpağa basdırıb. Araşdırmalar zamanı məlum olub ki, qonşuların arasında it üstündə dava düşüb. R.Namazov və R.Allahverdiyevin itlərinin boğuşması hər iki şəxsin mübahisə etməsinə səbəb olub. Mübahisə isə R.Allahverdiyevin itinin R.Namazovun itinə qalib gəlməsi üstündə düşüb. Bundan təsirlənən R.Namzov özündə olan bıçaqla R.Allahverdiyevə bir neçə bıçaq zərbəsi endirib. Daha sonra törətdiyi cinayəti gizlətmək məqsədi ilə R.Allahverdiyevi bir neçə hissəyə bölüb və dağların arasında basdırıb. Məhkəmə prosesi zərərçəkən və şahid ifadələri ilə davam etdirilir.
|